"Müsavatın mitinq qərarını bir tək "Milli Şura" - Müsavat rəqabəti kimi deyil, ümumilikdə Azərbaycan müxalifətinin böhranı kimi qiymətləndirmək lazımdır". Bu fikirləri SİA-ya Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev deyib.Partiya sədri bildirib ki, onların artıq hər biri "saman çöpü" axtarışındadır və ona görə siyasi varlıqlarını qorumaq üçün bütün cəhdləri edirlər: "Ələlxüsus da bir-biri ilə bəhsə girərək. Məsələnin məğzi budur. Eyni zamanda Beynəlxalq Təşkilatlara göstərmək, sübut etmək istəyirlər ki, ortalıqda olan müxalif qüvvə bizik. Yəni qrantlar, pullar, vəsaitlər gələcəksə bizə gəlməlidir"."Diqqət edin, bir tərəfdə "Milli Şura" mənasız mitinqlər keçirir, digər tərəfdə Müsavat həmin estafetin davamını gətirmək istəyir, bir başqa tərəfdə isə "Azadlıq" adında seçki bloku mətbuatla cəmiyyətə mesajlar verir. O zaman sual etmək istəyirəm: Bu günə qədər harada idiniz? Siyasət yalnız seçki ərəfəsindən, seçki dövründənmi ibarətdir? Mövsümi fəaliyyətinizlə uğur qazanacağınızımı düşünürsünüz? Məncə bu sualların cavabı hər birimizə bəllidir. Eyni zamanda həmin şəxslərin özlərinə də. Hətta deyim ki onların heç seçki - filanla da bağlı iddiaları, ümidləri yoxdur. Buna da əminəm. Sadəcə burada söhbət müxalifətçilik monopoliyasına sahiblikdən gedir. Vəssalam. Bax ona görə bir - birini didib yeyirlər". - E. Musayev deyib.
sia.az