PDF Oxu

Siyasət

  • 27

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr genişlənir

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr genişlənir

Prezident İlham Əliyev: "Bizim aramızda çox fəal siyasi dialoq mövcuddur"

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun aprelin 2-də rəsmi qarşılanma mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumu qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktuma raport verdi. Birləşmiş Ərəb Əmirliklərinin və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktuma, Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun qarşısından keçdi. Prezident İlham Əliyev və Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum rəsmi foto çəkdirdilər. Rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun geniş tərkibdə görüşü olub.

Prezident İlham Əliyev:

-Zati-aliləri, hörmətli qonaqlar. Sizi Azərbaycanda səmimi salamlayıram. Biz Sizin səfərinizə böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz ölkələrimiz arasında qardaşlıq münasibətlərini gücləndirəcək. Bizim aramızda çox fəal siyasi dialoq mövcuddur. Biz beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edirik.

BMT və İslam Əməkdaşlıq Təşkilatında ölkənizin bizə göstərdiyi dəstəyə görə minnətdarıq. Azərbaycan da öz növbəsində hər zaman bütün beynəlxalq təsisatlarda Sizin ölkənizi dəstəkləyir. Ona görə də xalqlarımız arasındakı qardaşlığa əsaslanan güclü siyasi əlaqələr və fəal siyasi dialoq ikitərəfli tərəfdaşlıq üçün olduqca özəl format yaradır.

Sözsüz ki, iqtisadi əməkdaşlıq və investisiya ilə əlaqədar məsələlər mühüm əhəmiyyət kəsb edir. Şadıq ki, Sizin Ticarət Palatanızın xaricdə ilk ofisi 3 il əvvəl Bakıda yaradılıb. Qarşılıqlı investisiyalar, müxtəlif layihələrin birgə icrası, birgə müəssisələrin yaradılması üçün yaxşı imkanlar var, xüsusilə də turizm sahəsində. Bildiyiniz kimi, Azərbaycandan çox adam Sizin gözəl ölkənizə səfər edir. Ümidvarıq ki, Sizin ölkənizdən də turistlər Azərbaycana daha tez-tez səfərlər edəcəklər. Beləliklə, əməkdaşlığın formatı çox genişdir. Əminəm ki, nümayəndə heyətləri üzvlərinin xüsusi layihələrlə bağlı fikir mübadiləsi aparmaq imkanı olacaq. Bir daha Sizi salamlayıram və Azərbaycanda yaxşı vaxt keçirməyi arzulayıram.

Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid ƏL-Maktum:

- Çox təşəkkür edirəm. Biz səmimi qarşılandıq. Əlaqələrimizi daha da genişləndirmək və yaxşılaşdırmaq üçün bu gözəl ölkədə olmaqdan çox şadıq. Bu, ölkənizi görmək üçün yaxşı imkandır. Bizim bir-birimizdən öyrənəcəyimiz şeylər var.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi perspektivləri, qarşılıqlı və birgə investisiyalar, turizm və digər məsələlər müzakirə olundu.

Görüşdə regional təhlükəsizlik və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Geniş tərkibdə görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun iştirakı ilə Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında sənədlərin imzalanması mərasimi olub.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Fövqəladə Halların, Böhranların və Fəlakətlərin İdarə Edilməsi Komitəsi arasında fövqəladə halların idarə olunması sahəsində Anlaşma Memorandumunu Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Məhəmməd Qarqaş imzaladılar. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Birləşmiş Ərəb Əmirliklərinin Qiymətli Kağızlar və Əmtəə Komitəsi arasında yardım və qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumunu Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan Bin Səid Əl-Mənsuri imzaladılar.

Digər xəbərlər