"Hər kəsə bəllidir ki, hazırda dünyada bir çox beynəlxalq təşkilatlar və iri dövlətlər ölkəmizə qarşı ikili standartlardan çıxış edir. Həmin ölkələr xarici siyasətdə öz mənafelərindən çıxış edərək, özlərinə sərf edəcək istiqamətdə işlər aparırlar". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Kamilə Əliyeva deyib.Onun sözlərinə görə, Azərbaycana qarşı münasibətdə də çox vaxt ikili standartların şahidi oluruq: "Azərbaycan istər hərbi, istər iqtisadi cəhətdən çox güclü dövlətdir. Məhz bu amil həmin beynəlxalq təşkilatları və iri dövlətləri bizə qarşı qoyur. Çünki həmin qurumlar beynəlxalq arenada Azərbaycanı özlərinə güclü rəqib olaraq görürlər. Bütün bunlara baxmayaraq biz heç bir zaman öz mövqeyimizdən geri çəkilməyəcəyik. Ümidvaram ki, Dağlıq Qarabağ münaqişəsinin həllində də ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü siyasət özünü doğruldacaq və bu problem də aradan qalxmış olacaq. Düşünürəm ki, beynəlxalq təşkilatların Krım məsələsində ortaya qoyduqları mövqeni Dağlıq Qarabağ münaqişəsində göstərməməsi məhz ölkəmizin güclü, qüdrətli olması ilə birbaşa bağlıdır. Mənim fikrimcə bu ikili standartlar uzun müddət davam etsə belə, dövlətimizin yürütdüyü uğurlu xarici siyasət nəticəsində biz istənilən problemi həll etmək gücündəyik".
sia.az