PDF Oxu

Siyasət

  • 32

"Bakı-2015" Avropa Oyunlarına yaxınlaşdıqca paytaxtımıza diqqət daha çox cəmlənir

"Bakı-2015" Avropa Oyunlarına yaxınlaşdıqca paytaxtımıza diqqət daha çox cəmlənir

Dünyanın iri şəhərləri, xüsusilə paytaxt şəhərlər məxsus olduqları dövlətlərin bütövlükdə siyasi-iqtisadi, tarixi-mədəni inkişaf səviyyəsini özündə ehtiva edir. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə baş verən sürətli sosial-iqtisadi inkişaf meqapolisə çevrilməkdə olan Bakının simasını nəzərəçarpacaq dərəcədə dəyişib. Paytaxtımızdakı Dənizkənarı Milli Park Bakı şəhərinin ən maraqlı və spesifik təbii şəraitə malik yerlərindən biridir. Bu gün Milli Parkımız ərazisinin böyüklüyünə görə Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yerdədir. Burada "Baku Kristal Hall"ın inşası bu ərazinin görkəminə yeni rəng əlavə edib. 25 min nəfərlik tamaşaçı yeri olan kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. "Baku Kristal Hall"ın əhəmiyyətini artıran mühüm amillərdən biri də onun Dövlət Bayrağı Meydanı ətrafında yerləşməsidir. Bəli, dövlətimizin başçısının Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzadılması ilə bağlı tapşırıqları əsasında şəhərimizin sahil boyuna xüsusi yaraşıq verən və ümumi sahəsi 20 hektar, uzunluğu 1,8 kilometr olan yeni bulvar salınıb. Aparılan quruculuq və abadlıq işləri sayəsində paytaxt Bakı tədricən öz görkəmini dəyişərək dünyanın ən gözəl şəhərləri sırasında yerini möhkəmləndirib.

"Böyük Bakının regional inkişaf planı"na əsasən, 2030-cu ilə qədər Dənizkənarı Milli Parkın uzunluğunun (Bibi-Heybət məscidindən Hövsan qəsəbəsinədək) 33 kilometrə çatdırılmasını nəzərdə tutur. Bu reallıqlar və gördüklərimiz Bakı Bulvarının dünyanın seçilən və istirahət üçün nəzərdə tutulan ən möhtəşəm məkanı olduğunu təsdiqləyir.

Bəli, Bakı dünyanın ən gözəl şəhərlərinin siyahısına daxil edilib. Şəhərimizdə müasir infrastruktur, xidmət obyektləri tikilir. Dünya standartlarına cavab verən beşulduzlu otellər istifadəyə edilib. Bu möhtəşəmliyin məntiqi nəticəsidir ki, son illər Bakıda bir-birinin ardınca müxtəlif məzmunlu beynəlxalq tədbirlər keçirilir. Keçirilən beynəlxalq idman yarışlarını xüsusi olaraq qeyd etməliyik. Buna səbəb Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturunun mövcudluğudur. Ümumilikdə son 10 ildə paytaxtımızda 300-dən çox beynəlxalq yarış keçirilib. Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda - paytaxt Bakıda ən irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunur. Yeniyetmə cüdoçuların Avropa çempionatı, bədii gimnastika üzrə 27-ci dünya çempionatı, sərbəst güləş və yunan-Roma güləşi üzrə 24-cü dünya çempionatı, görmə qüsurlu paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı, gənclər arasında boks üzrə dünya çempionatı və s. keçirilib. Bu yarışların Azərbaycanda keçirilməsi bir daha inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırıb.

Təbii ki, Olimpiya ailəsi tərəfindən ölkəmizə qarşı yaranan inam, məhz bu və ya digər idman növləri üzrə dünya və Avropa çempionatlarının Bakı şəhərində yüksək səviyyədə keçirilməsində qaynaqlanır. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də elə ölkəmizə olan inam hissinin təzahürüdür. Avropa Olimpiya Komitəsinin Baş Məclisində 2015-ci ildə Birinci Avropa Oyunlarının Azərbaycanda - Bakıda keçirilməsi haqqında qərarın qəbul edilməsi, bu inamdan meydana gəlmişdir. Heç şübhəsiz ki, beynəlxalq yarışlara ev sahibliyi etmək təcrübəsindən yararlanan Azərbaycan bu etimadı, etibarı məsuliyyət hissi ilə doğruldacaqdır. Oyunların keçirilməsinə artıq 92 gün qalır. Avropa Oyunlarına hazırlıq üçün Bakıda böyük qüvvə ilə çalışan güclü komanda fəaliyyətdədir.

