Ukrayna parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub
Milli Məclisdə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının nümayəndə heyəti ilə görüşüblər. Milli Məclisdən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov qonaqlara Milli Məclisin strukturu, tərkibi və fəaliyyəti, qanunvericilik prosesi barədə məlumat verib. Ölkələrimiz arasındakı dostluq və əməkdaşlıqdan söz açaraq nüfuzlu beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış etdiyimizi məmnunluqla vurğulayıb.Eldar İbrahimov Ukraynanın ərazi bütövlüyünü və suverenliyini birmənalı olaraq dəstəklədiyimizi və bu mövqenin Azərbaycanın dövlət siyasəti olduğunu bildirib.Çıxış edən Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Ali Radada Pyotr Poroşenko Blokunun deputatı Roman Nəsirov deyib ki, bu səfərə böyük əhəmiyyət verirlər.Qonaq ötən il Ali Radaya keçirilmiş seçkilərdən sonrakı dövrdə göstərdikləri fəaliyyətdən bəhs edib. O, məlumat verib ki, başçılıq etdiyi işçi qrupda iyirmi yeddi deputat var və onlar parlamentdəki bütün fraksiyaları təmsil edirlər. Söhbət zamanı Roman Nəsirov ölkəmizin vaxtilə üzləşdiyi çətinliklərdən uğurla çıxdığını qeyd edərək Azərbaycandan çox şey öyrənmək əzmində olduqlarını bildirib. R. Nəsirov iqtisadi sahədə hökumətlərarası komissiyanın işinin fəallaşdırılması vacibliyinə də toxunub. Parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi üçün qarşılıqlı səfərlərin vacib olduğunu vurğulayan R. Nəsirov Milli Məclisin deputatlarını Ukraynaya dəvət edib.Görüş zamanı deputatlardan Rüfət Quliyev, Elmira Axundova, Adil Əliyev ukraynalı həmkarlarına xoş münasibətlərini ifadə edilər. Ölkələrimiz arasında ən müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsi üçün geniş perspektivlərin olduğu diqqətə çatdırılıb.Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərindən Sergey Taruta, Maksim Kuryaçiy əməkdaşlıqla əlaqədar təkliflərini diqqətə çatdırdılar.Görüşdə Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko fikirlərini bölüşüb.Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparıldı.
sia.az