Dünən Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən mədəniyyət evində Yeni Azərbaycan Partiyası (YAP) Xocalı rayon təşkilatının yaranmasının 20 illiyinə həsr edilmiş tədbir keçirilib. Yığıncaqda Yeni Azərbaycan partiyasının rayon təşkilatının üzvləri, YAP Siyası Şurasının üzvü, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Milli Məclisin üzvü Elman Məmmədov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov və digər rəhbər şəxslər iştirak edib.
Yığıncaqdan öncə nümayəndələr Aşağı Ağcakənd qəsəbəsininin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Tədbirdə YAP Xocalı rayon təşkilatının sədri Vahid Əhmədov bildirib ki, YAP zamanın tələbi, xalqın istəyi ilə yaranan partiyadır: "Tarixə "91-lər"in müraciəti kimi daxil olan sənəddə həmin dövrün səciyyəvi xüsusiyyətləri öz əksini tapmışdır. Dahi şəxsiyyət Heydər Əliyev müraciətə cavabında Yeni Azərbaycan Partiyasının yaradılmasını obyektiv zərurətdən doğan addım kimi dəyərləndirərək, bu inamı ifadə etmişdir ki, belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək, yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Ulu Öndərin "Dünənin, bu günün və gələcəyin partiyası" deyə həm keçmişini, həm bu gününü, həm də gələcəyini müəyyən etdiyi Yeni Azərbaycan Partiyasının yarandığı gündən öz siyasi xəttinə sadiqliyi, xalq və dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurlarına atdığı imzası onun cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirmiş, ümumxalq partiyası olduğunu təsdiqləmişdir".
V.Əhmədov onu da vurğulayıb ki, hazırda YAP Xocalı rayon təşkilatı sağlam düşüncəli, partiyanın amalına sədaqətli, möhkəm əqidəli, Cənab Prezidentimiz İlham Əliyevin daxili və xarici siyasətini dərindən başa düşən, onu ürəkdən bəyənən və dəstəkləyən 684 nəfər üzvündən 242 nəfərini qadınlar, 225 nəfərini isə gənclər təşkil edir.
Görüşdə partiya üzvlərindən Ramiz Qəhrəmanov, Elman Məmmədov, Şahmar Usubov, Rafael Gülməmmədov, Firdovsi Əliyev və başqaları tədbir iştirakçılarını bir daha rayon təşkilatının yaranmasının 20 illiyi münasibətilə ürəkdən təbrik edərək, yeni-yeni uğurlar arzulayıblar. Çıxış edənlər, həmçinin partiyanın yaranmasından, keçdiyi şərəfli yoldan danışıblar. Çıxış edənlər bildirdilər ki, şərəfli yol keçən və dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası yarandığı gündən öz siyasi xəttinə sadiqliyi, xalq və dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurlarına atdığı imzası onun cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirmiş, ümumxalq partiyası olduğunu təsdiqləmişdir.
R.KAMALQIZI