"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 20-24 aprel tarixlərində keçiriləcək yaz sessiyası təxminən qondarma erməni soyqırımının 100 illiyi ilə eyni vaxta təsadüf edir. İstisna deyil ki, Ermənistan tərəfi AŞPA-da yenidən öz köhnə ampulasında qalsın və isterik hərəkətləri daha da artsın". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli AŞPA 20-24 aprel tarixlərində keçiriləcək yaz sessiyasının gündəliyində nəzərdə tutulan mövzular haqqında danışarkən deyib.Politoloqun sözlərinə görə, AŞPA-nın faktiki olaraq bu sessiyası hesab edirəm ki, onların pozuculuq fəaliyyəti ilə daha çox yadda qalacaq: "Belə olan vəziyyətdə Azərbaycan tərəfi də istənilən gedişlərə hazırdır. Azərbaycan diplomatiyası hücum taktikasına söykənir. Bu sessiya çərçivəsində azərbaycanlı girovların taleyi və onların azad olunması ilə bağlı məsələnin gündəmdə saxlanılacağı və bu məqsədə çatmaq yolunda müvafiq addımların atılacağı istisna deyil. Bu məsələlər ətrafında çox ciddi müzakirələrin olacağı proqnozlaşdırılır. Bununla belə, Azərbaycan tərəfi bu sessiya çərçivəsində əvvəllər irəli sürdüyü (Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi) məsələləri, elcəcə işğalçı ölkəyə qarşı müəyyən təsir mexanizmlərini gündəmdə saxlaya bilər. Təbii ki, bununla da bağlı BMT nizamnaməsinin 41-ci maddəsində bu məsələ öz əksini tapıb. Həmin maddəyə görə, işğalçı, sülhə təhlükə yaradan tərəfə qarşı qeyri-dinc təsiretmə mexanizmləri nəzərdə tutulur".
sia.az