Azərbaycanın çox ağır zamanında təsis olunsa da, qısa zamanda Yeni Azərbaycan Partiyası ictimai-siyasi proseslərə ciddi təsir etməsi baxımından özünü ifadə edə bilən lider təşkilata çevrildi. Yeni Azərbaycan Partiyası yüksək nüfuz qazanaraq cəmiyyətin bütün təbəqə və kateqoriyalarından olan sağlam qüvvələri öz ətrafında birləşdirə bildi, ümumxalq partiyası olmaq istiqamətində uğurlu addımlar atdı.
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin dediyi kimi, özünü müxalifət adlandıran indiki qruplardan fərqli olaraq, Yeni Azərbaycan Partiyası heç vaxt Azərbaycan dövlətçiliyinə müxalifətdə olmamışdır: "Yeni Azərbaycan Partiyası o vaxtkı antimilli və satqın iqtidara qarşı müxalifətdə idi və bu müxalifətdə tək deyildi. Bütün Azərbaycan xalqı o iqtidara müxalifətdə idi. Çünki hakimiyyətdə olanların səriştəsizliyi, bacarıqsızlığı, satqınlığı, milli xəyanət nümunələri, əlbəttə ki, bütün Azərbaycan xalqında onlara qarşı çox mənfi rəy formalaşdırmışdı".
Yeni Azərbaycan Partiyası xalq partiyası kimi yaranmışdır və bu gün də xalq partiyası kimi fəaliyyətini davam etdirir. YAP xalqın partiyasıdır, xalqa xidmət edir, O, milli maraqlarımızın keşiyində durur və Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızı və dövlətimizi daha da işıqlı gələcəyə aparır.
Ümummilli Lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası, xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, eyni zamanda, siyasi mübarizələrlə dolu şərəfli yol keçib. İqtidar partiyası olaraq Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir. Ən güclü, ən monolit siyasi təşkilat olan YAP bütün situasiya və məqamlarda ardıcıl, məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyi nümayiş etdirir. Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bir çox sahələrdə uğurlar qazanıb. Son 11 ildə Azərbaycan Respublikasının uğurlu inkişaf mənzərəsi hər kəsin gözü önündədir. Bu gün Azərbaycanın tərəqqisi dünyanın hər bir guşəsindən görünür. Azərbaycan xalqı Prezident İlham Əliyevin, Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşib. Bu baxımdan Yeni Azərbaycan Partiyasının sıraları günü-gündən genişlənir. Təbii ki, bu, Yeni Azərbaycan Partiyasına xalqın inamından və ehtramından irəli gəlir. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir.
BEYNƏLXALQ TƏŞKİLATLARDA TƏMSİL OLUNAN AZƏRBAYCAN MİLLİ MARAQLARINA XİDMƏT EDİR
Əlbəttə, Azərbaycanın əldə etdiyi bütün nailiyyətlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bununla yanaşı, ölkəmiz regional və qlobal miqyasda söz sahibinə çevrilib, beynəlxalq təşkilatlarda öz milli maraqlarına əsasən uğurla təmsil olunur. Azərbaycanın müstəqil və səmərəli xarici siyasətinin fonunda Yeni Azərbaycan Partiyası da çoxşaxəli beynəlxalq əlaqələrə malikdir. YAP-ın beynəlxalq əlaqələri mütəmadi olaraq genişlənir və birmənalı şəkildə dövlətin milli maraqlarına xidmət edir. Yeni Azərbaycan Partiyası həm Avropanın, həm də Asiyanın müxtəlif siyasi təşkilatları ilə geniş əməkdaşlıq münasibətlərinə malikdir. Bu kontekstdə Mərkəzçi Beynəlxalq Demokratlar Təşkilatı, Avropa Xalqları Partiyası ilə geniş əlaqələrə malik olan Yeni Azərbaycan Partiyası həm də Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (İCAPP) çərçivəsində səmərəli fəaliyyət göstərir.
SOSİAL RİFAHIN GÜCLƏNDİRİLMƏSİNƏ İSTİQAMƏTLƏNƏN SİYASƏT GƏNCLƏR SEKTORUNUN İNKİŞAFINA TƏSİR GÖSTƏRİB
Müasir dövrümüzdə YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Ulu Öndərin qurucusu olan və Onun ideyalarına sadiq qalan YAP hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib.
Ulu Öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunmasına xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, bu gün Milli Məclisdə, bələdiyyə qurumlarında çalışan gənc kadrların sayı hiss olunacaq dərəcədə artır. YAP istedadlı, cəmiyyətə və dövlətə xidmət etmək istəyən gəncləri ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə işlər görür. Partiyanın rəhbər tutduğu azərbaycançılıq ideologiyasının prinsipləri əsasında Azərbaycan gəncləri arasında vətənə sevgi, ölkə sərhədlərindən kənarda Azərbaycanı layiqincə təmsil etmək, milli-mənəvi dəyərlərimizi qorumaq təbliğ olunur.
YAP-ın gənclərlə bağlı ən uğurlu layihələrindən olan və 2007-ci ildən başlayaraq hər il keçirilən yay və qış liderlik məktəblərini xüsusi qeyd etmək olar. Sözügedən layihələrin əsas məqsədi Azərbaycan ərazisində yaşayan bütün gənclərin bir-birini daha yaxından tanımasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, gələcəkdə müxtəlif sahələrdə çalışacaq bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir.
Qeyd edək ki, ölkəmizdə gənclər birliklərinin hesabat-seçki konfranslarının keçirilməsi gənclərin fəaliyyətinin təhlil edilməsi baxımından əhəmiyyətlidir. Həyata keçirilən dövlət-gənclər siyasətinin nəticəsidir ki, respublikamızda ordu quruculuğunun, vətənpərvərlik tərbiyəsinin, sosial rifahın gücləndirilməsinə istiqamətlənən siyasət birbaşa gənclər sektorunun inkişafına xidmət edib. Bu günün gəncləri ölkə Prezidenti Cənab İlham Əliyevin ətrafında sıx birləşərək, Onun apardığı məqsədyönlü, alternativsiz siyasəti öz layiqli əməlləri ilə dəstəkləyirlər.
Real mənzərə göstərir ki, Yeni Azərbaycan Partiyası regionun və dünyanın tanınmış və nüfuzlu siyasi partiyalarından biridir.
Nəzakət ƏLƏDDİNQIZI