YAP İsmayıllı rayon təşkilatı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllim və tələbə kollektivi ilə birgə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova qeyd edib ki, tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı və parlaq səhifəsi məhz qadınların adı ilə bağlı olmuşdur:"Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. Dövlət quruculuğunda onun yüksək ehtirama layiq mövqeyi bu gün qeyd edilən bayramı Ulu Öndər Heydər Əliyevin müstəqillik ideyası ətrafında sıx birləşən xalqımızın və cəmiyyətimizin bayramına çevrilib. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu zaman - zaman təsdiq etmişdir. Müasir Azərbaycan qadını da öz soy-kökünə, xalqının mənəvi dəyərlərinə, adətlərinə sadiq, nəsillərin varisliyini təmin edən, tarixi ənənələri qoruyan, onu daha da zənginləşdirərək sabaha ötürmək iqtidarında olan bir insandır".
Natiq qeyd edib ki, ölkəmizdə dövlət-qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin dövlət-qadın siyasəti Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzunu vurğulayan Ə.Vahabova bildirib ki, qadınların ictimai-siyasi həyatdakı fəallığı ilbəil artır: "Azərbaycan qadını ölkəmizi bütün dünyada ləyaqətlə təmsil edir, mötəbər kürsülərdən çıxış edir. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Qərb dünyası Mehriban xanım Əliyevanın timsalında Şərqin ağıllı, müdrik, peşəkar bir siyasətçisinin obrazını görür. Azərbaycan qadınları isə alicənablıq, nəciblik, humanistlik nümunəsi, xoş məramlar, xoş niyyətlər carçısı olan liderlərinin simasında öz bayraqdarlarını görürlər. Azərbaycanın Birinci xanımının hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Fərəhləndirici haldır ki, Azərbaycan gəncliyinin layiqli nümayəndəsi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da Azərbaycanın tanıdılması, Qarabağ həqiqətləri haqqında gerçəyin dünyaya çatdırılması istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərir. Onun təşəbbüsü ilə keçirilən tədbirlər həm də Azərbaycan gənclərinin potensialından xəbər verir". Çıxışının sonunda natiq tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib.
Tədbirdə çıxış edən İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktor əvəzi Sevda Qasımova qeyd edib ki, gözəl ana kimi gənclərimizin vətənə və torpağa bağlılıq, müstəqil dövlətçiliyimizə, istiqlal ideallarına və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda formalaşmaları üçün bütün qüvvələrini sərf edən qadınlar, həm də maarifpərvər qadın ziyalılarımızın yolunu ləyaqətlə davam etdirərək, mədəniyyət, elm, təhsil, səhiyyə və digər istiqamətlərdə istedad və bacarıqlarını daha böyük əzmlə gerçəkləşdirirlər.
Kollecin əyani şöbəsinin müdiri Azad Şahalıyev, tələbə- gənclər təşkilatının sədri Rahid Rəcəbli və başqaları çıxışlarında qadınlarımızın ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında oynadığı roldan, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi naminə gördüyü işlərdən danışıb. Bildirilib ki, bu gün Azərbaycan qadını ölkə reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında öz fəaliyyəti ilə heç də kişlərdən geri qalmırlar.Ölkəmizdə həyata keçirilən dövlət-qadın siyasəti qadınların bilik və bacarığından, onların liderlik keyfiyyətlərindən lazımınca istifadəsinə öz töhfələrini verməkdədir.
Tədbirdə kollecin tələbələrinin ifasında qadınlara həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
ZÜMRÜD