İlham Əliyev: "Son 10 il ərzində Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat olub"
Martın 12-də Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn biznes forumda iştirak ediblər. Dövlət başçıları forumda çıxış ediblər. Prezident İlham Əliyev öz çıxışında qeyd edib ki, bizim üçün Pakistan ən yaxın dost və müttəfiqlərdən biridir:
"Əminəm ki, bu səfər əməkdaşlığımızın inkişafına yeni töhfə verəcək. Gözəl siyasi münasibətlərimiz var. Beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Biz əsl müttəfiqik. Buna görə, əlbəttə ki, biz həmin gözəl münasibətlər fürsətindən istifadə etməliyik və onları ölkələrimizin biznes dairələri arasında əməkdaşlığa çevirməliyik.
Pakistan ilə Azərbaycan arasında ticarət dövriyyəsinə baxdıqda, əlbəttə ki, bu, bizi qane edə bilməz. Həmin səbəbdən, mən cənab Prezidentə olduqca minnətdaram ki, o, Azərbaycana böyük nümayəndə heyəti - Pakistanın işgüzar dairələrinin mühüm təmsilçiləri ilə gəlib. Ölkəmiz, imkanlar və həyata keçirilməsini planlaşdırdığımız layihələr haqqında daha çox bilmək imkanı yaranıb. Eyni zamanda, biznes forumun yaxşı nəticələrini görmək istəyirik.
Ümumiyyətlə, biznes forum, işgüzar dairələrin nümayəndələri arasında görüşlər kimi əməkdaşlıq formatı çox səmərəlidir və yaxşı nəticələr verə bilər. Əminəm ki, bu gün siz ilk öncə qarşılıqlı ticarət səviyyəsinin artırılması, ölkələrimizdən nəyin idxal olunması haqqında söhbət aparacaqsınız. Hesab edirəm ki, hökumət strukturları əlaqələndirici kimi çıxış edə bilər. Müvafiq nazirliklər, eyni zamanda, hökumətlərarası ticarət və iqtisadiyyat komissiyası bu məsələni əlaqələndirə bilər. Həm biz, həm də siz bir çox malları idxal edirik. Bu səbəbdən, biz iqtisadiyyatımızı gücləndirmək və ümumi dövriyyəmizi artırmaq üçün bir-birimizdən nəyi idxal edə biləcəyimiz haqqında düşünməliyik. Şad olardıq ki, Pakistan şirkətləri Azərbaycanda sərmayə imkanlarını nəzərdən keçirsinlər. Bu, xüsusən də iqtisadiyyatımızın idxaldan asılı olan sahələrinə aiddir, çünki bazarımız artır. Bu səbəbdən, istehsalatın ölkəmizdə artırılması hökumətimizin prioritetlərindən biridir. Fikrimcə, xarici sərmayədarlar üçün bu məsələləri nəzərdən keçirmək faydalı olardı. Çox münbit sərmayə mühiti var. Müstəqilliyin son illəri ərzində, Azərbaycanda təxminən 200 milyard dollar sərmayə yatırılıb. Bu, ilkin olaraq, enerji sektoruna aiddir. İndi isə, iqtisadiyyatımızın digər sahələri də əhatə olunur.
Azərbaycanın iqtisadiyyatına gəldikdə, o, çox sürətlə inkişaf edir. Azərbaycanın müstəqilliyinin ilk illərində iqtisadi vəziyyətimiz çox ağır idi. Ölkəmizdə yoxsulluğun və işsizliyin səviyyəsi çox yüksək idi. İnflyasiya min faizdən artıq idi. Sonra, biz 1990-cı illərin ortalarında iqtisadi islahatları həyata keçirməyə başladıq. Onlar bu günə qədər davam edir. Hazırda iqtisadiyyatımız rəqabətədavamlı iqtisadiyyat hesab olunur. Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını qlobal rəqabətədavamlılıq göstəricisinə görə 38-ci yerdə qərarlaşdırıb. Bu, əsasən iqtisadi islahatlar sayəsində əldə edilib. Biz işsizlik və yoxsulluğu 5 faizə qədər azalda bilmişik. Son 10 il ərzində Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat olub. Bu, əsasən artan neft və qaz hasilatı ilə bağlı olub. Eyni zamanda, iqtisadi islahatlarımız da nəticə verib. Hazırda, neftin qiyməti aşağı düşdüyü halda, görürük ki, iqtisadiyyatımız hələ də inkişaf edir. Eyni vəziyyət beş-altı il öncə baş vermişdi. Həmin vaxt, neft sənayesi bəzi çətinliklərlə üzləşdi, Avropada ciddi iqtisadi və maliyyə böhranı baş verdi. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf edirdi. Ümumi daxili məhsul artırdı və iqtisadiyyatımızın qeyri-neft sektoru inkişaf edirdi. Bu, bizim üçün daha vacibdir, çünki planlarımız daha çox şaxələndirməni nəzərdə tutur. Əgər əvvəlki illərdə neft və qazın qiymətlərindən daha çox asılı idiksə, hazırda neft və qaz ÜDM-in təxminən 40 faizini təşkil edir."
