"ABŞ-ın bir çox ştatlarında hələ bu günə kimi də ölüm hökmü saxlanılmaqdadır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli ABŞ-da ömürlük həbs olunan insanların 20-30 ildən sonra bəraət almasına münasibət bildirərkən deyib.Politoloqun sözlərinə görə, Avropa Şurasına bu və ya digər dövlət qəbul olunarkən mühüm tələblərdən biri ölüm hökmünün ləğv edilməsi ilə bağlı məsələdir: "ABŞ özünü dünyada insan hüquq və azadlıqlarının ən mühüm carçısı, bayraqdarı kimi təqdim etsə də, Amerikada hələ də ölüm hökmü saxlanılmaqdadır. Ən dəhşətli məqam isə ondan ibarətdir ki, ölüm hökmünə məhkum edilmiş şəxslər 20-30 ildən sonra azadlığa buraxıla bilirlər. Əgər ağır cinayət törətmiş şəxs azadlığa buraxılırsa, burada insanların hansı hüquq və azadlıqlarından söhbət gedə bilər? Hesab edirəm ki, humanizm prinsipi daha yüngül cinayət törətmiş insanlara münasibətdə tətbiq edilə bilərdi. Əgər bu və ya digər şəxs öz cinayətinə görə ömürlük həbs olunubsa və sonradan o azadlığa çıxarılırsa, burada humanitarlıq prinsiplərindən söhbət gedə bilməz. Bu, sırf cinayətkarın azadlığa buraxılması anlamındadır. Məhz elə bunun hesabınadır ki, ABŞ dünyada ən çox cinayət hadisələri baş verən ölkə kimi tanınır. Əslində Amerikada demokratiya, insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı məsələlər "sabun köpüyü"nə bənzəyir".
sia.az