PDF Oxu

Siyasət

  • 31

"Gənc Əkinçi"lər bir araya gəldilər

"Gənc Əkinçi"lər bir araya gəldilər

"İrəli" İctimai Birliyi gənclərin maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirərək Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə təşkil etdiyi "Gənc Əkinçi" layihəsini davam etdirir. SİA-nın məlumatına görə, "Gənc Əkinçi"nin əsas məqsədi Azərbaycanda peşəkar jurnalistikanı formalaşdırmaq, fəaliyyət göstərən kütləvi informasiya vasitələri arasında mövcud əlaqələri inkişaf etdirmək, yeni əlaqələrin qurulmasına şərait yaratmaqdır.Ümumilikdə layihədə 35 gənc jurnalist iştirak edir. Layihəyə cəlb edilən gənc jurnalistlərə peşakar təlimçilər və ixtisaslı kadrlar tərəfindən müxtəlif təlimlər, seminarlar keçirilir. Layihənin əsas hədəflərindən biri də təlimdə iştirak etmiş gənc jurnalistlərin komandasının formalaşdırıması, onların Azərbaycan həqiqətləri barədə xarici ölkə mətbuatına çıxışını təmin etməkdir.Bu gün "Gənc Əkinçi" Akademiyası iştirakçıları İsmayıllının Mədəniyyət sarayında tanınmış jurnalist, Azərbaycan Mətbuat Şurasının üzvü Azər Həsrətin təliminə qatılıblar. A.Həsrət bildirib ki, bu gün sosial media öz aktivliyi ilə seçilir və bundan da yetərincə yararlanmaq lazımdır: "Ümumiyyətlə onlayn media aləmində rahat hərəkət etmək olur. Sosial media bu gün Azərbaycanda geniş istifadə olunur. Ümumiyyətlə isə hər bir fərd onlayn məkanda özünü ifadə edərkən kimliyini açıqlamaqdan çəkinməməlidir. Çünki biz hamımız açıq cəmiyyət quruculuğu tərəfdarıyıq və hər bir insan özünü ifadə etməkdən çəkinməsin. Əksinə, özünü ifadə etməkdə çətinlik çəkənlərə şərait yaratmaq lazımdır ki, onlar bunu sərbəst edə bilsinlər. Bunun üçünsə internetin interaktiv imkanlarından istifadə zamanı öz kimliyini açıq şəkildə təqdim etməklə başqalarının da belə etməsini stimullaşdırmaq olardıq".Sonra gənc jurnalistlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin təliminə də qatılacaqlar. Bundan sonra isə onlar İsmayıllı rayon İcra hakimiyyətinin dəvəti ilə İsmayıllı rayon Mədəniyyət Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yaradıcı kollektivinin ifasında Ü.Hacıbəylinin "Leyli və Məcnun" operası tamaşasına baxacaqlar. Xatırladaq ki, tədbir İsmayıllı rayon İcra hakimiyyəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının birgə layihəsidir.Operada Leyli partiyasını Azərbaycan Respublikasının Xalq Artisti Nəzakət Teymurova, Məcnun rolunu isə Xalq Artisti Mənsum İbrahimov ifa edəcəklər. Tamaşanı Əməkdar İncəsənət Xadimi Sevil xanım Hacıyeva idarə edəcək. Qeyd edək ki, "İrəli" İB-nin "Gənc Əkinçi" Akademiyası layihəsi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu ilə birgə martın 12-15-dək davam edəcək. Təlimlərdən sonra yaradılacaq qrupla mütamadi işlərin aparılması, onlar üçün dil kurslarının təşkili, həmçinin gələcəkdə müxtəlif ölkələrin Kütləvi İnformasiya Vasitələrində təcrübə proqramlarına qatılması və həmin KİV-lərlə əməkdaşlığa cəlb edilməsi nəzərdə tutulur. Bu il İsmayıllı şəhərinin "Gənclər paytaxtı" elan edilməsini nəzərə alaraq təlimlər məhz bu rayonda keçirilir.

sia.az

Digər xəbərlər