PDF Oxu

Siyasət

  • 16

Qərəzli təşkilatların iddiaları keçməyəcək

Qərəzli təşkilatların iddiaları keçməyəcək

Keçmiş iddialar yenə təkrar olunur

Həqiqətən də, özlərini beynəlxalq qurumlar timsalında təqdim edən bəzi xarici təşkilatlar Azərbaycana qarşı qərəzli mövqelərini sərgiləməklə daha da cılızlaşırlar. Bu cür təşkilatların qərəzləri isə bilavasitə radikal müxalifət liderlərinin sərsəmlədikləri fikirlərlə üst-üstə düşür. Digər tərəfdən də, məlum olur ki, sözügedən təşkilatlar, əslində, heç bir sorğular, müəyyənləşdirilmiş tədbirlər çərçivəsində hesabatlar yazmırlar. Daha dəqiq desək, belə qurumlar hər il öz yazdıqlarını təzələyir və bununla da ictimaiyyətə hər hansı qondarma hesabat təqdim etdiklərini fikirləşirlər. Amma ortada başqa faktlar da dayanır ki, həmin faktların ən təəssüfedicisi diktatorluq və avtoritarizm siyasəti ilə idarə edilən Ermənistan mənbələrinin həmin hesabatlara istinad etmələridir. Bu isə, o fikri yaradır ki, baş verənlərin arxasında məhz Azərbaycan xalqına və dövlətçiliyinə xəyanətkar, satqınçılıq mövqeyi nümayiş etdirən radikal müxalifət mənsubları dayanır. Onlar bu vasitə ilə həm də erməni aşnalarının dəyirmanlarına su tökür, müqabilində ikitərəfli iyrənc qazanclar əldə edirlər. Təkcə son dövrlər "Human Richts Watch", "Amnesty İnternational", "West Mister", "Transparency İnternational", "Freedom Nouse" kimi hesabatlar hazırlayan beynəlxalq qurumların qərəz dolu məlumatlarına nəzər yetirsək, deyilənlərin nə qədər həqiqətə uyğun olduğunun şahidlərinə çevrilir və məhz onların ictimailəşdirdikləri bəyanatlarına istinad edən erməni mətbuatı, QHT-ləri beynəlxalq miqyaslara çıxaraq, guya ölkəmizdə anti-demokratiya ab-havası sürdüyünü sərsəmləyirlər.

Rauf Əliyev: "Azərbaycan I Avropa Oyunlarını dünyaya nümunə olacaq formada keçirəcək"

Sözügedən məsələ ilə bağlı millət vəkili Rauf Əliyev bu təşkilatların hər zaman qərəzli mövqe nümayiş etdirdiklərini söylədi: "Bir faktı qeyd edim ki, hətta bu təşkilatlar qərəzli mövqe ilə bağlı sadə insanlar arasında da məşhurdurlar. Sözsüz ki, Azərbaycana qarşı edilən bu qərəzin səbəbləri də artıq aydındır. Çünki Azərbaycanın son illər dünyada müstəqil siyasət yürüdən bir dövlət kimi qəbul olunması, həm iqtisadi, həm siyasi olaraq, gücünün artması bir sıra daxili və xarici qüvvələr tərəfindən qəbul və həzm edilə bilinmir. Yuxarıda qeyd etdiyiniz təşkilatlar isə, sadəcə olaraq, Azərbaycanı həzm edə bilməyənlər sırasında olmaqla, belə qüvvələrin vasitəsinə çevriliblər. Digər səbəb isə Bakıda keçiriləcək I Avropa Oyunları ərəfəsində söylənilən qərəzli fikirlərdir. Qeyd edək ki, bu, heç də təəccüb doğurmur. Çünki hər zaman Azərbaycanın uğurlarını gözügötürməyən oyuncaq təşkilatlar qərəzli və əhəmiyyətsiz çağırışlar ediblər. Necə ki, həmin anti-Azərbaycan dairələr "Eurovision-2012" Mahnı Müsabiqəsi ərəfəsində də ölkəmizə qarşı sanki səlib yürüşünə çıxdılar. Həmin ərəfədə də "Amnesty İnternational" və "Human Rights Watch" kimi təşkilatlar çoxsaylı yalan məlumatlar yayaraq beynəlxalq ictimai rəyi Azərbaycana qarşı yönəltməyə çalışdılar. Həmçinin, o zaman da sözügedən təşkilatlar Avropa ölkələrinə müraciət edərək "Eurovision-2012" Mahnı Müsabiqəsini boykot etməyə çağırdı. O zaman Azərbaycana qarşı irəli sürülən əsassız ittihamlar sırasında "qanunsuz söküntülər", heyvanlara qarşı "qəddar münasibət", saxta "siyasi məhbus" siyahıları və digər bu kimi məsələlər yer alırdı. Ancaq qısa zamanda Avropanın özünə bəlli oldu və "Amnesty İnternational" və "Human Rights Watch" kimi təşkilatların boykot çağırışı ciddiyə alınmadı. Nəticədə Azərbaycan "Eurovision-2012" Mahnı Müsabiqəsini ən yüksək səviyyədə təşkil etdi. Elə avropalılar özləri də bunu etiraf etmək məcburiyyətində qaldılar.

İdmanı siyasətə qarışdırmaq istəyənlər bu dəfə də öz istəklərinə nail ola bilməyəcəklər. Çünki Azərbaycan dövləti gördüyü işlərlə öz fəaliyyətini qabardır. Bir daha vurğulamaq istəyirəm ki, bu fəaliyyəti əngəlləməyə çalışan qüvvələr öz əməllərindən peşman olacaqlar. Çünki tarixi təcrübə göstərir ki, bütün qərəzli kampaniyalara, saxta ittihamlara rəğmən, Azərbaycan I Avropa Oyunlarını dünyaya nümunə olacaq formada keçirəcək".

R.KAMALQIZI

Digər xəbərlər