Bakıda təşkil olunacaq Birinci Avropa Oyunlarına hazırlıq işləri daim diqqətdə saxlanılır, elə dünya dövlətləri tərəfindən də izlənilir. Bunu demək olar ki, hər gün dünya mətbuatında dərc olunan məqalələr təsdiqləyir. Bakıda keçiriləcək ilk Avropa Oyunları dünya KİV-in diqqət mərkəzindədir. Son vaxtlar isə "San-Marino Notizie" portalı ilk Avropa Oyunlarından yazır. Dünyanın beynəlxalq idman hərəkatına həsr olunan ilk frankofon mətbuatda "Bakı-2015" birinci Avropa Oyunlarına hazırlıqdan bəhs edən "Avropa Oyunları 50-dən artıq ölkəyə yayımlanacaq" sərlövhəli məqalə dərc olunub. Britaniyanın "The Guardian" qəzeti də Bakıda keçiriləcək ilk Avropa Oyunlarından bəhs edib. Fransanın nüfuzlu mətbu orqanları da bu oyunlara hazırlıqla bağlı silsilə məqalələr dərc edir. Fransada gündəlik nəşr olunan nüfuzlu "Le Parisien" qəzetində "Bakı-2015" ilk Avropa Oyunlarına hazırlıqdan bəhs edən növbəti məqalə dərc olunub. Müxbir Erik Bernudonun müəllifi olduğu məqalədə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkiyə istinadən bildirilir ki, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi təsadüfü deyil. Artıq Azərbaycan bu sahədə zəngin təcrübəyə malikdir. Digər tərəfdən isə Azərbaycanda hökm sürən sabitlik, ölkənin yeraltı sərvətlərlə zənginliyi, iqtisadiyyatın sürətli inkişafı və idmana göstərilən diqqət və qayğı ilk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsini dəstəkləyən amillər olub. Məqalədə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın ilk Avropa Oyunlarına hazırlaşan Bakının gələcəkdə Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün iddialı ola bilməsi ilə bağlı fikirləri də diqqətə çatdırılır. Yazıda Avropa Oyunlarında 6 mindən çox atletin idmanın 20 növü üzrə qüvvələrini sınayacaqları, idmançılar üçün nəzərdə tutulan Atletlər Kəndində hər cür şəraitin yaradıldığı vurğulanıb. Yazıda Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin keçiriləcəyi 69 min tamaşaçı tutumuna malik milli stadionun inşasının başa çatmaqda olduğu, beynəlxalq aləmdə mühüm tədbirlə bağlı hazırlıq işlərinə 1700 nəfərin cəlb edildiyi, idman yarışlarını xeyli sayda jurnalistin işıqlandıracağı haqda məlumatlar da əksini tapıb. Prezident İlham Əliyevin idmanın inkişafına yüksək diqqət və qayğı göstərdiyi, ilk Avropa Oyunlarının 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazandırma imkanı baxımından əhəmiyyəti qeyd olunur.

Dünya mətbuatında dərc olunan məqalələrlə yanaşı, Litva Olimpiya Komitəsi Poçt ilə birlikdə Litva fanatlarına Bakıda keçiriləcək birinci Avropa Oyunları barədə məlumat vermək və oyunlarda idmançıları dəstəkləmək təşəbbüsü ilə çıxış edib. Belə ki, üzərində Avropa Oyunlarının rəmzi olan açıqcalar buraxılıb. Bu açıqcaları Litvanın iri şəhərlərinin poçt şöbələrindən pulsuz alıb tanışlara göndərmək mümkün olacaq. Litva Olimpiya Komitəsinin prezidenti Dayna Qudzinyaviçyute bildirib ki, hər kəsə idman tarixində möhtəşəm hadisə olan "Bakı-2015" Birinci Avropa Oyunları barədə məlumat istəyirik.

Qeyd edək ki, artıq Vilnüs, Klaypeda, Şyaulyay və Panevejisin poçt şöbələrinə 10 min açıqca göndərilib. Dünya bu oyunlara laqeyd deyil, hər gün bir yenilik, bir maraqlı fikirlə yadda qalır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər