"Müsavat partiyasının yürüş etmək barədə qərarı konkret və ciddi nəticələr verməyəcək". Bunu SİA-ya Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.Partiya sədri bildirib ki, Müsavat Partiyası bu gün çox ağır durumda, yəni parçalanmış vəziyyətdədir: "Son qurultay Müsavat Partiyasının güclənməsinə yox, zəifləməsinə xidmət etdi və partiyaya çox ağır, sarsıdıcı zərbələr vurdu. Bu baxımdan partiyanın olub-qalan dayaqları da zədələndi. İndiki rəhbərliyə isə yetərincə etimadsızlıq var. Belə olan şəraitdə bu yürüşə çox sayda insanın qatılma ehtimalı yoxdur. Nəzərə alsaq ki, Müsavat Partiyası qurultaydan əvvəl sosial dayaqlardan məhrum olan, Bakıda ofis partiyasına çevrilmiş durumdadır".F. Ağamalının sözlərinə görə, digər bir tərəfdən isə Müsavat Partiyası "Milli Şura"nın çətiri altında mitinq keçirən AXCP ilə mövqe döyüşlərinə başlayıb: "Müsavat da çalışır ki, bu yolla radikal qanadda öz mövqelərini qorusunlar. Mitinq əvəzinə nədən yürüş? Çünki, mitinqə yığmaq üçün xeyli sayda adam lazımdır. Hesab edirəm ki, ətrafdakı insanların diqqətini cəlb edərək, ola bilsin ki, onları da özlərinə qoşmaq arzusu ilə bu taktikaya üstünlük verirlər. Bu yürüşün cəmiyyətdə ictimai-siyasi proseslərə, ictimai rəyə hər hansı bir təsirini görmürəm. Bunun konkret nəticələrini yürüş zamanı görəcəyik və əminəm ki, dediklərim öz təsdiqini tapacaq".
sia.az