Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 5-də Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə gəliblər. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ər-Riyadın hərbi aerodromunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Burada Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi oldu. Dövlətimizin başçısı İlham Əliyevi İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
Azərbaycanın və Səudiyyə Ərəbistanının dövlət himnləri səsləndi. Səudiyyə Ərəbistanının dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səuda təqdim olundu. Sonra İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verildi.
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudun görüşü olub. İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud Prezident İlham Əliyevi ölkəsində salamladı və bu səfərin uğurla keçəcəyinə əminliyini bildirdi. Söhbət zamanı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olundu, əməkdaşlığın inkişafı baxımından bu səfərin əhəmiyyəti yüksək qiymətləndirildi. İslam ölkələri arasında qarşılıqlı anlaşmanın və faydalı əməkdaşlığın inkişafının vacibliyi vurğulandı. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyinin və bir-birinə qarşılıqlı dəstək verdiyinin qeyd olunduğu görüşdə iqtisadi, xüsusilə neft-qaz, turizm, kənd təsərrüfatı, poladəritmə, enerji sahələrində, eləcə də biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı məsələlər müzakirə edildi. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı. Kral Salman bin Əbdüləziz Əl Səud münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiklərini və Səudiyyə Ərəbistanının bu mövqeyinin heç vaxt dəyişməyəcəyini diqqətə çatdırdı. Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində tutduğu ədalətli mövqeyə və işğalçı ölkə ilə diplomatik əlaqələr qurmadığına, bu məsələ ilə bağlı beynəlxalq təşkilatlarda verdiyi dəstəyə görə Səudiyyə Ərəbistanı Krallığına minnətdarlığını bildirdi.
Aprelin 5-də Ər-Riyadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığının Ticarət Palataları Şurasının sədri Əbdülrəhman Əl Zamil ilə görüşü olub. Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulandı, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi.
Söhbət zamanı neft və kimya sənayesi, neft-qaz, kənd təsərrüfatı məhsullarının birgə istehsalı, Səudiyyə Ərəbistanına və üçüncü ölkələrə ixracı imkanları ətrafında fikir mübadiləsi aparıldı. Azərbaycanın və Səudiyyə Ərəbistanının neft-kimya sənayesi şirkətləri arasında görüşlərin keçirilməsi ilə bu sahədə əməkdaşlıq imkanlarının araşdırılması məsələsi müzakirə olundu.
Aprelin 5-də Ər-Riyadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Səudiyyə Ərəbistanı Krallığının neft və minerallar naziri Əli Əl Naiminin görüşü olub. Görüşdə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edildi, Azərbaycan Prezidentinin Səudiyyə Ərəbistanı Krallığına səfərinin bu əlaqələrin daha da genişləndirilməsinə mühüm töhfə verəcəyi vurğulandı. Söhbət zamanı dünya bazarında neftin qiyməti ilə bağlı da fikir mübadiləsi aparıldı. Həmçinin Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün yaxşı imkanların olduğu qeyd edildi. Həmin şirkətlərin ölkəmizdə həm kontraktor, həm də investor kimi fəaliyyəti üçün əlverişli mühitin olduğu vurğulandı, müxtəlif məsələlərə dair texniki təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi, eləcə də "Cənub" qaz dəhlizi layihəsi ilə bağlı müzakirələr aparıldı.
Həmin gün Ər-Riyadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının maliyyə naziri İbrahim Əl Assaf ilə görüşüb. Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin və beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın iqtisadiyyat, infrastruktur və digər sahələrdə müxtəlif layihələrin həyata keçirilməsinə yaxşı imkan yaratdığı bildirildi. Hazırda yol tikintisi, su təchizatı və digər sahələrdə müxtəlif əməkdaşlıq layihələrinin həyata keçirildiyi qeyd edildi. Bu istiqamətlərdə fəaliyyətin davamı olaraq sosial sahədə, irriqasiya, kənd təsərrüfatı, kanalizasiya və digər sahələrdə müxtəlif layihələrin reallaşdırılması ilə bağlı müzakirələr aparıldı. Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində paytaxt Ər-Riyadda görüşlərini başa çatdıran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 6-da Ciddə şəhərinə gəliblər. Ciddə şəhərinin beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlətimizin başçısı və xanımı Ciddə şəhərində yüksək qonaqpərvərliklə qarşılandılar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Ciddədə İslam İnkişaf Bankı Qrupunun prezidenti Əhməd Məhəmməd Əli ilə görüşüb. Görüşdə Azərbaycan ilə İslam İnkişaf Bankı arasında yüksək səviyyəli əməkdaşlıqdan məmnunluq ifadə edildi. Son on ildə Bank ilə ölkəmiz arasında səmərəli əməkdaşlığın qurulduğu, uğurlu layihələrin icra olunduğu bildirildi, Azərbaycanda gedən sürətli inkişaf proseslərinin əlaqələrimizin genişlənməsinə təkan verdiyi vurğulandı. Azərbaycan ilə İslam İnkişaf Bankının neft-qaz, elektrik enerjisi, su təchizatı, yol tikintisi, infrastruktur layihələrinin icrası, kənd təsərrüfatı və sənaye, sərmayə qoyuluşu sahələrində nümunəvi əməkdaşlıq etdiyi diqqətə çatdırıldı. Söhbət zamanı ikitərəfli əməkdaşlığa digər tərəfdaşların da cəlb olunması ilə bağlı fikir mübadiləsi aparıldı.
Dünən Ciddədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni ilə görüşü olub. İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni Prezident İlham Əliyevi salamladı. Sonra baş katib İyad bin Amin Mədəni və Prezident İlham Əliyev birgə nahar etdilər. Naharda İƏT-in baş katibi İyad bin Amin Mədəni və Prezident İlham Əliyev çıxış etdilər. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəninin görüşü oldu. Görüşdə Azərbaycan ilə İƏT arasında yüksək səviyyəli əməkdaşlığın həyata keçirildiyi bildirildi. Bu görüşün əlaqələrimizin daha da genişlənməsi baxımından əhəmiyyəti qeyd edildi. İslam Əməkdaşlıq Təşkilatının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli məsələsində tutduğu ədalətli mövqe yüksək qiymətləndirildi. Söhbət zamanı ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.