Qusarda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
YAP Qusar rayon təşkilatı qadınlar şurası tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan rayon təşkilatı qadınlar şurasının sədri Kəmalə Qlıçova Azərbaycan qadınının ölkənin ictimai-siyasi həyatında oynadığı rola nəzər salıb. Qeyd edib ki, humanizm, insanpərvərlik, ləyaqət, zəriflik kimi dəyərləri ilə səciyyələnən Azərbaycan qadını cəmiyyətimizin inkişafında əvəzsiz rola malikdir. Azərbaycanın bütün fəaliyyət sahələrində qadınların yüksək mövqe tutduqlarını söyləyən K.Qlıçova bu zərif məxluqların aparıcı mövqeyə malik olduğunu və bugünkü uğurlarımızın qazanılmasında onların da böyük əməyi olduğunu bildirib:"Azərbaycan müstəqillik qazandıqdan sonra Ümummilli Lider Heydər Əliyevin qadın siyasəti daha geniş məkanda onların fəaliyyətinə zəmin yaratdı. Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması dövlət qadın siyasətinin həyata keçirilməsində əsaslı rol oynadı. Azərbaycanda gender bərabərliyi yüksək səviyyədə təmin olundu. Bu gün Azərbaycan Prezidenti Cənab İlham Əliyev Azərbaycan qadınının müxtəlif sahələrdə irəli çəkilməsi və ictimai-siyasi həyatda fəal iştirakı istiqamətində Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla həyata keçirir".
O, qeyd edib ki, ölkəmizdə qadınlara göstərilən dövlət qayğısının nəticəsidir ki, rayon təşkilatının 5418 üzvündən 2328 nəfəri qadındır. Rayonda qadınlar yüksək dövlət vəzifələrinə irəli çəkilir, onların ictimai-siyası həyatdakı fəaliyyəti artırılır, qadınların sağlamlığı və ailə şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür.
Sonra dəyirmi masada rayon icra hakimiyyəti başçısının müavini Zoya Eldarova çıxış edərək, iradəsi və mərdliyi, saflığı və sədaqətilə cəmiyyətimizin həyatında mühüm rola malik olan Azərbaycan qadınının fəaliyyətini çoxşaxəli olduğunu bildirib və onlara uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurovmanova, Qusar bələdiyyəsinin sədr müavini Zalikə Qayıbxanova, Qusar rayon Mərkəzi Xəstəxana Poliklinikasının şöbə müdiri Aybəniz Həsənova, Qusar şəhər 4 saylı orta məktəbinin direktoru Elmira Bayramova Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət qadın siyasətindən danışaraq, cəmiyyətdə qadınların artan rolunu diqqətə çəkiblər. Qeyd olunub ki, istər elm və mədəniyyət, istərsə də səhiyyə ocaqlarında vəzifələrinin öhdəsindən uğurla gələn qadınlarımıza dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilir.
Nəzakət ƏLƏDDİNQIZI