İlham Əliyev: "Azərbaycanda ərzaq təhlükəsizliyi 100 faiz daxili istehsal hesabına təmin edilməlidir"
Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan Azərbaycan dövləti əhalinin ərzaqla etibarlı təminatına dair çoxşaxəli tədbirlər həyata keçirir və ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramları qəbul edir. Hazırda ölkədə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri sayılır.
Qeyd etmək lazımdır ki, 2003-cü ildən sonra Azərbaycanda sürətli iqtisadi inkişafın başlaması ilə əlaqədar aqrar sahənin daha da intensivləşdirilməsi üçün görülən tədbirlər genişlənib. Aqrar sahənin inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi strategiyasının başlıca istiqamətlərindən birini təşkil edir. Belə ki, ölkə əhalisinin təxminən 1,5 milyon nəfərinin aqrar sektorda çalışması baxımından bu sahənin inkişaf etdirilməsi həm də qeyri-neft sektorunun inkişafı, işsizliyin və yoxsulluğun azaldılması baxımından xüsusi əhəmiyyət kəsb etməkdədir.
Aqrar sektorun inkişafında Dövlət Proqramlarının əhəmiyyəti
Ölkə iqtisadiyyatın dinamik inkişafında və uğurların qazanılmasında regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı dövlət proqramları da mühüm rol oynayıb. İntensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönəldilmiş siyasət, həyata keçirilən dövlət dəstəyi tədbirləri öz nəticəsini verib, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olub. Ölkəmizdə ərzağa olan daxili tələbatın öz potensialımız və imkanlarımız hesabına ödənilə bilməsi üçün regionlarda infrastrukturun yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və bu proses davam edir. Təsadüfi deyil ki, fevralın 5-də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxışı zamanı Prezident İlham Əliyev aqrar bölmənin daha da inkişaf etdirilməsinin dövlətin əsas prioritetlərindən biri olduğunu bildirib. Azərbaycanda ərzaq təhlükəsizliyi məsələlərinin həll edildiyini vurğulayan dövlət başçısı deyib ki, məhsuldarlıq artırılmalıdır və artırılacaqdır: "Aqroparkların, logistika mərkəzlərinin yaradılması məsələlərinə diqqət yetirilməlidir. Həm Azərbaycanda, həm başqa ölkələrdə logistika mərkəzləri yaradılmalıdır və biz yeni istehlak bazarlarına çıxmalıyıq. Bu gün Azərbaycan artıq öz kənd təsərrüfatı məhsullarını ixrac edir və gələcəkdə bu, daha böyük rəqəmlərlə ölçüləcəkdir. Ona görə də, yeni bazarlara çıxışı təmin etmək vacib məsələdir. Bir sözlə, Azərbaycanda ərzaq təhlükəsizliyi 100 faiz daxili istehsal hesabına təmin edilməlidir. Son illərdə biz özümüzü əsas ərzaq məhsulları ilə yüksək dərəcədə təmin edə bilmişik. Ancaq hələ ki, buna tam şəkildə nail olmamışıq".
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransdakı yekun nitqində ölkə başçısı Cənab İlham Əliyev demişdir: "Azərbaycanda ərzaq təhlükəsizliyi 100 faiz daxili istehsal hesabına təmin edilməlidir. Yerli istehsalın gücləndirilməsi, idxaldan asılılığımızın azaldılması, ixracyönümlü məhsulların yetişdirilməsi prioritet məsələlərdir. Bunların həllinə bütün dövlət qurumları kömək göstərməlidir".
