PDF Oxu

Siyasət

  • 42

Humanizm və xeyriyəçilik missiyasının reallaşmasına söykənən fəaliyyət

Humanizm və xeyriyəçilik missiyasının reallaşmasına söykənən fəaliyyət

Mehriban xanım Əliyevaya "Hilal-e-Pakistan" ordeninin təqdimi onun Pakistanda göstərdiyi xidmətlərə verilən qiymətdir

Ulu Öndər Heydər Əliyevin ideyalarının daşıyıcısı kimi fəaliyyəti ilə Azərbaycana töhfələrini verən Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə fəaliyyətini davam etdirir. Bu yol Heydər Əliyevin müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə doğru yönəlib. Elm, təhsil, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirərək, respublikanın və xarici ölkələrin fondları ilə əməkdaşlığı genişləndirir.

Mehriban Əliyeva Qərb və Şərq sivilizasiyalarının kəsişməsində yerləşən qədim ölkənin - Azərbaycanın mədəniyyətinin təbliğində də mühüm addımlar atır. Azərbaycanın mədəniyyəti dünyada ən qədim mədəniyyətlərdən biri hesab edilir və ölkədə əsrlər boyu yaşayan xalqların müxtəlif adət-ənənələrini özündə birləşdirir. Bu ilkin şərtlər əsrlər boyu ölkədə fəlsəfi-ədəbi fikrin, poeziyanın və memarlığın, habelə, ölkənin maddi və mənəvi irsinin rəmzi olan təsviri sənətin çiçəklənməsinə gətirib çıxarmışdır. Fondun təşəbbüsü ilə reallaşan layihələr çərçivəsində Azərbaycan mədəniyyətinin müxtəlif nümunələri, o cümlədən, musiqi, təsviri incəsənət, xalq sənətkarlığı, folklor, milli rəqs və mətbəxi də təqdim edilir.

Bütün bunlarla yanaşı, Mehriban xanım Əliyeva dünya miqyasında maraq doğura biləcək, beynəlxalq mahiyyət daşıyan layihələrə də imza atır. Heydər Əliyev Fondunun ölkəmizdə, eləcə də xarici dövlətlərdə dini abidələrin qorunması və bərpasına yardım etməklə fəaliyyət dairəsini də qeyd etməliyik. Belə ki, fondun dəstəyi ilə paytaxtımızda pravoslav və Müqəddəs Məryəm kilsələrində təmir-bərpa işləri aparılmaqla yanaşı, yəhudi uşaqları üçün təhsil və mədəniyyət mərkəzinin tikintisinə dəstək vermişdir. Strasburqun mərkəzində yerləşən Notr-Dam kilsəsinin təmiri zamanı Heydər Əliyev Fondu tərəfindən maliyyə vəsaiti ayrılmışdır. Heydər Əliyev Fondunun Strasburqdakı kilsənin təmirinə ayırdığı maliyyə yardımı Azərbaycanın Avropaya, onun mədəni irsinə verdiyi töhfə kimi qiymətləndirilir. Avropa Şurasının üzvü olan Azərbaycan öz mədəni irsinə xüsusi diqqət göstərməklə yanaşı, Avropa mədəni irsinə də diqqət və qayğı ilə yanaşır. Strasburqdakı kilsə də Avropa mədəni irsinin bir parçasıdır.

Humanizm və xeyriyəçilik missiyasının reallaşmasına söykənən fəaliyyəti ilə Romadakı tarixi abidə - Müqəddəs Pyotr və Marsellina sərdabəsinin bərpa edildiyini də diqqətə çəkməliyik. Belə ki, fondun təşəbbüsü ilə yəhudi təhsil mərkəzi, fransız məktəbi yaradılıb. Pakistanın Müzəffərabad şəhərində qızlar üçün yeni məktəb tikdirib. Hollandiyada, Gürcüstanda, Misirdə, Rusiyada və Rumıniyada məktəblər tikilib və ya təmir edilib. Pakistanın müxtəlif əyalət və şəhərlərində silsilə humanitar tədbirlər həyata keçirilib. Tədbirlər çərçivəsində talassemiya, hemofiliya və qan xərçəngindən əziyyət çəkən xəstələrin müalicəsi ilə məşğul olan bir neçə xəstəxananı özündə birləşdirən Həmzə Xeyriyyə Fonduna Heydər Əliyev Fondunun adından xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunmuş bir təcili tibbi yardım avtomobili və 2 min qan köçürmə paketi təqdim edilib.

Məhz bu əməli fəaliyyətin nəticəsidir ki, Mehriban xanım Əliyeva dünyanın bir sıra nüfuzlu mükafatlarına layiq görülüb. Belə ki, o, "Yaqut Xaç", "Qızıl ürək", "Xidmətlərə görə", "Şərəf Legionu", "Qızıl Motsart","Türk dünyasına xidmət" və onlarla belə beynəlxalq mükafatların, orden və medalların daşıyıcısıdır.

Bu mükafatlar sırasına daha biri də əlavə olunub. Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn tərəfindən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Pakistanın ali dövlət mükafatı - "Hilal-e-Pakistan" ordeninin təqdim edilməsi onun Pakistanda göstərdiyi xidmətlərə, eləcə də verdiyi böyük töhfəyə verilən daha bir qiymətdir.

Qərarda deyilir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 2004-cü ildə Heydər Əliyev Fondunun prezidenti təyin edilmişdir. Fond təhsil, səhiyyə, mədəniyyət, idman, ətraf mühit və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək Azərbaycanın sosial-iqtisadi inkişafına töhfələr verir: "Fondun fəaliyyəti tədricən dost ölkələri, o cümlədən Pakistanı da əhatə etməyə başladı. 2005-ci ilin oktyabrında Pakistanda zəlzələ baş verdikdən sonra fond 2007-ci ildə Müzəffərabadın Rara qəsəbəsində zəlzələ nəticəsində dağılmış qızlar məktəbinin tikintisi kimi müxtəlif humanitar layihələrdə fəal iştirak etmişdir". Fond həmçinin 2013-cü ildə Azərbaycanın 12 nüfuzlu universitetində pakistanlı tələbələr üçün sosial elmlər üzrə universitetlərarası konsorsiuma 36 təqaüd ayırmışdır.

Göründüyü kimi, Mehriban xanım Əliyeva bu mükafatlara mesenatlıq, xeyriyyəçilik fəaliyyətinə, sosial, mədəni layihələrinə görə layiq görülür.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər