Prezident İlham Əliyev Bərdə rayonuna səfər edib
Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdə rayonuna səfərə gəlib. Dövlətimizin başçısı əvvəlcə şəhərdə yeni salınmış və Ulu Öndərin adını daşıyan park-bulvarda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev bildirdi ki, bərdəlilərin Ulu Öndərin xatirəsinə ehtiram əlamətinin rəmzi olan bu möhtəşəm abidə yeni ucaldılıb. Abidənin postamenti və ətrafı orijinal layihə əsasında qurulub.
Martın 12-də Bərdədə Heydər Əliyev adına park-bulvarın açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı park-bulvarın rəmzi açılışını bildirən lenti kəsdi. Ölkənin ümumi inkişaf tempinə uyğun olaraq sürətlə müasirləşən və gözəlləşən Bərdə şəhərində yeni park-bulvar kompleksi yaradılıb. Ulu öndər Heydər Əliyevin adını daşıyan bu kompleks Gəncə şəhərindəkindən sonra ən böyük mədəniyyət və istirahət mərkəzlərindən biridir. Uzunluğu 2400 metr olan park-bulvar kompleksi ilkin mərhələdə 47 hektar ərazini əhatə edir və gələcəkdə daha da genişləndiriləcək. Parkın giriş qapısı öz əzəməti ilə diqqəti cəlb edir. Eni 36 metr, hündürlüyü 12 metr olan giriş qapısı milli memarlıq üslubunda ucaldılıb. Kompleksə əlavə 6 istiqamətdən giriş qapısı tikilib. İnşaat işləri aparılarkən Bərdənin qədim tarixini özündə yaşadan abidələrə xüsusi həssaslıqla yanaşılıb. Belə ki, Tərtər çayının yatağında göl və şəlalələr yaradılarkən VII əsrə aid nadir tarixi tikilinin qalıqları saxlanılıb. Abidəyə iki istiqamətdən asma körpü çəkilib. On iki fəvvarənin bir-birinə körpülər vasitəsilə birləşdirilməsi parkın ecazkarlığını daha da artırır. Parkın mərkəzində ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsi ucaldılıb. Abidə ətrafında yerli çay daşlarından rəmzi olaraq çay yatağını xatırladan kompozisiya quraşdırılıb. Ətrafda 5 fəvvarədən ibarət kompleks yaradılıb. Bütövlükdə park-bulvarda 16 min kvadratmetr qranit işləri görülüb.
Prezident İlham Əliyev parkda ağac əkdi. Komplekslə tanışlıq zamanı bildirildi ki, 10 hektar ərazini əhatə edən süni göllər üçün alınmış qayıqlar istirahət edənlərin ixtiyarına veriləcək. Bulvarın qurtaracağında quraşdırılan 3 fəvvarə burada gözəl mənzərə yaradır. Kompleksdə keçiriləcək müxtəlif tədbirləri nəhəng monitor vasitəsilə izləmək mümkün olacaq. Burada velosiped həvəskarları üçün 1,2 kilometr uzunluğunda yol salınıb və 10 ədəd velosiped alınıb. Park-bulvara üz tutanların istirahətinin mənalı təşkili üçün min tamaşaçı yeri olan süni örtüklü stadion, örtülü əl oyunları meydançası, min yerlik yay kinoteatrı, 2 min kvadratmetr ərazidə uşaq əyləncə mərkəzi, ana-uşaq kafesi, ikimərtəbəli çay evi, istirahət köşkləri, ticarət və iaşə obyektləri, inzibati bina inşa olunub. Burada dövlətimizin başçısına Bərdə şəhərində Tərtər çayı üzərində tikiləcək yeni asma körpünün layihəsi təqdim olundu. Hazırda mövcud olan körpünün əvəzində tikiləcək yeni qurğunun uzunluğu 128 metr, eni 18,5 metr olacaq.
Prezident İlham Əliyevə, həmçinin tikilməsi nəzərdə tutulan Qarabağ dövlət tarix muzeyinin eskiz layihələri də təqdim olundu.
