PDF Oxu

Siyasət

  • 26

Qarsda Trans-Anadolu qaz boru kəmərinin təməli qoyuldu

Qarsda Trans-Anadolu qaz boru kəmərinin təməli qoyuldu

İlham Əliyev: "Bu gün tarixi gündür və bu layihə ilk növbədə Türkiyə-Azərbaycan birliyinin layihəsidir"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Türkiyə Respublikasının Qars şəhərinə işgüzar səfərə gəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Qarsda Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Martın 17-də Qarsda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

Görüşdə strateji tərəfdaşlıq, dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Türkiyədə təməli qoyulan TANAP layihəsinin əhəmiyyəti vurğulandı, əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli görüşlərin rolu qeyd edildi. Azərbaycanın və Türkiyənin iştirak etdikləri mühüm strateji layihələrin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verdiyi bildirildi. Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Trans-Anadolu qaz boru kəməri - TANAP-ın təməlinin qoyulması münasibətilə təntənəli mərasim keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili mərasimdə iştirak ediblər. Əvvəlcə TANAP layihəsinə həsr olunmuş film nümayiş etdirildi. Filmdə qeyd olunur ki, TANAP Türkiyə və Azərbaycan qardaşlığının Anadoluya atılan imzasıdır. Azərbaycanın və Türkiyənin birgə səylərinin məhsulu olan bu layihə üzrə saziş 2012-ci ildə İstanbulda imzalanıb. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələ 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. Mərasimdə Türkiyə, Azərbaycan və Gürcüstanın dövlət himnləri səsləndi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev TANAP-ın həyata vəsiqə qazanmasının Azərbaycan və Türkiyə dövlət başçılarının səyləri nəticəsində mümkün olduğunu bildirdi, bu layihənin ölkələrimizin inkişafına və xalqlarımızın rifahına xidmət etdiyini diqqətə çatdırdı. "Bu gün burada ABŞ Prezidenti Barak Obamanı və dövlət katibi Con Kerrini təmsil etmək mənim üçün şərəfdir", - deyən Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hoxstayn bildirdi ki, ABŞ "Cənub" qaz dəhlizini 20 il bundan əvvəl başlayan Bakı-Tbilisi-Ceyhan boru xətti prosesinin tamamlanması kimi görür. TANAP layihəsinin həyata keçirilməsinin ABŞ hökuməti üçün çox önəmli olduğunu deyən A.Hoxstayn "Cənub" qaz dəhlizi layihəsinin icrası ilə bağlı Birləşmiş Ştatların dəstəyini ifadə etdi. Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç 2014-cü ildə Bakıda "Cənub" qaz dəhlizinin, 6 ay sonra isə TANAP layihəsinin təməlinin qoyulmasını mühüm hadisə kimi dəyərləndirdi. "Cənub" qaz dəhlizinin əsas hissələrindən olan TANAP-ın reallaşmasına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən M.Şefçoviç dedi ki, layihəyə böyük əhəmiyyət verən Avropa İttifaqı işlərin yüksək səviyyədə həyata keçirilməsi üçün bundan sonra da əlindən gələni edəcək. Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Avropa İttifaqı ölkələrinin təbii qaza ehtiyacının ödənilməsi istiqamətində mühüm layihə olan TANAP-ı "Cənub" qaz dəhlizinin əsas həlqəsi adlandırdı. O, böyük siyasi əhəmiyyətə malik bu layihənin ölkələrimizdəki iqtisadi inkişafın təminatçısı olacağını dedi. Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili "Cənub" qaz dəhlizinin ölkəsi üçün də çox önəmli olduğunu qeyd edərək, bu layihənin regionun inkişafında mühüm rol oynayacağını bildirdi. Gürcüstan dövlətinin başçısı TANAP layihəsinin Asiya ilə Avropa arasında enerji dəhlizi rolunu oynadığını, ticarət, turizm və digər layihələrin inkişafına xidmət edəcəyini, ölkələrimizin enerji təhlükəsizliyinin təmin olunmasına güclü dəstək verdiyini diqqətə çatdırdı. Mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bir daha Türkiyədə olmaqdan məmnunluğunu bildirdi, gələn ay Çanaqqala zəfərinin 100 illik yubileyində qardaş ölkəyə yenidən səfər edəcəyini söylədi.

Ardı Səh. 3

Digər xəbərlər