İlham Əliyev: "Bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz"
Məlum olduğu kimi, martın 18-də Trans-Anadolu qaz boru kəməri TANAP-ın təməli qoyuldu. Türkiyənin Qars vilayətinin Selim rayonunda Trans-Anadolu qaz boru kəməri - TANAP-ın təməlinin qoyulması münasibətilə təntənəli mərasim keçirildi. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili iştirak ediblər.
"Bir millət, iki dövlət" prinsipi əsasında Azərbaycan-Türkiyə arasında münasibətlər yüksələn xətlə inkişaf edir
Müstəqilliyin ilk illərində Türkiyə iki qardaş ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq dövlət quruculuğu yolunda respublikamızın səylərini daim dəstəkləməklə, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərmişdir. Azərbaycanın dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə dövləti ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdəki kursun yüksələn xətt üzrə inkişafını təmin etdi. Xüsusilə də, iki dövlətin rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinə zəmin yaratdı. Ümummilli Lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına, dinamik şəkildə, eləcə də çox uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qardaş Türkiyə dövləti ilə münasibətləri yüksələn xətt üzrə inkişaf etdirərək starteji müttəfiqlik səviyyəsinə qalxmasında əhəmiyyətli rol oynadı. "Bir millət, iki dövlət" prinsipi əsasında inkişaf edən münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Azərbaycan Prezidenti İlham Əliyev hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın inkişafında əhəmiyətli rol oynadığını bildirərək qeyd etmişdir ki, "Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox uğurla inkişaf edir. Bu əlaqələr dostluq-qardaşlıq əsasında qurulubdur. Bizim çox zəngin birgə tariximiz, ortaq dəyərlərimiz vardır. Bu gün Türkiyə ilə Azərbaycan arasında əlaqələr bu möhkəm təməl əsasında qurulur. Son iyirmi ilə yaxın müddətdə Türkiyə ilə Azərbaycan arasında əlaqələr daim yüksək səviyyədə olmuşdur. Bu gün bu gözəl ənənələr davam edir və bütün məsələlərdə əməkdaşlığımız yaxşı nəticələr verməkdədir".
TANAP-ın təməlində iki ölkə arasında dostluq və qardaşlıq münasibətləri dayanır
Qeyd edək ki, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) - təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək layihədir. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. 5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 mlrd. ABŞ dollarıdır. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.
Beləliklə də, yaxın beş ildə TANAP layihəsinin icrasına nail olunacaq və Azərbaycan Türkiyə üçün önəmli qaz təminatçısı olmaqla yanaşı, eyni zamanda, Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya nəql ediləcəkdir. Dövlət başçısı İlham Əliyev beş il müddətinə başa çatması nəzərdə tutulan və tikintisinin layihə dəyəri 7 milyard dollar olan TANAP-ın Türkiyə ilə Azərbaycanın maliyyə və texniki imkanları hesabına reallaşacağını qeyd edərək, layihənin təməlində iki ölkə arasında dostluq və qardaşlıq münasibətləri dayandığını və dövlətlərimiz arasındakı siyasi münasibətlərin dünyada örnəyinin olmadığını bildirmişdir.
Bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynamışdır. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə əlaqələrimiz uğurla inkişaf edir. Bu səbəbdən Azərbaycanın dövlət başçısı İlham Əliyev bəyan etmişdir ki, bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz.
Bununla yanaşı, Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından eləcə də, geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir.
"Bu gün tarixi gündür və bu layihə, ilk növbədə, Türkiyə-Azərbaycan birliyinin layihəsidir"
Martın 18-də Trans-Anadolu qaz boru kəməri TANAP-ın təməlqoyma mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bir daha Türkiyədə olmaqdan məmnunluğunu bildirib, gələn ay Çanaqqala zəfərinin 100 illik yubileyində qardaş ölkəyə yenidən səfər edəcəyini söyləyib. "Bu gün tarixi gündür və bu layihə, ilk növbədə, Türkiyə-Azərbaycan birliyinin layihəsidir", - deyən dövlət başçısı ölkələrimizin bir-birinin uğurlarına hər zaman sevindiyini diqqətə çatdırıb. Bildirib ki, 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi və cəsarəti sayəsində reallaşan "Əsrin müqaviləsi" ilə başlanan enerji siyasəti nəticəsində ilk dəfə Xəzər dənizinə xarici neft şirkətləri gəldi. Xəzər neftinin ixrac olunması üçün inşa edilən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi bölgənin və qitənin enerji təhlükəsizliyində əvəzsiz rol oynadı. TANAP qaz kəmərinin də bu enerji dəhlizi üzrə inşa edildiyini deyən Prezident İlham Əliyev dünya miqyasında böyük qaz yataqlarından olan "Şahdəniz"in "Cənub" qaz dəhlizi üçün yeganə resurs mənbəyi olduğunu vurğulayıb. Qısa vaxtda dünyada böyük dəstək qazanan TANAP, 2013-cü ildə "Cənub" qaz dəhlizinin tərkib hissəsi kimi seçilən TAP layihələri üzrə işlərin cədvəl üzrə gedəcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı "Cənub" qaz dəhlizini Avropanın ən böyük infrastruktur layihəsi kimi dəyərləndirib. Bildirib ki, Azərbaycanın malik olduğu nəhəng qaz ehtiyatları "Cənub" qaz dəhlizini təmin edəcək, bu layihə ölkələr arasında yeni əməkdaşlıq formatlarının yaranmasına səbəb olacaq.
Türkiyə, Azərbaycan və Gürcüstanın birgə təşəbbüsü ilə həyata keçirilən layihələrin hər zaman uğur qazandığını vurğulayan, bu layihənin də eyni taleyi yaşayacağına əminliyini bildirən Prezident İlham Əliyev Avropanın qaza olan tələbatının ödənilməsində Azərbaycanın mühüm rolunu vurğulayıb, TANAP layihəsinin təməlinin Novruz bayramı ərəfəsində, ilaxır çərşənbə günündə qoyulmasının rəmzi məna daşıdığını dedi və layihəyə uğurlar arzulayıb.
RƏFİQƏ KAMALQIZI