PDF Oxu

Siyasət

  • 28

Ölkə başçısının regionlara davamlı səfərləri inkişaf faktorunun təməl prinsipidir

Ölkə başçısının regionlara davamlı səfərləri inkişaf faktorunun təməl prinsipidir

İlham Əliyev: "Ölkəmizin inkişafı, eyni zamanda bölgələrin inkişafından keçir"

Azərbaycanda regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə aparılan siyasət inkişafın Azərbaycan modelinin əsas tərkib hissələrindən birini təşkil edir. Artıq ölkəmizin, xüsusilə regionların sosial-iqtisadi inkişafını müəyyən edən ikinci Dövlət Proqramı (2009-2013-cü illərə dair) başa çatmaq üzrədir. Dövlət Proqramı çərçivəsində həyata keçirilən uğurlu islahatların, yenidənqurma işlərinin nəticəsidir ki, hazırda Azərbaycanın bütün bölgələrində inkişafa nail olunub, regionların siması, insanların sosial həyatı əhəmiyyətli dərəcədə dəyişib.

Bütövlükdə, demək olar ki, regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən kompleks tədbirlərin tendensiyası, qazanılmış misilsiz nailiyyətlər tam əsasla bir real tezis meydana çıxarır: son 11 ildə Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə və yüksək indikatorlara nail olan, iqtisadiyyatını bir neçə dəfə inkişaf etdirməklə dünya üzrə ən proqressiv meyarlara malik olan tam modernləşən dövlətə çevrilib. Yəni regionların inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin ön komponenti olmaqla yanaşı, yeniləşmə, davamlı inkişaf, sosio-iqtisadi tarazlıq, müasir islahatlar, innovativ iqtisadiyyata keçid, yaradıcı quruculuq və digər sistemli hədəflərin reallaşmasında mühüm bir dövlət siyasətinin tərkib hissəsidir.

Bölgələr uğurla inkişaf edir, gözəlləşir və abadılaşır

Vurğulamaq yerinə düşər ki, dövlət başçısı İlham Əliyev ötən illərdə bütün rayonlara səfər edərək aparılan hər bir işlə yaxından tanış olub, müxtəlif infrastruktur və sosial obyektlərin açılışında iştirak edib. Prezident İlham Əliyev ötən ildə regionlara 23 dəfə səfər edib, 78-dən artıq respublika əhəmiyyətli sənaye müəssisəsinin, obyektin təməlqoyma və açılış mərasimlərində şəxsən iştirak edib. Məhz dövlət başçısının sistemli və davamlı xarakter alan bu səfərləri regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, bu səfərlər hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin müəyyənləşdirilməsi və həyata keçirilməsini təmin edir. Ölkə Prezidenti regionlara səfərləri zamanı vurğulayıb ki, Azərbaycanın inkişafı, eyni zamanda, bölgələrin inkişafından keçir: "Ölkəmizin inkişafı, eyni zamanda, bölgələrin inkişafından keçir".

Qeyd etmək lazımdır ki, son 11 ildə həyata keçirilən məqsədyönlü islahatlar, bir sıra ümummilli proqramlar, mühüm infrastruktur layihələrin uğurla reallaşdırılması ölkəmizin sosial-iqtisadi mənzərəsini xeyli dərəcədə dəyişmiş, tarazlı inkişaf və davamlı yüksəliş üçün möhkəm əsas yaratmışdır. Azərbaycanda baş verən iqtisadi artım genişmiqyaslı islahatlar, mühüm dövlət proqramlarının reallaşdırılması, yeni iş yerlərinin yaradılması, yoxsulluğun minimal həddə endirilməsi və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə müşayiət olunubdur.

