Müxalifət düzəlməyəcək. Əminliklə deyirəm və sübut da edərəm. Ən azı ona görə ki, 25 ilə yaxındır ki, bu məxluqlar "çevir tatı, vur tatı" prinsipindən uzağa gedə bilmədilər. Yəni meydan dövründə hansı təfəkkürdə və düşüncədə idilərsə, bu gün də eyni prinsiplərə malikdirlər. Yenə də İsa Qəmbər müxalifətin parçalanması fonunda Müsavatın sosial bazasını genişləndirməyə ümid bəsləyirsə, AXCP sədri Əli Kərimli avrointeqrasiya çağırışları ilə çıxış etməklə ən azı maddi durumunu bir qədər də yaxşılaşdırmağa cəhd edib. ADP sədri Sərdar Cəlaloğlu utanıb-çəkinmədən tarixi qəhrəmanlar, düşüncə adamları barədə ağlına deyil, ağzına gələni danışır. Durub-durub iddia edir ki, Qaçaq Nəbinin ömür-gün yoldaşı Həcər filan-filandır. Və yaxud da, dahi Azərbaycan şairi Səməd Vurğun Azərbaycan ədəbiyyatı üçün arzuolunmaz şəxsdir. Bu biçarə S.Cəlaloğlunu başa salan, üzbəüz oturub ağıl qoyan çox oldu. Kor tutduğunu buraxmayan kimi, S.Cəlaloğlu da söylədiyi məntiqsiz, həm də yöndəmsiz, bir azca da dərinə getsək, sərsəm fikirlərindən əl çəkmədi. "O olmasın, bu olsun" kino filmində məhz S.Cəlalolu kimilər üçün Məşədi İbad yaxşı deyib: "Yıxasan yerə, ağzına-ağzına vurasan". İnanmıram ki, fiziki cəza tədbirləri də S.Cəlaloğlu kimilərə kar etsin. Çünki bu biçarələr müstəqil olmadıqlarından özbaşına qərar vermək gücünə də malik deyillər. Həm də nəzərə almaq lazımdır ki, bu tip təxribat xarakterli fikirlərin arxasında şirnikləndirici hansısa vədlər dayanır. Sadəcə, düşünürəm ki, ictimai qınaq hesabına S.Cəlaloğlu kimiləri sərsəm fikirlərindən çəkindirmək olar. Bunun üçün isə yəqin ki, zamana ehtiyac var. "Qırxında öyrənən, gorunda çalar" məsəlini yada salsaq, zaman da S.Cəlaloğlu üçün gecikmişdir. Çünki artıq S.Cəlaloğlunun 60-dan yurxarı yaşı var.
Erməniyə dayı deyənlər
Mövzuya aidiyyatı olan başqa bir məsələ isə parlamentdə bəzi ağzçgöyçəklərin erməni təəssübkeşliyindən çıxış etmələridir. Yenə də ön planda və əsas simada müxalifət təmsilçiləridir. "Ümid" partiyasının sədri İqbal Ağazadə az qala xahiş edirmiş kimi, təvəqqe edib ki, Dağlıq Qarabağdan olan ermənilərə imtiyazlar verilsin. Onun dediyinə görə Şuşada, Laçında, xüsusilə də, Xocalıda soyqırımı aktı törədən erməni döyüşçülərinə imtiyazlar verilməlidir. Bu nöqteyi-nəzərdən Sarkisyan da bağışlanmalı, Köçəryan da "dost" elan olunmalı, Seyran Ohanyan isə "olub keçənləri unutduq" deməklə onu yuxarı dəvət etmliyik. Nəzərə almaq lazımdır ki, adıçəkilən bu simasızlar məhz Qarabağda azərbaycanlıların soyqırımını həyata keçiriblər. Bu şəxslərdir ki, Dağlıq Qarabağ azərbaycanlılarının ev-eşiyindən didərgin salınması üçün planların reallaşmasının icraçıları olublar. Sarkisyan, Köçəryan, Ohanyanlardır ki, yüzlərlə yaşayış məskəninin darmadağın edilməsində və yer üzündən silinməsində ideoloji iş aparıblar. Bu qaniçənlərin səyi ilədir ki, hələ də 4521 nəfərin taleyindən xərəbsizik. Eləcə də...
Bu siyahını bir qədər də uzatmaq olar. Erməni cəlladlarının və onların ideoloqlarının terror əməlləri, soyqırımı aktları barədə çoxsaylı faktlar və sübutlar göstərmək olar. Sadəcə, bu barədə istər yerli, istərsə də, xarici ölkələrin mətbu orqanlarında kifayət qədər yazıldığından və kitablar dərc edildiyindən təkrarçılığa yol vermək istəmirəm. Ancaq onu demək istəyirəm ki, nə qədər Azərbaycandan və Azərbaycan təəssübkeşliyindən, milli və dövlətçilik maraqlarından uzaq düşəsən ki, acılar, faciələr və fəlakətlər yaşadan erməniləri bağışlayasan. Onları ancaq bir yolla - Ermənistan əsgəri Andranik Qriqoryan kimi ağ bayraq qaldırıb təslim olduqdan sonra bağışlamaq haqqında düşünmək olar.
İ.Əliyev