"Ümumiyyətlə "Human Rights Watch" və digər bu kimi təşkilatlar anti-Azərbaycan qüvvələrinin, ermənipərəst dairələrin və ermənilərin əlində bir alətdirlər". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə "Human Rights Watch" təşkilatının bu il Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarını boykot etməsinə münasibət bildirərkən deyib.YAP Siyasi Şurasının üzvünün sözlərinə görə, bu kimi təşkilatların qərarlarına, hər hansı bir məsələyə münasibətlərinə belə heç bir reaksiya vermək lazım deyil: "Axı onlar kimdir ki, durub hansısa bir beynəlxalq tədbirlə bağlı boykot fikrini bildirsin? Təbii ki, bütün bunlar "Human Rights Watch" və onun kimi digər təşkilatların daxili xislətindən irəli gələn, hansı əməl, mövqe sahibi olmasından xəbər verən nüanslardır. Bu mənada onlar daimi Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdiriblər və ölkəmizlə bağlı mənfi münasibət sərgiləyiblər".V. Rəhimzadə bildirib ki, Azərbaycanda görülən işlər, həyata keçirilən siyasət dünyanın bir çox beynəlxalq təşkilatları və bütün ölkələr tərəfindən təqdirəlayiq bir hal kimi qiymətləndirilir: "Human Rights Watch" kimi qısqanc, bəd və Azərbaycan qarşı daima aqressiv, mənfi münasibətdə olan təşkilat heç vaxt obyektiv mövqe nümayiş etdirməyib. Bu, yalnız onların subyektiv münasibətləridir. Biz Bakıda keçirilən "Avroviziya" mahnı müsabiqəsində də bir çox təşkilatlar tərəfindən Azərbaycanla bağlı qısqanc münasibətlərin ortaya qoyulmasının şahidi olduq. Ümumilikdə Azərbaycanın ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlər ən yüksək səviyyədə keçirilib. Heç şübhəsiz ki, bu il Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları da çox yüksək səviyyədə uğurla başa çatacaq. Beləcə həmin bədxah insanların arzuları elə ürəyindəcə qalacaq".Baş redaktor sonda onu da əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə keçiriləcək bütün beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil olunması ilə bağlı kifayət qədər lazımi qərarlar verib: "Hesab edirəm ki, bu uğurlar, görülən işlər dünyanın aparıcı ölkələri, beynəlxalq təşkilatları tərəfindən yüksək dəyərləndirilir".
sia.az