Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, dövlət və hökumət nümayəndələri şənlikdə iştirak ediblər. Dövlətimizin başçısı, xanımı və ailə üzvləri əvvəlcə Qız qalasının qarşısındakı meydana gəldilər. Milli geyimli uşaqlar Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik etdilər. İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar. Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.
Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının ifasında baharı, Azərbaycanı tərənnüm edən mahnıların sədası ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururdu. Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı. Dövlətimizin başçısı bayram şənliyində nitq söylədi. Prezident İlham Əliyev öz nitqində diqqətə çatdırıb ki, Novruz bizim əziz, sevimli bayramımızdır, milli sərvətimizdir. Xalqımız əsrlər boyu Novruzu əziz bayram kimi qeyd edir: " Ancaq müstəqillik dövründə biz bu bayramı rəsmi bayram kimi qeyd etməyə başlamışıq və sabahdan 9 gün istirahət günüdür. Bizim müstəqilliyimiz də milli dəyərlər, ənənələr üzərində qurulubdur. Müstəqilliyimizin möhkəmləndirilməsi üçün çox böyük işlər görülübdür. İyirmi dörd ilə yaxındır ki, Azərbaycan müstəqil dövlət kimi yaşayır və inkişaf edir. Müstəqilliyimizin ilk illəri ölkəmiz, xalqımız üçün çox ağır keçmişdir. Vətəndaş qarşıdurması, vətəndaş müharibəsi, torpaqlarımızın işğal altına düşməsi, iqtisadi və siyasi böhran əlbəttə ki, müstəqilliyimizə çox böyük zərbə vurmuşdu. Ancaq ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra vəziyyət sabitləşdi. Azərbaycanda siyasi və iqtisadi islahatlar aparılmağa başlanmış və ölkəmiz inkişaf yoluna qədəm qoymuşdur. O vaxtdan - 1990-cı illərin ortalarından bu günə qədər 20 il ərzində Azərbaycan sürətli inkişaf dövrünü yaşayır, müstəqilliyimiz möhkəmlənir, güclənir və Azərbaycan bu gün dünya miqyasında çox dəyərli ölkə, tərəfdaş kimi tanınır."
Prezident İlham Əliyev öz nitqində bildirib ki, biz müstəqil siyasət aparırıq. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir: "Əsrlər boyu xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Ancaq öz milli xüsusiyyətlərini qoruyub saxlaya bilmişdir. İlk növbədə, biz milli dəyərlərimizi, bayramlarımızı, ədəbiyyatımızı, incəsənətimizi, doğma ana dilimizi, xalq kimi özümüzü qoruya bilmişik. Bu gün isə biz azadıq. Azərbaycan xalqı öz taleyinin sahibidir. Bu günün reallıqları göstərir ki, ancaq müstəqillik dövründə bizim xalqımız yüksək zirvələrə çata bilər. Bugünkü dövr əgər bizim bütün tariximizi nəzərə alsaq, ən sürətli inkişaf dövrüdür. Biz bundan sonra da müstəqil həyatımızı təmin edəcəyik. Xalqımızın rahat yaşamasını təmin edəcəyik. Ancaq o da təbiidir ki, Azərbaycan gücləndikcə bizə təzyiqlər də artır. Bizim müstəqil siyasətimiz heç də hamıya xoş gəlmir. Belə olan halda bizə qarşı təzyiqlər də artır və təzyiq mexanizmləri də işə salınır. Bunun nəticəsidir ki, bu gün bəzi xarici dairələr Azərbaycana qarşı açıq kampaniya aparırlar. Biz buna hazırıq. Bu kampaniya əslində heç vaxt dayanmamışdır. Sadəcə olaraq önəmli beynəlxalq tədbirlər ərəfəsində bu kampaniya daha da eybəcər formalar alır. Biz bunu üç il bundan əvvəl - 2012-ci ildə "Eurovision" müsabiqəsi ərəfəsində görmüşük. Bu gün də birinci Avropa Oyunları ərəfəsində bunu görürük. Bu, koordinasiya şəklində təşkil edilmiş, bir və ya bir neçə mərkəzdən idarə olunan antiazərbaycan kampaniyasıdır ki, bunun məqsədi ölkəmizi ləkələmək, qaralamaq, işlərimizə kölgə salmaq və Azərbaycanı geridə qalmış, qeyri-demokratik, azad olmayan ölkə kimi təqdim etməkdir. Bütün bunlar təbii ki, yalan üzərində qurulur. Ona görə nə Azərbaycan xalqı, nə dünya ictimaiyyəti buna inanmır. Azərbaycan xalqı hər şeyi öz gözü ilə görür. Son illərin inkişafı, şəhərlərimizin abadlaşdırılması, ölkəmizin iqtisadi, sosial inkişafı, beynəlxalq nüfuzumuzun artırılması göz qabağındadır. Eyni zamanda, bizim işlərimiz dünya ictimaiyyəti üçün də artıq sirr deyil. Çoxsaylı tədbirlər, sərgilər, konfranslar, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təqdimatı artıq beynəlxalq ictimaiyyətə də Azərbaycan haqqında kifayət qədər dolğun məlumatın çatdırılması üçün şərait yaradır.