Parka avtomobillə gələnlər 300 yerlik dayanacaqdan istifadə edə biləcəklər. Prezident İlham Əliyev parkın ərazisini elektromobillə gəzdi. Tərtər çayının sağ sahilində yaradılmış süni təpə və yaşıllıq massivi, həmçinin əkilmiş 20 mindən çox çiçək, gül kolu və ağaclar parkın füsunkarlığına əlavə çalarlar qatır. Prezident İlham Əliyev parkın ərazisində qorunan qədim körpü qalıqlarına baxdı. Vaxtilə karvan yolu üzərində yerləşmiş bu körpü lap qədimdən Bərdənin yaxın və Orta Şərqdə iri ticarət və mədəniyyət mərkəzi kimi formalaşmasında mühüm rol oynayıb. Yeni salınmış park-bulvara 22 kilometr su xəttinin, 27 kilometr yeraltı elektrik xəttinin çəkilişi, subartezian quyusunun qazılması, çoxlu sayda işıqlandırma nöqtələrinin və 10 ədəd relyef birləşdirici pilləkən quraşdırılması bu möhtəşəm mədəniyyət və istirahət mərkəzində görülən işlərin həcminin göstəricisidir. Dövlətimizin başçısına məlumat verildi ki, gələcəkdə parkın daha da genişləndirilməsi, 30 hektar ərazidə təbii göllərin yaradılması, Tərtər çayı boyunca bulvarın ümumi uzunluğunun 4,3 kilometrə çatdırılması nəzərdə tutulur. Prezident İlham Əliyev yeni park-bulvarın imkanlarından səmərəli istifadə edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Bərdədə 588 məcburi köçkün ailəsi üçün yeni salınan yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.
Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadır şəhərciklərindən müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən biri məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasıdır ki, bununla bağlı görülən işlər nəticəsində bu gün ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayıb, orada yaşayan insanların hamısı müasir tipli qəsəbələrə köçürülüb. Onların maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb. Bunu Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Bərdədə 588 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində yaradılan şərait də təsdiqləyir.
Son illərdə məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə Prezident tərəfindən onlarla Fərman və Sərəncam imzalanıb, müxtəlif qanunlar təsdiqlənib. Dövlətimizin başçısının 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" qəbul olunub. 2003-2013-cü illərdə 25 minə yaxın məcburi köçkün ailəsi mənzillə təmin edilib. Həmin illər ərzində hərtərəfli infrastruktura malik onlarla məktəb binası, uşaq bağçası, tibb müəssisəsi və rabitə evi tikilib. 2015-ci ilin mart ayına olan məlumata əsasən, bu qəbildən olan insanlar üçün indiyədək 89 müasir qəsəbə salınıb. Beləliklə, 46 min ailənin və ya 230 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Təkcə 2014-cü ildə məcburi köçkün ailələri üçün 7 yeni qəsəbə və ya yaşayış kompleksi yaradılıb. Bu məqsədlə il ərzində Dövlət Neft Fondundan 300 milyon manat, digər investisiya xərclərindən isə 50 milyon manat vəsait ayrılıb. 2015-ci ildə isə məcburi köçkünlər üçün 4 yeni yaşayış kompleksinin inşa edilməsi, 2500 ailənin və ya 11 min nəfərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulub. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə yeni salınan yaşayış kompleksi barədə məlumat verdi. Bu kompleks dövlətimizin başçısının "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na Azərbaycan Prezidentinin 2011-ci il 21 fevral tarixli Sərəncamı ilə təsdiq edilən Əlavələrin müvafiq bəndlərinə əsasən inşa olunub. Yeni yaşayış kompleksinə Bərdədə yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürüləcək. Prezident İlham Əliyev mənzillərə baxdı.
Burada yeni məhəllənin sxeminə və maketinə baxan Prezident İlham Əliyevə məlumat verildi ki, 11 hektar sahəni əhatə edən yeni yaşayış kompleksində 588 mənzil, 640 şagird yerlik məktəb, 140 yerlik uşaq bağçası, ATS və digər inzibati binalar tikilib. Su, elektrik və qaz təchizatı şəbəkələri Bərdənin kommunikasiya şəbəkələrinə qoşulub. Kompleksin tikintisinə 2014-cü ilin iyun ayında başlanılıb və bu ilin mart ayında tam başa çatdırılıb. Yeni kompleks qaçqın və məcburi köçkünlər üçün salınmış 90-cı yaşayış kompleksidir. Dövlətimizin başçısı kompleksdəki məktəbdə yaradılan şəraitlə tanış oldu. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin təhsilə qayğısını və məcburi köçkünlərlə görüşünü əks etdirən fotostendlərə baxdı. Burada, həmçinin indiyədək istifadəyə verilmiş yeni qəsəbələrin fotostendləri də yaradılıb. Məktəblə tanışlıq zamanı bildirildi ki, bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb. Dövlətimizin başçısı yaşayış kompleksindəki uşaq bağçasında da oldu və burada yaradılan şəraitlə maraqlandı. Uşaq bağçasında balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınıb. Prezident İlham Əliyev yeni yaşayış kompleksində görülən işlərdən razılığını bildirdi. Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə regional "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib.
Dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır. 2012-ci ilin iyul ayının 13-də bu sahədə daha mühüm islahata imza atıldı, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradıldı. 2012-ci il dekabrın 29-da isə pilot layihə olaraq Bakıda 1 saylı "ASAN xidmət" mərkəzi fəaliyyətə başladı. 2013-cü il ərzində paytaxtın bir neçə rayonunda da "ASAN xidmət" sakinlərin istifadəsinə verildi. Daha sonra bu proses regionları da əhatə etməyə başladı. Hazırda bu mərkəzlərə daxil olan müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olan xidmətlər üstünlük təşkil edir. Əgər əvvəllər "ASAN xidmət" mərkəzlərində 23 hüquqi xidmət həyata keçirilirdisə, indi 10 dövlət orqanı tərəfindən 30 növ xidmət göstərilir. Eyni zamanda, mərkəzlərdə 32 növ funksional yardımçı xidmətlər təşkil edilib. Bütün bunlar dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.
Prezident İlham Əliyevə məlumat verildi ki, Bərdə regional "ASAN xidmət" mərkəzinin binasının inşasına 2014-cü ilin aprel ayında başlanılıb və bu ilin mart ayında başa çatdırılıb. Dördmərtəbəli binanın tikintisi ən yüksək standartlara uyğun həyata keçirilib. Mərkəz rayonun Heydər Əliyev prospektində şəhər infrastruktur obyektlərinə yaxın ərazidə yerləşir. Həyətdə uşaq avtoşəhərciyi yaradılıb və burada balacaların yol hərəkəti qaydalarını öyrənmələri və yol nişanlarını tanımaları üçün bütün şərait var. Bundan əlavə, böyüklərin istirahəti və əylənmələri üçün də tələblər nəzərə alınıb. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi. Mərkəzdə müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin büstü qoyulub.
Prezident İlham Əliyev yeni xidmətin işə başlamasını bildirən düyməni basdı. Geniş beynəlxalq marağın nəticəsidir ki, bu il Bərdə "ASAN xidmət" mərkəzi OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikata layiq görülüb. Standartın əsas tələbi xidmət mərkəzinin fəaliyyət göstərdiyi inzibati binalarda təhlükəsiz və sağlam iş mühitinin yaradılmasıdır. Hazırda ölkəmizdə 7 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakıda, digər 3-ü isə regional mərkəz olmaqla Sumqayıt, Gəncə və Sabirabaddadır. Bərdə "ASAN xidmət" mərkəzi sayca 8-ci mərkəzdir.
Prezident İlham Əliyev xidmətdə yaradılan şəraitlə tanış olarkən bildirildi ki, "ASAN xidmət" mərkəzinin fəaliyyətindən Bərdə də daxildə olmaqla Ağdam, Ağcabədi, Laçın, Yevlax və Tərtər rayonlarının 800 minə yaxın sakini yararlanacaq. Ümumilikdə fəaliyyətə başladığı tarixdən bu günədək "ASAN xidmət"lərə 4 milyon 120 mindən çox müraciət daxil olub.
Dövlətimizin başçısına "ASAN məktəb" layihəsi barədə də məlumat verildi. Bildirildi ki, layihə Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək. Layihə çərçivəsində ilkin mərhələdə məktəbə Bərdə rayonunda qəbul aparılacaq. Xatırladaq ki, digər mərkəzlərdə olduğu kimi, burada da internetə açıq olan kompyuterlər qoyulub və vətəndaşların bütün növ elektron xidmətlərdən yararlanması üçün şərait yaradılıb. "ASAN xidmət" mərkəzində vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər -bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkündür. Xidmət sistemi müasir İP telefon və İP şəbəkə ilə təmin edilib. Prezident İlham Əliyev İnnovasiyalar zalında yeni layihələrlə tanış oldu. Bildirildi ki, sorğu robotu - ASAN robot "ASAN xidmət" mərkəzlərinə müraciət edən vətəndaşların istiqamətləndirilməsi və məlumatlandırılmasına xidmət edir. Belə ki, robot "Çağrı" mərkəzinin operatorları ilə canlı bağlantı yaradaraq vətəndaşın sorğu və müraciətinin qəbul olunmasını təmin edir.
"ASAN xidmət" mərkəzində "ASAN İnteraktiv Bələdçi" Azərbaycana gələcək turistlərin ölkəmizə dair məlumatları heç bir fərdi bələdçiyə ehtiyac duymadan, birbaşa öz smartfonları vasitəsilə əldə etmələrinə imkan verən mobil yenilikdir. Proqramı öz telefonlarına konfiqurasiya edən turistlər üzərində xüsusi Artex markeri olan obyektlərə dair məlumatları interaktiv və əyləncəli formada öyrənə biləcəklər. Proqram təminatının digər bir xüsusiyyəti də turistlərin konkret və darıxdırıcı proqrama tabe olmağa məcbur edilməməsidir. Bu da onların gəzinti vaxtı rahatlığına və maraqlandıqları obyektlərlə yaxından tanış ola bilmələrinə imkan verəcək. Proqramın təqdim olunan hissəsi üç bölmədən ibarətdir və hər bir bölmə Artex markeri yerləşdirilmiş fərqli posterlər üzərindən işləyir. Bölmələrdən biri iyun ayında "Bakı-2015" birinci Avropa Oyunlarının açılış və bağlanış tədbirlərinin keçiriləcəyi Olimpiya Stadionunun nümayişindən ibarətdir. Bu bölmədə Olimpiya Stadionuna dair məlumatlar görüntülü formada yerləşdirilib. Proqramın ikinci hissəsi Bərdə "ASAN xidmət"inin açılışına həsr olunub. Üçüncü bölmə isə Bərdə şəhərində yeni inşa edilən və Ümummilli Liderin adını daşıyan Heydər Əliyev Parkı haqqındadır. Burada parka dair məlumatlandırıcı videoçarx yerləşdirilib.
Buradakı "ASAN kadr" karyera mərkəzi "ASAN Məktəb" könüllülük proqramını bitirmiş gənclərə işə qəbul prosesində dəstək olmaq üçün yaradılmış elektron portaldır. www.asankadr.az portalı vasitəsilə işaxtaranlar və işəgötürənlər üçün məlumat bazası yaradılır. Belə ki, həm könüllülük proqramını bitirmiş gənclər öz tərcümeyi-hallarını portalda yerləşdirir, həm də işəgötürənlər burada vakant yerlər barədə elanlar verə bilirlər. Portalın axtarış sistemi hər iki tərəfin öz tələbatına uyğun iş yeri və ya kadrla təmin olunmasına şərait yaradır.
Dövlətimizin başçısı mərkəzdə Bərdə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Prezident İlham Əliyev:
-Yenidən Bərdədə olmağımdan çox məmnunam, çox şadam. Mən Bərdədə dəfələrlə olmuşam. Hər dəfə burada olanda gözəl obyektlərin açılışını qeyd edirik. Bu gün Bərdədə "ASAN xidmət" fəaliyyətə başlayıb. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm.
Gözəl binadır. Şəhərə yaraşıq verir. Daxili dizayn da gözəldir. Əsas məsələ ondan ibarətdir ki, burada yüksək xidmətlər göstəriləcəkdir. Bu, sayca səkkizinci "ASAN xidmət"dir. Dördü Bakıda fəaliyyət göstərir. Üçü bölgələrdə - Gəncə, Sumqayıt, Sabirabad şəhərlərində. Dördüncüsü də bölgələrdə məhz Bərdə şəhərində açılmışdır. Qəbələdə və Bakıda iki mərkəz tikilməkdədir. Əminəm ki, yaxın zamanlarda Masallıda da tikiləcək. Beləliklə, bütün ölkə üzrə "ASAN xidmət" fəaliyyət göstərəcək.
Bərdə şəhərində "ASAN xidmət"in fəaliyyətə başlaması əlbəttə ki, xüsusi məna daşıyır. Qarabağ bölgəsində ilk dəfə olaraq bu gözəl xidmət artıq fəaliyyətə başlayır. Bu gün rəsmi açılışını edirik. Novruz bayramından sonra isə artıq vətəndaşları qəbul etməyə başlayacaq.
