ABŞ-ın bəzi siyasi dairələrinin və həmin dairələrə bağlılığı ilə seçilən beynəlxalq təşkilatların Azərbaycanda insan haqları ilə bağlı növbəti iddiaları həmişəki kimi qərəzli olması ilə seçildi. Təkrar motivlər üzərində qurulan hesabtların və bəyanatların birtərəfli hazırlanması ilk baxışdaca görünür. Məsələn, müxtəlif maddələrlə həbs olunan və konkret cinayət törədən şəxslər siyasi məhbus adı altında göstərilir. Bəzi ekspertlər isə hesab edirlər ki, bu kimi təşkilatların məqsədi Azərbaycanla Qərb, eləcə də ABŞ arasında olan münasibətlərə xələl gətirməkdir. Biz burada həm də erməni diasporunun fəallığını və digər qurumların ölkəmizə qarşı səylərini görürük. Lakin başlıca olaraq bilməliyik ki, bu hesabatlardan, bəyanatlardan ən çox istifadə edən məhz erməni diasporu və işğalçı Ermənistan dövlətidir. Təbii ki, onların Azərbaycana qarşı digər vasitələrlə təzyiq göstərmək imkanları az olduğuna görə, bunlar çalışırlar ki, hər bir fürsətdən istifadə edərək ölkəmizlə Qərbin, Avropa İttifaqı ilə ABŞ-ın münasibətlərinə xələl gətirsinlər.
Sanki planlaşma aparırlar və bu istiqamətdə koordinasiya qururlar
Digər tərəfdən, bir daha qeyd etmək yerinə düşərdi ki, siyasi proseslərdə həm daxili, həm də xarici vəziyyətlə bağlı Azərbaycan dövləti üçün gərgin vəziyyət yaratmaq istəyən qüvvələr daim olub. Sanki planlaşma aparırlar və bu istiqamətdə koordinasiya qururlar. Bunlar sanki Azərbaycana qarşı qurulmuş bir şəbəkədirlər. Hətta "5-ci kolon"un nümayəndələri arasında belə aktivləşmə var. Bunlar həm də xarici himayədarları tərəfindən koordinasiya olunmuş hadisələrdir. Eyni zamanda qərəzli beynəlxalq təşkilatların da bu sahədəki fəaliyyəti nəzərdən qaçmamalıdır. Ancaq bu təşkilatlar nədir və ya kimdir? Onlar hər zaman Azərbaycanın radikal və dağıdıcı müxalifətinin təbliğat ruporu kimi iştirak ediblər. Ümumiyyətlə, bütün qərəzli bəyanatlar konkret olaraq Azərbaycan ilə bağlıdır.
Azərbaycanda insan hüquqlarından danşılırsa…
Azərbaycanda insan hüquqlarından danşılırsa, Dağlıq Qarabağ və həmin savaşda hüquqları pozulan 1 milyon qaçqınımızdan, məcburi köçkünümüzdən də danışmaq lazımdır. İnsan hüququndan danışılırsa, BMT-də icrasız qalan qətnamələrdən danışılmalıdır. İnsan hüquqlarından danışılırsa, bu gün dünyada gedən bir çox proseslərdən danışmaq olar. Ərəb ölkələrində gedən müharibələrdən söz açmaq olar. Elə qonşu Ermənistanda dalbadal seçki prosesində olan pozuntuları demək mümkündür.
Ancaq bütün bunlar Qərb "demokratiyasının" fəsadlarıdır. Bu fəsadlar bilavasitə Azərbaycana heç bir təsir imkanına da malik olmayacaq. Daha dəqiqi, zərbə bir bumeranq kimi Qərb və ABŞ "demokratiyasının" özünə tərəf qayıdacaq.
Rövşən NURƏDDİNOĞLU