"Bu, təkcə məzhəblərarası savaş deyil"
"Yəməndə baş verən hadisələrə, eyni zamanda İranda silahlı iğtişaşlara diqqət yetirsək şahidi olarıq ki, bu hadisələr təkcə məzhəblərarası savaş deyil, həmçinin regional maraqlarda üstünlük əldə etmək iddiasıdır. Bütün bunlar da bir mərkəzdən idarə olunan sistem üzərində həyata keçirilir". Bu fikirləri SİA-ya Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa müsəlman dövlətlərində baş verən son proseslərə münasibətini açıqlayarkən deyib.Millət vəkili eyni məzhəbdən olan qüvvələrin belə bir-birlərinə qarşı kəskin mövqedə dayandıqlarını və fəaliyyətlərini ancaq öldürmək, məhv etmək yönündə aparmağa çalışdıqlarını söyləyərək qeyd edib ki, "İslam Dövləti"-nin (keçmiş adı İŞID-ın) gündəmə gətirilməsi hər halda ABŞ-ın nəzarəti altında illərdir formalaşan bir qruplaşmanın ortaya çıxması kimi xarakterizə olunur: "Onlar da təkcə şiələrə qarşı deyil, həmçinin sünni təriqətinə mənsub olan insanlara qarşı da vəhşiliklər törədirlər. Bu baxımdan da bu cür məsələləri məzhəblərarası deyil, bilavasitə məzhəblərdən istifadə edərək ayrı-ayrı güc mərkəzlərinin bölgədə vəziyyəti qarışdırmaq və yenidən formalaşdırma niyyətini ortaya qoymaqdan ibarətdir".
sia.az