PDF Oxu

Siyasət

  • 16

Mirzə Sakitlə cəbhəçilərin davası pik həddə çatıb

Mirzə Sakitlə cəbhəçilərin davası pik həddə çatıb

Fikrət Hüseynli: "Mirzə Sakitin Türkiyədə oteldə çəkilmiş videoları var"

Mirzə Sakit: "Milli Şura əcinnələr üçün saman çöpü rolunu oynayır"

Mirzə Sakitlə AXCP funksionerləri, ümumilikdə cəbhəçilər arasındakı dava pik həddə çatıb. Cəbhəçi "Azadlıq" qəzetinin keçmiş əməkdaşı Fikrət Hüseynli ilə Mirzə Sakitin söz dueli isə bir çox mətləblərə aydınlıq gətirib. Qarşılıqlı ittihamlar əsl rezonans yaradıb desək, yanılmarıq.

"Məni məcbur etməsin ki, onun daha çirkli əməllərini açıqlayım"

Öncə F.Hüseynlinin ittihamlarına keçək: ""Mirzə" təxəllüslü Sakit Zahidov Azərbaycanda 3 il həbs yatdığına görə düşünür ki, bütün ölkə, xalq ona borcludur. Hansı ki, bu adam 3 il həbs yatdıqdan sonra Almaniyaya dəvət edilib, Hamburq şəhərində evlə təmin edilib. Bir il ərzində hər ay Almaniya hökuməti tərəfindən 3 ay 1200, sonra isə 1500 avro təqaüdlə təmin edilib. Ailə üzvlərilə görüş üçün şərait yaradılıb. Bütün xərcləri Almaniya dövləti ödəyib. Həmin dövrdə məhz AXCP sədri Əli Kərimlinin xahişi ilə Hamburq Azərbaycanlıları Cəmiyyətinin sədri Azər Rövşən Sakit Zahidova olmazın diqqətlərini göstərib. Lakin çörəyi dizinin üstündə olduğundan sonradan bunları çox tez unudub. Məndə olan məlumata görə, Sakit Zahidovun Türkiyədə oteldə çəkilmiş videoları var. Hətta bəzi məlumatlara görə, bunlar elə çəkilişlərdir ki, Sakit Zahidova (Mirzə Sakit) "özünü çıx Eyfelin başından at" desələr, onu da edər. Sakit Zahidovun guya AXCP sədri Əli Kərimli, Cəmil Həsənliylə bağlı mənim hansısa ifadələr dediyimi utanmazcasına iddia etməsi ağ yalandır. Çünki hər kəs mənim müxalifətlə əlaqələrimi, münasibətlərimi bilir. Eyni zamanda mənim leksikonumda Sakit Zahidovun dediyi sözlər yoxdur. Həmçinin biz bir neçə dəfə aksiyada görüşmüşük. Amma bütün görüşlərdə siyasi mühacirlər, Demokratik Azərbaycan Hərəkatının üzvləri olub. Sakitlə mənim ikili görüşüm olmayıb. O üzdən də belə çirkincəsinə yalan danışması həm də digər siyasi mühacirlərə atılmış şər və iftiradır. Ona ölkəsindən didərgin düşmüş bir şəxs kimi hər zaman qapımı açmışam. Ən çətin günlərində diqqət göstərib düşünmüşəm ki, Sakit Zahidov nəhayət ki, yaşına, ağarmış başına, nəvə-nəticəsinə baxıb düzələcək. Təəssüf, görünür ki, səhv etmişəm və "qozbeli qəbir düzəldər" ifadəsi doğru imiş. S.Zahidov davamlı "Azadlıq"a qarşı istifadə edilib. Hətta 2009-cu ildə Osloda olan zaman sığınacaq istəmək bəhanəsilə təyyarəyə gecikib. Sonradan isə "Azadlıq"ı nüfuzdan salmaq üçün norveçlilərə dedi ki, guya onu aldadıb küçənin ortasında qoyub gediblər. Və sonra da heç nə olmamış kimi norveçlilərin hesabına yeni bilet aldırıb öncə Tbilisiyə, sonra da Bakıya gedib. Olayın şahidi özüməm. Sakit Zahidov Avropaya gələndən sonra da tamahına sahib ola bilməyib".

F.Hüseynli sonda satirik şairə ismarıc da yollayıb: "Məni məcbur etməsin ki, onun daha çirkli əməllərini açıqlayım".

Mirzə Sakitin də cavabı çox gecikməyib, ona da əsas tribunanı "Yeni Müsavat" qəzeti verib. Əslində, bu, gözlənilən addım idi. M.Sakit ona qarşı səsləndirilən ittihamlara belə cavab verib. M.Sakit öncə "otel məsələsi"ndən danışıb: "Əcəba, Fikrət bəydə belə məlumat hardandır? Deyim ki, adamlar tutarlı bir arqument tapmayanda insanların şəxsi həyatlarına burunlarını soxmağa cəhd edirlər... Türkiyədə kiminlə oldum, kiminlə hara getdim, bunun məsələyə nə dəxli var axı... Lap tutaq ki, hansısa bir xanımla görüşmüşəm, bəyəm bunu ictimailəşdirməklə başqasına "şam tutanlıq" yaraşarmı? Tez-tez bu adamın dilindən "Mirzə Sakit həbsdə yatmağını özünə qəhrəmanlıq hesab edib beynimizi xarab edir", - sözü səslənir. Fikrət dəfələrlə Ə.Kərimlini söyüb, Cəmil Həsənlini kukla, Milli Şuranı da kukla teatrı adlandırıb. Sonra da guya onları "əziz-xələfləməsi"ni ona görə dedim ki, yəni riyakarlıq etmə, olduğun kimi görün, göründüyün kimi ol. Bu adamlar əgər Milli Şuranı və başqa siyasi fəaliyyətlərini gerçəkdən də ciddi olduğunu düşünürlərsə, o zaman söhbəti məhz bunun üzərində qurarlar, nəinki başqasının şəxsi məsələlərinə burunlarını soxmaq".