"Kənd təsərrüfatı ili" - aqrar sektorun inkişafında yeni təkan
Məlum olduğu kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 2015-ci il Azərbaycanda "Kənd təsərrüfatı ili" elan edilmişdir. Sərəncamda qeyd olunur ki, 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan edilməsi aqrar sektorun inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi daşıyır.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov iqtisadi diversifikasiya və qeyri-neft sektorunun şaxələnməsi aspektindən bu ilin dövlət başçısı İlham Əliyev tərəfindən "Kənd təsərrüfatı ili" elan edilməsilə aqrar sektorun inkişafına daha çox diqqət ayrılmasını müsbət hal hesab edir. Onun sözlərinə görə, ümumi daxili məhsulda payı 6 faizindən az olan sözügedən sektorda hazırda əmək qabiliyyətli əhalinin 38 faizinin çalışdığını nəzərə alsaq, təbii ki, bu sahə yalnız qeyri-neft ixrac qabiliyyətinin artırılması deyil, eyni zamanda məşğulluğun təmin edilməsi baxımdan da əhəmiyyətlidir. V.Bayramov "Kənd təsərrüfatı ili"ndə sahə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlarımızın işinin asanlaşdırılması üçün bir sıra işlərin görülməsini də vacib hesab edir. O, qeyd edib ki, subsidiyaların verilməsi şərtlərində dəyişiklik edilməsi, şəffaflığın gücləndirilməsi, koorperativlərin, klasterlərin yaradılması prosesinin sürətləndirilməsi, xarici investorlar ilə birlikdə ölkəmizdə kənd təsərrüfatı texninka və avadanlıqlarının istehsalının həyata keçirilməsinə ehtiyac var: "Subsidiyaların verilməsi üçün tətbiq edilən bu meyar da kifayət qədər sadədir. Subsidiya məbləğlərinə yenidən baxılmaqla yanaşı, aqrar sektora yönəldilən subsidiyaların verilməsi meyarlarının dəyişdirilməsinə ehtiyac var. İndiki halda strateji məhsullar kimi yalnız taxıl və buğda yetişdirilməsindən ibarət olmamalıdır. Eyni zamanda strateji məhsullara pambıq, ölkənin ərzaq təhlükəsizliyi ilə birbaşa bağlı olan digər məhsulların da aid edilməsinə ehtiyac var. Bu baxımdan strateji məhsulların strukturunun dəyişdirilməsi olduqca vacibdir. Strateji məhsullara daxil edilən ərzaq növlərinin sayının artırılmasına ehtiyac var".
Millət vəkili Əli Məsimli də bildirib ki, bu Sərəncam ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsinin əsas prioritet olduğunu bir daha təsdiqlədi. Millət vəkili vurğulayıb ki, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının sənayedən sonra ikinci önəmli sahəsidir. Onun sözlərinə görə, ölkəmizdə iqtisadiyyatla məşğul olanların 40 faizə yaxını kənd təsərrüfatında çalışır: "Dünyanın 11 iqlim qurşağından 9-unun Azərbaycanda mövcud olması bu sahənin böyük potensiala malik olması anlamını verməkdədir. Həmin potensialı işə salmaqdan ötrü dövlət bir sıra tədbirlər həyata keçirir. Fermerlər üçün bir sıra güzəştlər müəyyən edilib. Kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər bütün vergilərdən azad edilmişlər. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət subsidiyalar verir".
Ə.Məsimli, həmçinin söyləyib ki, Prezident İlham Əliyevin 2015-ci ilin Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili" elan edilməsi haqqında Sərəncamı kənd təsərrüfatının inkişafına dövlət dəstəyi gücləndiriləcək, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatlarının təşkili sahəsindəki işlər genişləndiriləcək".
Beləliklə, məhz bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində hazırda ölkəmiz bir çox strateji ərzaq məhsulları üzrə tələbatını yerli istehsal hesabına ödəyir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan, dövlət başçısının respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı məqsədilə vaxtaşırı verdiyi tapşırıqlar, tövsiyələr, imzaladığı fərman və sərəncamlar, dövlət proqramları növbəti illərdə də Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət kəsb edəcək və qarşıya qoyulmuş vəzifələr uğurla icra olunacaqdır.
RƏFİQƏ KAMALQIZI