PDF Oxu

Siyasət

  • 31

Milli-tarixi faciələrimizin öyrənilməsi hər bir ziyalının vətəndaşlıq borcudur

Milli-tarixi faciələrimizin öyrənilməsi hər bir ziyalının vətəndaşlıq borcudur

YAP İsmayıllı rayon təşkilatı 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş rayon ziyalılarının iştirakı ilə dəyirmi masa keçirib.

Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açaraq, soyqırımı və terrorun Ermənistanın dövlət siyasətinin əsasını təşkil etdiyini bildirib: "Etnik təmizləmə siyasətini açıq həyata keçirən, bir əsrdə günahsız azərbaycanlıların məhvi ilə nəticələnən neçə-neçə soyqırımı və qətliamlar törədən ermənilər tarixdə görünməyən vəhşiliklərin müəllifləridirlər. Azərbaycan xalqına qarşı ermənilərin ötən əsrlərdə apardıqları soyqırımı siyasəti nəticəsində milyonlarla soydaşımız, günahsız insanlar qətlə yetirilmiş, kəndlər, şəhərlər dağıdılmış, yandırılmışdır. Terrorun, işğalçılıq siyasətinin dövlət səviyyəsində dəstəkləndiyi Ermənistanın Azərbaycana qarşı zaman-zaman ərazi iddiaları səbəbilə baş verən qırğınların hələ də davam etdirilməsi nəticəsində minlərlə azərbaycanlı öldürülmüş, diri-diri yandırılmış, əlil olmuşdur. Ermənilərin törətdikləri soyqırımları zamanı qətlə yetirilənlərin, dağıdılan kəndlərin, tarixi abidələrin sayını hesablamaqla qurtarmaz. Təkcə 1918-ci ildə Çəmbərəkənd qəbiristanlığında dəfn olunan bakılıların sayı 15-20 min arasında olub. Erməni vəhşiliyinin nümunəsi olan Quba məzarlığı daşnak siyasətinin qanla yazılmış bir səhifəsi kimi hər kəsi dəhşətə gətirir. 1988-ci ildə Dağlıq Qarabağda başlanan və daşnak siyasətinə, ideyalarına xidmət edən hadisələr, Qərbi Azərbaycanda-Vardenisdə, Qukarkda, Qacaranda, Qafanda, Gorusda, Alaverdidə törədilmiş qanlı aksiyalar 250 mindən artıq soydaşımızın doğma yurdunu tərk etməsi ilə nəticələnib".

Ə.Vahabova bildirib ki, ermənilərin azərbaycanlılara qarşı yönəlmiş soyqırımına ilk siyasi qiyməti Ümummilli Lider Heydər Əliyev 26 mart 1998-ci ildə imzaladığı Fərmanla verərək, daha bir tarixi missiyanı yerinə yetirdi. Azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdıran, dünyada bu kimi hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli bu sənədin əhəmiyyəti böyükdür.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq səviyyədə aparılan ideoloji təbliğatın əsas prioritetləri Dağlıq Qarabağ haqqında həqiqətlərin, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaqdır. Xocalı soyqırımını ötən əsrin faciəsi adlandıran dövlətlərin sayının artması, Azərbaycanın haqq işinin müdafiəsi o deməkdir ki, münaqişənin həlli üçün balanslaşdırılmış siyasətə üstünlük verən Azərbaycan xalqının, Prezident Cənab İlham Əliyevin mövqeyi dünya ictimaiyyəti tərəfindən dəstəklənir.

Tədbirdə çıxış edən Ramiz Baloğlanov, Hafiz Kərimov, Ruhiyə Mahmudova, Leyla Babayeva, Əsgər Manafov, Pərviz Qədirov, Təranə Məmmədova və başqaları qeyd edib ki, son iki yüz ildə xalqımız dəfələrlə kütləvi qırğınlara və soyqırımlara məruz qalmışdır. Qeyd olunub ki, bu gün ermənilər xalqımızın qan yaddaşının bərpa olmasından, tarixi keçmişində ona qarşı edilən zülmlərdən xəbərdar olmasından, erməni şovinizminin, erməni terrorizminin ifşa olunmasından çox narahatdırlar. Digər tərəfdən, Azərbaycanın bir dövlət kimi qüdrətlənməsi, onun regionun aparıcı dövlətinə çevrilməsi, Ermənistanın isə bütün beynəlxalq layihələrdən təcrid olunması, insan ehtiyatlarının tükənməsi onun bir dövlət kimi perspektivsizliyindən xəbər verir. Azərbaycan isə sülhpərvər, beynəlxalq hüquq normalarına hörmət edən, separatizmin və terrorçuluğun əleyhinə ardıcıl mübarizə aparan bir dövlət imici qazanıb. Azərbaycanın haqq işi, o cümlədən ona qarşı edilən tarixi ədalətsizliyin bərpası istiqamətində atdığı addımlar tədricən beynəlxalq ictimaiyyət tərəfindən anlaşılır və qəbul edilir. Azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırımların tanınması da gec-tez tarixi ədalətsizliyə verilən hüquqi-siyasi qiymət kimi dünya dövlətləri tərəfindən qəbul ediləcək. Bildirilib ki, Azərbaycanın milli-tarixi faciələrinin dərindən öyrənilməsi və gənc nəslin qan yaddaşının möhkəmləndirilməsi hər bir ziyalının vətəndaşlıq borcudur.

ZÜMRÜD

Digər xəbərlər