"Uzunqulaq kimi sizin sorağınız dərədən gələcək"

Mirzə Sakit Milli Şura mövzusuna toxunub: "Sözügedən qurum iflasa uğrayıb, onun heç bir sosioloji yükü yoxdur və xalqı xoşbəxt günlərə çıxartmaq imkanından çoxdan məhrum olub. Ümumiyyətlə, heç buna cəhd də etməyib, xalq o Şuranın fəaliyyətini heç zaman hiss etməyəcək, o şura hal-hazırda "Yurd" əcinnələri üçün saman çöpü rolunu oynayır. Onların heç bir tutarlı, arqumentlərə söykənən konsepsiyaları yoxdur, eləcə "hakimiyyət koorrupsionerdir, ölkənin sərvətini dağıdır, məhkəmələr qeyri-müstəqildir" deməklə məsələ bitmir. Gözəl bilirlər ki, o şurada təmsil olunan əsas "nüvə başlıqları"nın özləri anti-demokratik, avtoritarlığa meylli adamlardırlar. Bunu görmək üçün mikroskopa ehtiyac yoxdu, orda təmsil olunan "Yurd" təşkilatının funksionerləri haqda sizə çox maraqlı bir söhbət edim və özünüz də onların anti-demokratik olmalarının şahidi olacaqsınız. 2010-cu ildə mənim "Azadlıq" qəzetindən haqsız yerə uzaqlaşdırılmağımla bağlı "qırğınlarımız" başlamışdı, bu haqda qəzetlər, saytlar yazırdılar. Həmin vaxt "Yurd" təşkilatının Ali Məclisinin sədri hörmətli Həsən Kərimov mənə zəng edib dedi ki, gəl filan yerə, səninlə vacib söhbətimiz var. Getdim. Gedib gördüm ki, həmin yerdə Həsən Kərimov, Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, Sahib Kərimov, Şahin Həsənli, İnqilab Kərimov və "Yurd"un başqa funksionerləri yığışıblar. Həsən bəy mənə dedi ki, bax, sən qəzetlərə, saytlara müsahibələr verirsən, hakimiyyət və bizi sevməyən insanlar da bundan sevinirlər. O vaxt "Yurd"un təşkilat şöbəsinin sədri olan Şahin Həsənli cənabları dedi ki, dayanın mən Mirzəyə bir sual verəcəm. Dedim buyur. Şahin bəy haqlı olaraq dedi ki, ay Mirzə, olmazdımı bu narazılıq öz aramızda həllini tapaydı, bu "sirrimiz" də evdən bayıra çıxmazdı? Dedim, düz deyirsən Şahin bəy, amma indi mənim cavabımı dinlə. Və üzümü bir-bir onlara tutub dedim: "Həsən bəy, mənim öz işimə bərpa olunmağım haqda sizdən kömək üçün neçə dəfə xahiş etdim? Fuad bəy, sizə neçə dəfə xahiş etdim? Gözəl xanım, sizə neçə dəfə xahiş etdim? Sahib bəy, İnqilab bəy, Əli Kərimli ilə isə dəfələrlə bu haqda canlı söhbətimiz oldu və o da üzümə qarşı dedi ki, "Azadlıq" qəzetinin mənə qətiyyən dəxli yoxdu...". Beləliklə, özlərinin yanındaca bunu dedikdən sonra Şahin bəy etiraf edərək dedi ki, baxın bəylər, bu yerdə Mirzə haqlıdır. Amma buna baxmayaraq, bu adamlar mənə yenə başladılar qəzəl oxumağa. Dedim ki, cənablar, qəzəl yazmaqla mən məşğul oluram, vicdanınızın səsini dinləyin. Dedim və qalxıb getdim. Bundan başqa, Əvəz Zeynallı şahiddir. Bir nəfər "Yurd" funksioneri Əvəz bəyi aramızda xoşməramlı vasitəçi qismində hesab edib, onunla söhbət aparmışdı. Həmin söhbətdə Əvəz bəyə demişdi ki, Mirzə Sakitlə danış. Əgər Mirzə RATİ-nin ofisində mətbuat konfransı təşkil etsə və orda hamının yanında ayağa qalxaraq, nümayişkaranə şəkildə Əli Kərimlidən üzr istəsə həmin gün Mirzə Sakit "Azadlıq" qəzetinə bərpa olunacaq.

İnanın ki, bu sözü eşidəndə dəhşətə gəldim, mən Əli Kərimlidən hansı günahlarıma görə üzr istəməli idim axı? Bu adamların məni sındırmağa cəhd etmələrində məqsədləri nədir görəsən? Əli üzr istəməli olduğu halda nəyə görə mən üzr istəməliyəm? Mənim də haqqımı onlardan tələb etməyimə anormallıq kimi baxan insanın özü anormal hesab olunur. Ən azı ona görə ki, öz tapdalanmış haqlarının, hüquqlarının bərpası uğrunda mübarizə apara bilməyən bir insan bu boyda cəmiyyətin hüquqlarını necə müdafiə edə bilər axı. Son olaraq, burdan "Yurd"çulara və onların bütpərəstlərinə səslənib deyirəm ki, ağıllı olun. Çünki sonradan o uzunqulaq kimi sizin sorağınız dərədən gələcək".

sia.az

Digər xəbərlər