Bu çağırış Azərbaycanın artan nüfuzuna kölgə salmaq məqsədi güdür
Son illər Azərbaycanın beynəlxalq və regional nüfuzunun artması, iqtisadi inkişafının davamlı tempi onun geostrateji mövqeyinin möhkəmlənməsinə, nüfuzlu və imicli dövlət statusu qazanmasına gətirib çıxarıb. Ölkəmiz artıq dünya və Avropa miqyaslı müsabiqələrə, çempionatlara və digər tədbirlərə ev sahibliyi etməklə yanaşı, bu kimi əhəmiyyətli layihələrin yüksək səviyyədə keçirilməsində analoq mənbəyinə çevrilib. Dünyanın əksər ölkələri, nüfuzlu qurumları Azərbaycanın inkişafını, ikitərəfli, çoxtərəfli münasibətlərdə uğurlarını gördükləri halda, bəzi "insan hüquqları" təşkilatları qərəzli, ədalətsiz, beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi güdən mövqe ortaya qoymaqdadır. Belə ki, bu günlərdə "Human Rights Watch" Azərbaycandakı bəzi "mənbələri" vasitəsilə aldıqları qərəzli, birtərəfli, yalan və saxtalaşdırılan məlumatlar əsasında ölkəmizdə keçiriləcək I Avropa Oyunlarını boykot etməklə bağlı çağırışlar edib. Bu cür mötəbər idman yarışına kölgə salmaq məqsədilə beynəlxalq əhəmiyyətli tədbirə və ona ev sahibliyi edən Azərbaycana yönəldilmiş mənfi mövqe sərgiləyib. Qısa bir zamanda gənc dövlətin belə bir nüfuzlu oyunları təşkil etməsi, sosial-iqtisadi infrastrukturu qurması, nizamlı və ardıcıl fəaliyyət sərgiləməsi, bu kimi "təşkilatları" gözləmədikləri durumla üz-üzə qoyub. Bu baxımdan onların boykot çağırışı yalnız və yalnız dövlətimizin artan və regional təsirə çevrilən nüfuzuna zərbə vurmaq və ona təzyiq və təsir etmək məqsədi güdür. Azərbaycanın, siyasi, iqtisadi və mədəni-humanitar sahələrdəki uğurları artdıqca, belə qərəzli mövqeylərin də çoxalması gözləniləndir. Məsələ ilə bağlı münasibətini öyrəndiyimiz ekspertlər bu təşkilatın Azərbaycana qarşı dəyişməz qərəzli mövqedə durmasını təşkilatın rəhbərliyində ermənilərin təmsil olunması ilə əlaqələndirdilər.
Millət vəkili Musa Quliyev: "Bundan da özlərinə uyğun şəkildə istifadə etməyə çalışırlar"
- Ümumiyyətlə bu kimi beynəlxalq təşkilatların Azərbaycana qarşı heç vaxt müsbət ədalətli mövqeyi olmayıb. Sözügedən təşkilatın əsas məqsədi sürətlə inkişaf etməkdə olan və dünya ölkələri arasında özünə daha nüfuzlu yer tutmağa layiq ölkələri həmişə müəyyən qarayaxmalarla, təhdidlərlə, böhtanlarla nüfuzdan salmaqdır. Təşkilatın arxivinə nəzər salsaq onun Azərbaycanla bağlı heç bir müsbət fikrinin olmadığının şahidi olarıq. İndiki məqamda da onların əllərinə yeni bəhanə düşüb ki, bundan da özlərinə uyğun şəkildə istifadə etməyə çalışırlar. Belə ki, Azərbaycan dünya tarixinə ilk Avropa Oyunlarını keçirən dövlət kimi düşəcək və onlar müxtəlif bəhanələrlə özlərinin Avropadakı oxucularına Azərbaycana qarşı qarayaxma kampaniyasına başlanması ilə bağlı müraciətlərə başlayıblar. Amma onu yaxşı dərk etsinlər ki, Azərbaycan xalqı öz Prezidentinə bağlıdır, Onun ətrafında sıx birləşib. Ona görə də, onların heç bir nəticə əldə etməyəcəklərinə inanıram. Azərbaycanda I Avropa Oyunlarının çox yüksək səviyyədə keçiriləcəyi hər kəsə bəllidir. Bu oyunlar Azərbaycanın uğurlarını, mədəniyyətini, inkişafını dünyaya bir daha nümayiş etdirəcək. "Avroviziya" Mahnı Müsabiqəsində olduğu kimi, Avropa Oyunlarının tarixinə də öz uğurlu imzasını atacaq.