Prezident Məmnun Hüseyn isə öz çıxışında diqqətə çatdırıb ki, Pakistan ilə Azərbaycan mədəni və dini yaxınlığa, uzun tarixi köklərə əsaslanan mükəmməl və çoxşaxəli münasibətlərə malikdir: "Qeyd etməkdən olduqca fərəhlənirik ki, Pakistan müstəqil Azərbaycanı tanıyan ilk ölkələrdən biri olub və həmin vaxtdan etibarən iki ölkə arasında münasibətlər dayanmadan güclənmişdir. Bugünkü dünyada iqtisadi maraqlar ən yüksək maraqlar hesab olunur və iqtisadi əməkdaşlığın miqyası hazırda ikitərəfli əlaqələrin səviyyəsini ölçmək üçün əsas göstərici hesab edilir. Bu səbəbdən, biz də həmin səviyyədən geridə qala bilmərik.
Uzun müddət ərzində Pakistan və Azərbaycan qarşılıqlı fayda verə biləcək müxtəlif sahələrdə ekspert bacarıqlarını formalaşdırıblar. Əczaçılıq məhsulları, cərrahiyyə alətləri, idman malları, müdafiə avadanlığı, geyim məmulatı, düyü, meyvələr və dəniz məhsulları kimi Pakistanın yüksək keyfiyyəti malları Azərbaycan bazarına səmərəli şəkildə daxil olmağa hazırdır. Eyni zamanda, Azərbaycanın neft və qaz kəşfiyyatı, hasilatı və emalı sahəsindəki ekspert bilikləri Pakistana potensial qaydada böyük fayda verə bilər. İkitərəfli ticarəti gözəçarpan dərəcədə artırmaq və şaxələndirmək üçün böyük potensial var. Son bir neçə ildə Azərbaycanda ümumi daxili məhsulun yüksək artımı və Pakistan iqtisadiyyatının potensialı iqtisadi münasibətlərin yeni zirvəyə qaldırılması üçün birgə səylərin göstərilməsini zəruri edir.
Xanımlar və cənablar, Pakistan Cənubi, Mərkəzi və Qərbi Asiyanın kəsişdiyi yerdə yerləşir. Yerli bazar 150 milyondan artıq insandan, o cümlədən gənc, təhsilli və bacarıqlı əmək qüvvəsindən ibarətdir. Pakistanın da zəngin, işlənilməmiş təbii sərvətləri var. Sind əyalətində kömür ehtiyatlarımız dünyada ən iri ehtiyatlardan biridir. Bütün bu üstünlüklər müvafiq sərmayə siyasəti ilə yanaşı, Pakistanda sərmayə üçün ideal imkanlar yaradır.
Bizim biznesmenlər üçün də Azərbaycanda sərmayə qoymaq imkanları var. Müxtəlif sahələrdə birgə müəssisələr yaradıla bilər. Əminəm ki, Pakistandan gəlmiş nümayəndə heyəti bu səfərdən tam şəkildə istifadə etməlidir və bu məqsədlərlə Azərbaycanda və Pakistanda birgə müəssisələrin qurulması üçün Azərbaycanın işgüzar dairələri ilə əlaqə yaratmalıdırlar.
