Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı gənclər birliyinin IV konfransı keçirilib. Tədbiri YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva açaraq zəngin tarixə malik olan və zamanın çətin sınaqlarından çıxan Yeni Azərbaycan Partiyasının ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini, ətrafında cəmiyyətin intellektual təbəqəsini, partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq insanları birləşdirdiyini bildirib.
YAP Sabunçu rayon təşkilatı gənclər birliyinin sədri Rəşad Abbasəliyev hesabat məruzəsi ilə çıxış edərək, əvvəlki konfransdan keçən dövr ərzində qazanılan uğurlar, qarşıda duran vəzifələr barədə məlumat verib. Diqqətə çatdırılıb ki, rayon təşkilatının gənclər birliyinin üzvləri rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər.
Konfransın işində YAP Gənclər Birliyinin sədri Seymur Orucov partiyanın Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi rolundan danışıb. S.Orucov vurğulayıb ki, Azərbaycan gəncliyinin avanqard qüvvəsi olan YAP Gənclər Birliyinin fəaliyyəti dövlətçiliyimizin qorunmasına və inkişafına xidmət edir. Sonra təşkilati məsələlərə baxılıb, Rəşad Abbasəliyev yenidən YAP Sabunçu rayon təşkilatı gənclər birliyinin sədri, həmçinin rayon təşkilatı gənclər birliyinin şura və idarə heyətinin üzvləri, eyni zamanda YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçilib.
Konfransda partiya sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri də təqdim olunub. Sonda Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul edilib.
R.HÜSEYNOVA