Millət vəkili Sədaqət Vəliyeva: "Azərbaycanın inkişaf səviyyəsi müəyyən dairələri narahat edir"
- Birmənalı olaraq Azərbaycanda insan hüquqlarının vəziyyəti və demokratik mühit dünyada müəyyən dairələri narahat edir. Bu baxımdan bəzi ekspertlər, hüquq müdafiəçiləri və beynəlxalq "təşkilatlar" reallığı əks etdirməyən məlumatlarla Azərbaycanın imicinə xələl gətirməyə çalışırlar. Bu gün bəlli qüvvələrin əlində insan hüquqları və demokratiya anlayışı təzyiq alətinə çevrilib. Bundan öz məqsədləri, siyasi-iqtisadi maraqlarının təminatı üçün istifadə edirlər. Erməni lobbisinin təsiri altında olan təşkilatlar ölkəmiz haqqında qərəzli mövqe sərgiləməkdənsə, Avropadakı və ABŞ-dakı islamofobiyaya, irqçiliyə, neofaşizmə nəzər salsalar yaxşı olardı. Avropa ölkələrində demək olar ki, hər gün sözügedən kontekstdə hadisələr baş verir. Təkcə bu fakt kimin daha çox demokratiya anlaşıyına hörmət etdiyini aydın şəkildə göstərir. Azərbaycanda media və internet azaddır, kifayət qədər fikir, mətbuat, söz azadlığı var. Bütün sahələrdə insanların hüquqları yüksək səviyyədə müdafiə olunur. Amma istər jurnalist, hüquq müdafiəçisi və s. hər kəs fəaliyyətinə görə qanun qarşısında məsuliyyət daşıyır. Hazırda insan hüquqlarından Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışanlar var ki, bütün bunların nəticəsiz qalacağı şübhəsizdir. Əgər Avropa və yaxud da ABŞ qeyri-hökümət təşkilatları Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkününün hüquqlarını müdafiə etsəydi, Ermənistanı təcavüzkar siyasətinə görə qınasaydı, o zaman Ermənistan rəhbərliyinin cəzalandırılmasına səy göstərərdi. Bu göstəricilərin olmadığı halda bizə demokratiyadan dərs keçməyə haqları yoxdur.
Millət vəkili Çingiz Qənizadə: "Bu, həqiqətə uyğun olmayan bir iddiadır ortaya atıblar"
- Bu təşkilat hüquq-müdafiə fəaliyyəti sərgilədiyi üçün biz hüquq müdafiəçiləri bunların qərəzli çağırışına münasibət bildirməyi özümüzə borc bilirik. Ortaya qoyulan səbəb onu göstərir ki, ölkədə kifayət qədər narahatedici məqam tapa bilmədiklərindən heyvanların qətlə yetirilməsi ilə bağlı çağırışlar edirlər. Dünyanın hər yerində sahibsiz itlərin zaman-zaman yığılması və zərərsizləşdirilməsi praktikası mövcuddur. İndi niyə görə Azərbaycanı əllərində bayraq ediblər? Əgər ölkəmizdə belə hallar olsa belə hansısa beynəlxalq tədbirin şübhə altına alınması, boykot edilməsi çağırışı olduqca gülünşdoğurucudur. Təqdim olunan videogörüntülərdə belə heyvanların öldürülməsinin hansı ölkədə baş verdiyi aydın görünmür. Bu, həqiqətə uyğun olmayan bir iddiadır ki, ortaya atıblar. Mənasız, lazımsız boykotlarla heç nə əldə edə bilməyəcəklər. Düşmən tərəfini dəstəkləyən, ölkənin imicinə zərər gətirməyə çalışan, siyasi dividend əldə etmək istəyən özümüzün soydaşlarımızın hərəkətlərini isə qətiyyətlə pisləyirəm. Bununla bağlı təəssüf hissi keçirirəm.
Millət vəkili Fərəc Quliyev: "Erməni lobbisinin əndişəsi var"
- I Avropa Olimpiya Oyunları hər bir ölkənin prestijinə təsir göstərə biləcək səviyyədə idman tədbiridir. Ölkəmizi beynəlxalq arenada daha yaxşı tanıtmaq üçün bu kimi tədbirlərdən səmərəli şəkildə istifadə etməliyik. Azərbaycan həqiqətlərini bilməyən şəxslər bu ölkəyə gəlib qayıdandan sonra ölkəmizlə bağlı olan fikirlərini dəyişirlər və bu oyunlardan sonra da belə halın olacağına inanıram. Bizim düşmənlərimizin narahatçılığının səbəbi isə, məncə, hər kəsə bəllidir. Onlar gözəl anlayırlar ki, Bakıya təşrif buyuran hər bir xarici qonaq buradakı inkişafın şahidi olacaq. Bu isə heç bir halda həmin "qurumlara" sərf etməyəcək. Ona görə də, erməni lobbisinə xidmət edən "Human Rights Watch" kimi qurumlar daha çox çalışırlar ki, bu Olimpiya Oyunları ya baş tutmasın, ya da zəif təşkil olunsun. Ancaq mən tam əminəm ki, bu cür cəhdlərin heç bir xeyri olmayacaq və ölkəmiz bu idman tədbirini çox uğurlu şəkildə başa vuracaq. Bəzi beynəlxalq təşkilatların narahatçılıqlarının arxasında Azərbaycanın siyasi dividend götürməsi, Azərbaycan həqiqətlərinin ortaya çıxması və erməni lobbisinin fəaliyyətlərinin puç olması əndişəsi var".