Regionların inkişaf proqramlarının icrası iqtisadiyyatın 3,2 dəfə artmasına səbəb olub

Ötən 11 ilin təcrübəsi göstərir ki, ölkənin sosial-iqtisadi inkişafında prioritet kimi müəyyən edilmiş və neft-qaz gəlirlərindən səmərəli istifadə etməklə regional tarazlığın təmin edilməsində regional inkişaf üzrə dövlət proqramları mühüm rol oynayıb. İcrası başa çatmış iki Dövlət Proqramı çərçivəsində Azərbaycanın iqtisadi qüdrəti daha da yüksəlib, ölkədə işgüzar fəallıq artıb, regionlarda sahibkarlıq fəaliyyəti daha da genişlənib, geniş və ölkənin bütün coğrafi hüdudlarını əhatə edən iri infrastruktur layihələri həyata keçirilib. Bölgələrdə ən müasir texnologiyaların tətbiq olunduğu və beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlər yaradılıb. İstehsal müəssisələrində işlə təmin olunan vətəndaşların rifahını xarakterizə edən keyfiyyət göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşıb. Məlum olduğu kimi regional inkişaf üzrə hər iki dövlət proqramlarının icrası ölkənin makroiqtisadi göstəricilərinin sürətlə yaxşılaşmasına səbəb olub, bu bövrdə (2004-2014-cü illər ərzində) ümumi daxili məhsul (ÜDM) 3,2 dəfə, adambaşına ÜDM-in həcmi 2,8 dəfə, qeyri-neft sektoru 2,6 dəfə artmış və ölkəmizdə orta illik iqtisadi artım 12,9 % təşkil edib. Strateji valyuta ehtiyatları 31 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, idxal 4,1 dəfə, qeyri-neft ixracı 4,7 dəfə artıb. Dövlət büdcəsinin gəlirləri 16 dəfə, orta aylıq əmək haqqı 5,5 dəfə, pensiyalar 9,6 dəfə, əhalinin əmanətləri 27 dəfə artıb. Minimum əmək haqqının məbləği ötən 10 ildə 11,7 dəfə artıb, yoxsulluğun səviyyəsi 2003-cü ildəki 44,7 faizdən 2013-cü ildə 5,3 faizə düşüb.

Prezident İlham Əliyevin vətəndaşlarla açıq şəkildə təmas qurması onlarda dövlətə olan dərin inamı daha da möhkəmləndirir

Prezident İlham Əliyevin hər dəfə yerli sakinlərlə görüşü bir daha təsdiq edir ki, dövlət başçısının səfərləri ölkə vətəndaşlarında böyük ruh yüksəkliyi yaradır və onları daha əzmlə çalışmağa sövq edir. Dövlət başçısı bütün çıxışlarında həmişə ölkə vətəndaşlarının daha yaxşı yaşamaları, hər bir sosial infrasturktur və kommunal xidmət növləri ilə təmin olunmaları, rahat istirahət etmələri üçün lazım olan bütün şəraitin yaradılacağını bildirir. Regionlara səfərləri çərçivəsində əhali ilə görüşlərində respublikamızın bütün bölgələrində yeni istehsal və xidmət müəssisələrinin istifadəyə verildiyini, iş yerlərinin açıldığını, abadlıq işlərinin aparıldığını xatırladan dövlət başçısı bu tədbirlərin birbaşa yerli sakinlərin, ümumilikdə, bütün ölkə vətəndaşlarının rahat və yaxşı yaşamalarına xidmət etdiyini bildirir.

"Bizim siyasət sosialyönümlü siyasətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" deyən Prezident İlham Əliyev hər bir rayonda insanların normal yaşaması, ölkəmizin sosial-iqtisadi tərəqqisi üçün dövlət siyasətinin gücləndiriləcəyini bəyan edir: "Bu, bizim siyasətimizin konkret nəticələridir. Bizim siyasətimiz sosialyönümlüdür. Bir daha demək istəyirəm ki, sosial siyasətin əsas məqsədi Azərbaycanı gücləndirmək, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaqdır".

Göründüyü kimi, Prezident İlham Əliyevin rayonlara sistemli və davamlı xarakter alan səfərləri regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin müəyyən edilməsini və həyata keçirilməsini təmin edir. Azərbaycanın dövlət başçısı regionlardakı kənd və qəsəbələrin, ölkənin hər bir yaşayış məntəqəsinin sosial infrastrukturunun yaxşılaşdırılması üçün tələb olunan maliyyə vəsaitlərinin ayrılmasını təmin edir. Bütün ölkə üzrə aparılan yenidənqurma işlərinin və inkişaf proqramlarının həyata keçirilməsinə dövlət büdcəsindən ayrılan xərclərlə yanaşı, Prezidentin Ehtiyat Fondundan da əlavə maliyyə vəsaitləri yönəldilir ki, bu da insanların rahatlığına, firavan yaşamasına səbəb olur.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər