Və ya həyasızlıq mərəzi
Məlum olduğu kimi, martın 31-də "hüquq müdafiəçiləri" Rəsul Cəfərov və İntiqam Əliyevin məhkəmə iclaslarında iştirak etmək adı ilə ölkəmizə qanunsuz daxil olmaq istəyən "Human Rights Watch" təmsilçisi Georgi Qoqianın paytaxta girişinə icazə verilməyib.
Məhz bundan sonra Azərbaycana qarşı yenidən qərəzli hesabatlar yayan bu beynəlxalq təşkilatın dairələri dərhal növbəti siyasi həyasızlığa əl atıblar. Guya Qoqiyanın Bakı hava limanında saxlanılaraq geriyə qaytarılması "ölkəmizdə insan hüquqlarının pozulmasına dəlalət edən halı təsdiqləyirmiş" (?!-R.N.).
I Avropa Oyunları ərəfəsində ölkəmizin beynəlxalq imicinə xələl vurmağa cəhd göstəriblər
Əlbəttə ki, bütün bu kimi olayların arxasında dayanan əsas amillərdən biri "Human Rights Watch"ın ("HRW"), necə deyərlər, qaşınmayan yerdən qan çıxarmaq istəyidir. Çünki adıçəkilən təşkilatın rəhbərliyi, xüsusilə Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Vilyamson da yaxşı bilir ki, onların belə çirkin, heç bir çərçivəyə sığmayan təxribatçı əməllərinin qarşısı alınacaq. Bu səbəbdən də I Avropa Oyunları ərəfəsində əllərində olan bütün imkanlardan istifadə edərək, ölkəmizin beynəlxalq imicinə xələl vurmağa cəhd göstəriblər.
Bu cür təşkilatların ölkəmizdə "at oynatmaq", bununla da öz arzularına çatmaq istəklərinin qarşısı hər zaman alınıb
Daha bir məqam isə budur ki, "HRW"-nin rəhbərliyi Bakıya göndərdikləri əməkdaşları Georgi Qoqianın qara siyahıda olmadığını iddia edərək, onun ölkəmizə buraxılmasında heç bir problemin olmadığını deyiblər. Lakin unudublar ki, əslində "HRW"-nin, eləcə də Azərbaycanın beynəlxalq aləmdəki yüksək nüfuzuna müxtəlif çirkin vasitələrə qara yaxmağa çalışan digər beynəlxalq təşkilatların ölkəmizdə "at oynatmaq", bununla da öz arzularına çatmaq istəklərinin qarşısı hər zaman alınıb, bundan sonra da belə olacaq. Çünki həmin təşkilatlar bütövlükdə qərəzli qurum kimi çoxdan qara siyahıda öz yerlərini tutublar və onların həmin siyahıya Azərbaycan dövləti deyil, bu dövləti müdafiə edən xalq, sağlam düşüncəli ictimai rəyi salıb. Çünki istər "HRW", istər "Freedom House", istərsə də başqa bənzər təşkilatlar məhz onları maliyyə tərəfdən təmin edən erməni lobbisinin verdiyi sifarişləri əsasında fəaliyyət göstərirlər. Düzdür, onlar bunu nə qədər inkar etsələr də danılmaz və kifayət qədər yetərli əsaslar ortadadır. Bunun isə inkar etmək qeyri-mümklndür.
Dövlətimiz sizlərin başlarına sığalmı çəkməliydi?!
Məsələn, biz dəfələrlə şahidi olmuşuq ki, başda "HRW" olmaqla, bir sıra qərəzli beynəlxalq təşkilatlar Azərbaycanın işğal olunmuş ərazilərinə dəfələrlə səfərlər edib, erməni separatçılarının liderləri ilə görüşlər keçirib, hətta qondarma DQR-in bayram tədbirlərinə belə qatılıblar. Bu baxımdan, Azərbaycanın müvafiq dövlət qurumu həmin regiona səfərlər edən şəxslərin siyahısını da müəyyənləşdirib.
Hazırda siyahıda 435 nəfərin adı var. Rəsmi Bakı bəyan edib ki, Azərbaycan tərəfinin müvafiq razılığı olmadan Azərbaycanın işğal olunan ərazilərinə səfər etmək qanunsuzdur. Siyahıya daxil edilən şəxslərə isə təbii ki, Azərbaycana giriş qadağan olunur.
Məhz bu amilləri nəzərə alaraq, istər Qoqianın, istərsə də digər beynəlxalq təşkilat nümayəndələrinin ölkəyə buraxılmamaları onları qıcıqlandırır. Bu zaman bu cür suallar yaranır – siz Azərbaycanın işğal olunmuş ərazilərinə ölkəmizin razılığı olmadan səfərlər edərkən, bunun nəticəsinin necə olacağını bilmirdinizmi? Əgər bunu bilə-bilə edirsinizsə, demək, yenidən Azərbaycana girişinizin qadağan olunacağını da dərk edirdiniz. Bu zaman belə siyasi həyasızlığınıza görə dövlətimiz sizlərin başlarına sığalmı çəkməliydi?! Hər halda qara-qışqırıq salıb, təxribatçılıq etməkdənsə, bu sualların üzərində düşünüb, nəticə çıxarmağınız daha yaxşı olardı.
Rövşən NURƏDDİNOĞLU
P.S. "HRW"-nin Avropa və Mərkəzi Asiya üzrə üzrə direktoru Vilyamson, görəsən Qoqiyanın Azərbaycana buraxılmaması səbəbindən nökərçilik etdiyi erməni lobbisinə hansı cavabı verəcək?