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov:
- "Human Rights Watch" adlı beynəlxalq təşkilatın sanki heç bir işi-gücü yoxdur, ancaq digər ölkələrin daxilində gedən prosesləri müzakirə etməklə məşğuldur. Bu cür qərəzli təşkilatlar öz ölkələrindən başqa digər ölkələrin inkişafını həzm etmirlər. Ən mötəbər tədbirlərin keçirildiyi mərkəzə çevrilən Azərbaycan bütün tədbirləri yüksək səviyyədə həyata keçirməyə nail olub və bundan sonra da bu tendesyanı qoruyub saxlamağa qadirdir. Avropa Oyunlarının keçirilməsi ilə bağlı yaradılan təşkilat komitəsi hazırlıq işlərini inamla, peşəkarlıqla başa vurmaqdadır. İstər oyunlarda iştirak edəcək idmançılara, istərsə də xarici qonaqlara tam mənası ilə hər cür yüksək şərait yaradılıb. Xarici qüvvələrin toruna düşən bəzi beynəlxalq təşkilatlar çalışırlar ki, "Avroviziya" Mahnı Müsabiqəsində olduğu kimi, bu mötəbər tədbirdə də müəyyən fərqli fikirlər ortaya qoymaqla Azərbaycanın dünya arenasında qazandığı imicinə zərər vursunlar. Müşahidə etdiyim təcrübəyə əsasən bu beynəlxalq təşkilatların yaydığı qərəzli fikirlərə olduqca əhəmiyyətsiz baxılır. Azərbaycan artıq dünya birliyində öz mövqeyini möhkəmləndirməklə dünya ölkələri arasında ən sürətlə inkişaf edən demokratik bir ölkə kimi ön sıralarda qərarlaşıb. Bu baxımdan belə təşkilatların fikirlərini vacib hesab etmirik.
Politoloq Elşən Musayev: "Bu addımlar Azərbaycana heç bir mənfi təsir göstərə bilməz"
- Azərbaycanda keçiriləcək I Avropa Olimpiya Oyunlarının bütün dövlətlər tərəfindən dəstəkləməsini gözləmək sadəlövhlük olar. Hesab edirəm ki, Olimpiya Oyunlarını boykot etmək istəyən ölkələr əsasən erməni lobbisinin aktiv fəaliyyət göstərdiyi dövlətlərdir. "Human Rights Watch" kimi təşkilatların bu kimi çağırışları heç də təsadüfi deyil. Biz bu kimi təşkilatların anti-Azərbaycan xarakterli bəyanatlarına alışmışıq. Həmin "təşkilatların" yeganə gəlir mənbəyi də məhz böhtan xarakterli bəyanatlar yaymaqdan ibarətdir. Ədalətsiz hesabatlar yayan bu kimi təşkilatların kurasiyası şər-böhtan xarakterli addımlarla bağlıdır. Bu kimi təşkilatlar hər zaman radikal müxalifətin mövqeyindən çıxış etməyə çalışıb. Son günlərdə bu təşkilatların aktivləşməsinin yeganə səbəbi erməni lobbisidir. Mən hətta bu kimi addımları erməni lobbisinin fəal olduğu ölkələrdən də gözləyirəm. Boykot xarakterli bəyanatların yayılmasında iki səbəb var. Birinci səbəb erməni lobbisi ilə bağlıdır. İkinci səbəb isə bu gün radikal müxalifəti təmsil edən "Milli Şura", konkret olaraq Əli Kərimli ilə əlaqədardır. Çünki radikal müxalifətin bir sıra nümayəndələrinin erməni lobbisinin fəal olduğu ölkələrlə birbaşa əlaqələri mövcuddur. Ancaq tam əminəm ki, bu kimi addımlar günü-gündən inkişaf edən güclü və qüdrətli Azərbaycana heç bir mənfi təsir göstərə bilməz.
İntizarə Məmmədova