"ASAN xidmət" Azərbaycan məhsuludur. İki ildən bir qədər çox müddət ərzində fəaliyyət göstərir. Bu gün buradakı lövhədə göstərilən bu dəyişən rəqəmlər, - görürsünüz, 4 milyon 120 min müraciət olub, - getdikcə artır. Bu müraciətlərin sayı bu lövhədə göstərilir - 4 milyon 120 min müraciət. Təxminən 4 milyon insan müraciət etmişdir və bürokratiyatısız, korrupsiyasız, rahat, mədəni şəkildə gözəl xidmətlər almışdır. "ASAN xidmət" doğrudan da ictimai xidmətlər, ümumiyyətlə ictimai əlaqələr sahəsində bir inqilab olub. Bu gün dünyanın aparıcı maliyyə qurumları bizim təcrübəmizi çox yüksək qiymətləndirir və tövsiyə edirlər ki, bu təcrübə başqa ölkələrdə də tətbiq olunsun. Azərbaycan indi intellektual məhsulları həm yaradır, həm də ixrac edir. Bu, doğrudan da çox böyük hadisədir.
Mən də çox şadam ki, yenidən Bərdədəyəm, doğma Qarabağ torpağındayam. Əminəm ki, Azərbaycanın ərazi bütövlüyü də bərpa ediləcək. Biz buna nail olmaq üçün daha da güclü olmalıyıq. Çünki bildiyiniz kimi, biz bu barədə dəfələrlə fikir mübadiləsi aparmışıq. Bütün beynəlxalq hüquq normaları Azərbaycanın mövqeyini dəstəkləyir. Tarixi ədalət də bizim mövqeyimizi dəstəkləyir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr bizim mövqeyimizi dəstəkləyir. Dünən Pakistan Prezidenti ilə strateji tərəfdaşlıq haqqında imzaladığımız Bəyannamədə münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll edilməsi öz əksini tapıb. Bu ayın əvvəlində Bolqarıstanda da strateji tərəfdaşlıq haqqında Bəyannamə qəbul edilmişdir. Orada da eyni cümlələr əksini tapıb: Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı.
Yəni, əgər bu məsələ beynəlxalq hüquq çərçivəsində həll edilsə idi, çoxdan həll olunardı. Əsas məsələ ondan ibarətdir ki, Ermənistan beynəlxalq hüquqa məhəl qoymur, qətnamələri icra etmir. Belə olan halda biz ancaq öz gücümüzə güvənməliyik və güvənirik. Ordu quruculuğu, güclü iqtisadiyyat, güclü siyasi mövqelərimiz hər gün bizim qələbəmizi yaxınlaşdırır. Son aylar ərzində Azərbaycan təmas xəttində üstünlüyü tam şəkildə təmin edibdir və bizim ordumuz, orduda xidmət edən gənclərimiz Vətəni ləyaqətlə qoruyurlar, düşmənə çox güclü zərbələr vururlar. Belə də olmalıdır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bütün cəmiyyətin diqqəti bu məqsədə yönəlibdir. Cəmiyyətdə indi müşahidə olunan həmrəylik, səfərbərlik iqtisadi və hərbi gücümüz bizim qələbəmizi şərtləndirən amillərdən biridir. Biz ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik. Mən buna əminəm və biz "ASAN xidmət"i Şuşada da yaradacağıq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Bərdə türbəsində aparılan təmir işlərinin gedişi ilə tanış olub. Qeyd edək ki, 1322-ci ildə Əcəmi memarlıq məktəbinin nümayəndələrindən olan Əhməd bin Əyyub Əl Hafiz Naxçıvani tərəfindən inşa olunmuş və hündürlüyü 12,5 metr olan türbənin yerüstü hissəsi üç əsas memarlıq quruluşundan ibarətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Bərdəyə səfəri çərçivəsində 1 nömrəli Uşaq İncəsənət Məktəbinin açılışında iştirak edib. Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi. Bildirildi ki, məktəbin tikintisinə 2014-cü ilin əvvəlində başlanılıb. Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti tərəfindən inşaat işləri yüksək səviyyədə aparılıb və bu ilin mart ayında başa çatdırılıb. İncəsənət Məktəbi üçmərtəbəlidir. Foyedə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif illərdə Bərdə rayonuna səfərlərini əks etdirən fotostendlər var. Məktəb Bərdədə uşaqların musiqinin sirlərinə mükəmməl səviyyədə yiyələnmələri üçün lazımi avadanlıqla təchiz olunub. Prezident İlham Əliyev şagirdlərin ifasını dinlədi. Sonda xatirə şəkli çəkdirildi.