Ancaq buna baxmayaraq, biz görürük ki, dırnaqarası ekspertlər, politoloqlar, keçmiş dövlət xadimləri, mətbuat orqanları sanki Azərbaycana qarşı soyuq müharibə elan etmişlər. Bir daha demək istəyirəm ki, bütün bu səylərin heç bir nəticəsi yoxdur, ola da bilməz. Dünyada elə qüvvə yoxdur ki, Azərbaycan xalqının iradəsinə təsir edə bilsin. Azərbaycanda bütün azadlıqlar təmin edilib. Azərbaycanda azad cəmiyyət formalaşıb. Hər kəs azaddır. Azad mətbuat təmin edilib. İnternetə heç bir məhdudiyyət qoyulmur, azad internet var. Sərbəst toplaşmaq azadlığı təmin edilib. Vicdan, din azadlığı bəzi ölkələrdən fərqli olaraq tam şəkildə təmin edilibdir. Ancaq bizi ittiham etmək istəyən dairələrin öz ölkələrindəki vəziyyətə baxın. Bax elə dünən Avropanın mərkəzində yüzlərlə nümayişçi döyülərək, söyülərək həbs edilibdir. Başqa yerlərdə insanlar boğularaq, güllələnərək öldürülürlər. Heç kim də buna görə məsuliyyət daşımır. Haradadır o qeyri-hökumət təşkilatları ki, bizi ittiham edirlər? Niyə susurlar? Niyə öz səslərini ucaltmırlar? Niyə o ölkələri ittiham etmirlər? Cürətlərimi çatmır? Yoxsa ki, bu, ikili standartlar siyasətidir?! Yəqin ki, hər ikisidir. Nə üçün beynəlxalq qurumlar bəyanatlar yaymırlar, vermirlər? Nə üçün qətnamələr qəbul edilmir? Bax bu suallara cavab almaq çox çətindir. Mən həm xarici həmkarlarımla, həm beynəlxalq təşkilatların rəhbərləri ilə çoxsaylı görüşlərimdə bu sualları açıq şəkildə onların üzünə deyərək verirəm. Bəlkə buna görə də Azərbaycana qarşı təzyiqlər daha da kəskinləşir. Əfsuslar olsun ki, bu gün dünya siyasətində beynəlxalq hüquq yox, riyakarlıq, ikili standartlar, ayrı-seçkilik, irqçilik, islamofobiya, ksenofobiya hökm sürür. Budur bugünkü reallıqlar. Ona görə, biz buna hazır olmalıyıq və biz hazırıq. Biz ölkəmizi gücləndiririk, ölkəmizi inkişaf etdiririk. Bir daha demək istəyirəm ki, Azərbaycanda bütün azadlıqlar mövcuddur - siyasi azadlıqlar, vicdan azadlıqları, iqtisadi sərbəstlik. Bu gün Azərbaycan istər iqtisadi inkişaf, istər dinlərarası dialoq baxımından nümunəvi bir ölkədir.
Bu gün hər tərəf alovlanır, Yaxın Şərq, Avropa, MDB məkanı, ya qanlı toqquşmalar, yaxud da ki, etnik, dini zəmində qarşıdurmalar, qarşılıqlı ittihamlar. Baxın, Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Bu, bizim siyasətimizdir, xalqın da sifarişidir. Azərbaycan bu gün dünya üçün əhəmiyyətli ölkəyə çevrilibdir. Bizi beynəlxalq aləmdə dəstəkləyən ölkələrin sayı durmadan artır. Dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə seçilmişik. Qoy bizi ittiham etməyə çalışan ölkələr 155 ölkənin dəstəyi ilə seçilsinlər, görək necə seçilirlər.
Bax budur reallıq. Ona görə, əlbəttə ki, Azərbaycan xalqını bu ədalətsizlik, ikili standartlar siyasəti, riyakarlıq və siyasi mədəniyyətsizlik üzür. Ancaq bu, bizim iradəmizə heç vaxt təsir edə bilməz."
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri Dənizkənarı Milli Parka gəldilər. Dövlətimizin başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşıladılar. Kosa və Keçəl Prezident İlham Əliyevi və ailə üzvlərini bayram münasibətilə təbrik etdilər. Milli Parkda təşkil edilən milli-mənəvi dəyərlər və idman stendləri bayram şənliyinə xüsusi çalar qatırdı. Burada ölkəmizin müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları və hazırlanmış sənətkarlıq nümunələri maraqla qarşılandı. Bir tərəfdə isə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar məharətlərini göstərirdilər. Dövlətimizin başçısı və ailə üzvləri bərəkətli Azərbaycan torpağında yetişdirilən məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə tanış oldular. Müxtəlif rayonlardan gətirilmiş Novruz mətbəxinin nümunələri şənlik iştirakçılarında maraq doğururdu. Ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayiş olunduğu şənlikdə, həmçinin Novruz bayramının rəmzi olan müxtəlif şirniyyat nümunələri də təqdim edilirdi. Prezident İlham Əliyev və ailə üzvləri Azərbaycan xalçalarının nümunələrinə də baxdılar. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram şənliyində "Bakı-2015" birinci Avropa Oyunlarına həsr olunmuş stendlərin qarşısında idmançıların çıxışlarını da izlədilər.