Ölkəmizdə liberal sərmayə siyasəti, o cümlədən 100 faizlik səhmlərin alınması, kapitalın tam çıxarılması imkanları, vergidən azad olmalar və avadanlığın, dəzgah və xammalın idxalına güzəştli gömrük rüsumları tətbiq olunur. Səmərəli infrastruktura və "bir pəncərə" prinsipinə malik xüsusi iqtisadi zonalar fəaliyyət göstərir. Milli iqtisadiyyatın yenidən qurulması və canlandırılması üçün dinamik siyasətimizin bir hissəsi olaraq, biz özəl sektorda yatırımlara, xüsusən xarici özəl sərmayələrə böyük önəm veririk. Pakistan və Azərbaycanın birgə işləyə biləcəyi mühüm sahə neft və qaz sektorudur. Mən nəinki kəşfiyyat və hasilat sahələrində, o cümlədən neftayırma zavodlarının və boru kəmərlərinin tikintisi sahəsində sıx əməkdaşlığı səmimiyyətlə arzulayıram. Termal, kömür, külək və günəş enerjiləri sahələrində böyük potensialı ilə seçilən Pakistanın enerji sektoru sərmayələrə açıqdır. Beş min meqavatdan artıq elektrik enerjisi istehsalını nəzərdə tutan irimiqyaslı layihələrdən başlamış kiçik və orta miqyaslı layihələrə qədər imkanlar olduqca genişdir.
Toxuculuq sənayesi ölkəmizin ixrac gəlirlərinin əsas mənbəyidir. Toxuculuq məhsullarımızın çeşidi genişdir, keyfiyyəti isə beynəlxalq standartlara uyğundur. Xam pambıq xammalının bolluğu, o cümlədən ucuz və bacarıqlı əmək qüvvəsi sərmayədarlar üçün əlavə şəraitlər yaradır. Bildirməliyəm ki, tam istehsal prosesini aparmaq istəyən Azərbaycan sərmayədarları üçün imkanlar genişdir. Onlar neft və qaz, bərpa olunan enerji, proqram təminatı üzrə texnologiya parkları, toxuculuq, kənd təsərrüfatı, turizm, kiçik və orta müəssisələr və infrastruktur kimi müxtəlif sahələrdə 100 faiz səhmlərin alınması prinsipi, yaxud birgə müəssisələrin yaradılması üçün böyük imkanlardan istifadə edə bilərlər."
Sonra Azərbaycan Ticarət və Sənaye Palatası və Pakistan Sənaye və Ticarət Palataları Federasiyası arasında Anlaşma Memorandumu imzalandı. Biznes forum işini təqdimatlarla davam etdirdi. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov, Azərbaycan Ticarət və Sənaye Palatasının rəhbəri Niyaz Əlizadə, Pakistanın İnvestisiya İdarəsinin katibi İftixar Hüseyn Babar, Pakistan Ticarət Nazirliyinin Ticarətin İnkişafı İdarəsinin katibi xanım Rabiya Javeri Ağa, Pakistan Su və Elektrik Enerjisi Nazirliyinin Özəl Elektrik Enerjisi İnfrastrukturu İdarəsinin nümayəndəsi Mir Adil Həmid, Pakistanın Ticarət və Sənaye Palataları Federasiyasının vitse-prezidenti Muhammad Vasim Vohran və başqaları biznes və investisiya imkanlarına, iqtisadiyyatın müxtəlif sahələrinə, eləcə də sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsinə dair təqdimatlarla çıxış etdilər.
Biznes forumda qeyri-neft məhsullarının ixracı, Azərbaycanda yaradılan sənaye parklarında iştirak, qarşılıqlı şəkildə infrastruktur layihələrinin icrası və mövcud infrastrukturdan istifadə, tranzit, kənd təsərrüfatı, kimya, turizm və s. sahələrdə əməkdaşlıq, biznes forumların, sərgi və yarmarkaların təşkili məsələləri barədə fikir mübadiləsi aparıldı. Sonra Azərbaycan və Pakistan iş adamları arasında ikitərəfli görüşlər keçirildi. Görüşlərdə kənd təsərrüfatı, sənaye, toxuculuq, səhiyyə və əczaçılıq, kimya sənayesi, ticarət, tikinti materialları, idman malları və məişət texnikası istehsalı, qida və mədənçıxarma sənayesi, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, yeni əlaqələrin qurulması məsələləri müzakirə olundu.