PDF Oxu

Siyasət

  • 21

Regionların sosial-iqtisadi inkişafı dövlətin inkişafıdır

Regionların sosial-iqtisadi inkişafı dövlətin inkişafıdır

İlham Əliyev: "Azərbaycan son 11 il ərzində dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən ölkədir"

Müasir dövrümüzdə iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi və əhalinin sosial həyat səviyyəsinin yüksəldilməsi dövlətimizin qarşısında vacib vəzifə kimi durur. Bu baxımdan, bilavasitə, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə regionların davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi ilə bağlı hazırlanan və müvəffəqiyyətlə həyata keçirilən dövlət proqramları olduqca təqdirəlayiqdir.

Qeyd etmək yerinə düşər ki, regionların inkişafını özündə ehtiva edən bu proqramların vaxtında və yüksək səviyyədə icra olunması Azərbaycanın ümumi iqtisadi gücünü artırmaqla yanaşı, istehsal müəssisələrinin fəaliyyətinin bərpasına, yeni istehsal müəssisələrinin yaradılmasına, yerli resurslardan istifadənin səmərəsinin artırılmasına, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasına, aqrar sektorda islahatların ikinci mərhələsinin sürətləndirilməsinə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzlərinin yaradılmasına yol açıb. Bütün bununla yanaşı, dövlətin inkişafı və zənginləşməsi son nəticədə vətəndaşların yaxşı yaşamasına, onların sosial tərəqqisinə səbəb olur.

Rəqəmlər uğurlu inkişafın real nəticəsidir

Təbii ki, görülən işlər əhalinin rifahına xidmət edir. Xalqımız Prezident İlham Əliyevin Azərbaycanın inkişafı naminə gördüyü işləri birmənalı şəkildə dəstəkləyir. İnsanlar inanırlar ki, dövlət başçısının siyasəti ölkəmizi daha güclü, daha qüdrətli, daha firəvan edəcək.

Prezident İlham Əliyevin iştirakilə "Azərbaycan Respublikası regionlarının sosial-inkişafı (2013-2018-ci illər) Dövlət Proqramı"nın birinci ilinin yekunlarına həsr olunmuş konfransda əldə olunmuş nəticələr bunu deməyə əsas verir. Dövlət başçısı ölkədə inflyasiyanın çox aşağı olduğunu bildirərək vurğulamışdı ki, bu, əhalinin rifah halının yaxşılaşmasına müsbət təsir göstərir: "İnflyasiya çox aşağı səviyyədə olmuşdur - 1,4 faiz. Bu, da çox gözəl göstəricidir. Əhalinin pul gəlirləri isə 4,8 faiz artmışdır. Əhalinin pul gəlirləri inflyasiyanı üç dəfədən çox üstələmişdir. Deyə bilərəm ki, son illər ərzində bu mənzərə müşahidə olunur - əhalinin pul gəlirləri inflyasiyanı bir neçə dəfə qabaqlayır. Bu da insanların rifah halının yaxşılaşmasına müsbət təsir göstərir".

Müşavirədə dövlət başçısı onu da bildirmişdir ki, ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulmuşdur: "Onlardan 16 milyardı daxili sərmayədir. Bu da çox sevindirici haldır. Son illər ərzində daxili sərmayələr qoyulan investisiyaların həcmində üstünlük təşkil edir. Eyni zamanda, qoyulan 11 milyard dollar xarici sərmayə göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi qalır. İndiki şəraitdə, dünyada və bölgədə müşahidə olunan çox ağır vəziyyəti nəzərə alaraq 11 milyard dollar xarici investisiyaları cəlb etmək böyük uğurumuzdur". Əlbəttə ki, bu uğurun təməlində ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasəti dayanır. Dövlət başçısı çıxışı zamanı investorların Azərbaycanın sabitliyinə, gələcəyinə böyük inamlarının olduğunu da vurğulayıb: "Əgər bu siyasət, investorların Azərbaycanın sabitliyinə, gələcəyinə inamı olmasaydı, heç kim Azərbaycana vəsait qoymazdı. 27 milyard dollar həcmində investisiya qoyuluşu və bunun müqabilində 1,4 faizlik inflyasiya Azərbaycanın uğurlu inkişafının ən gözəl göstəricisidir. Çünki həm pensiyalar, maaşlar, həm də əhalinin pul gəlirləri artmışdır, böyük həcmdə investisiya qoyulmuşdur, inflyasiya isə ən aşağı səviyyədədir... Bir sözlə, 2014-cü ildə əsas iqtisadi göstəricilərimiz çox müsbətdir, deyə bilərəm ki, bəlkə dünya miqyasında ən gözəl göstəricilərdir. Azərbaycan son 11 il ərzində dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən ölkədir. Bunu əhali, xalqımız görür, gözəlləşən ölkəmiz bunun bariz sübutudur. Eyni zamanda, bunu mötəbər beynəlxalq iqtisadi qurumlar qeyd edirlər. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, 2014-cü ildə Azərbaycan iqtisadiyyatı dünyada rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görülmüşdür. Yəni biz dünyanın ən rəqabətli 40 iqtisadiyyatı arasındayıq. Bu, tarixi nailiyyətdir".

Güclü iqtisadiyyat, düşünülmüş siyasət

Əlbəttə, güclü iqtisadiyyat, düşünülmüş siyasət imkan verir ki, sosial sahəyə də diqqət göstərilsin. Dövlət başçısı İlham Əliyev ötən müşavirədəki çıxışında da bunu bir daha vurğulamışdır: "Bu sahə Azərbaycanda daim prioritetdir, bu il də prioritet olaraq qalacaq. Sosial obyektlərin inşası uğurla təmin edilmişdir, 60-dan çox tibb mərkəzi, 50-dən artıq məktəb tikilib istifadəyə verilmişdir. Əməkhaqqı, pensiya artmışdır. Azərbaycanda orta aylıq əməkhaqqı artıq 600 dollara yaxınlaşır. Biz çalışacağıq ki, bu templər ildən-ilə daha sürətlə təmin edilsin. 400 min insana ünvanlı sosial yardım verilir, 90 mindən çox ailə dövlətdən ünvanlı sosial yardım alır. Dövlət tərəfindən hər ailəyə orta hesabla 155 manat, yəni 200 dollara yaxın vəsait verilir".

Onu da vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2015-ci il ölkəmizdə "Kənd təsərrüfatı ili" elan edildi. Sərəncamda da vurğulandığı kimi, ölkədə həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılıb. Aqrar sektorda əsaslı dəyişikliklər baş vermiş, yeni iqtisadi və mülikiyyət münasibətləri formalaşmış, normativ-hüquqi baza təkmilləşdirilmişdir. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir. Kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədilə imzalanan Sərəncam qarşıya qoyulan məqsədlərə çatmaq üçün mexanizm rolunu oynayır.

Bütün bunlar onu göstərir ki, ölkəmizin iqtisadi inkişafı artıq yeni keyfiyyət mərhələsinə daxil olub. Yeni mərhələnin əsas hədəfi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər