PDF Oxu

Siyasət

  • 20

Nizami rayonunda güllə atıcılığı üzrə yarış keçirilib

Nizami rayonunda güllə atıcılığı üzrə yarış keçirilib

Dünən Nizami rayon icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 1941-1945-ci illər II Dünya müharibəsində qələbənin 70 illik yubileyi münasibətilə rayon məktəbliləri arasında güllə atıcılığı üzrə yarış keçirilib. Yarışda 22 məktəbdən olan 110 şagird iştirak edib. Olimpiya sistemi üzrə gücünü sınayan şagirdlər hansı məktəbin komandasının daha dəqiq hədəfi nişan almasına aydınlıq gətiriblər.

Beləliklə də, yarışın ilkin nəticələrinə görə, 220, 277 və 145 saylı məktəblərin komandaları 79 xal toplayaraq, birinci, ikinci və üçüncü yer uğrunda növbəti mərhələdə mübarizə aparmalı olublar. İkinci turdan sonra 106 xalla 220 saylı orta məktəbin komandası I, 96 xalla 277 saylı məktəbin komandası II və 95 xalla 145 saylı orta məktəbin komandası III yerə layiq görülüb.

Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib

Mərasimdə çıxış edən Nizami rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova deyib ki, bəşər tarixinin ən dəhşətli müharibəsində sovet ordusu sıralarında xidmət edən bütün xalqlar qələbənin əldə olunmasına böyük töhfələr veriblər. Bu müharibədə 27 milyona yaxın sovet vətəndaşı həlak olub: "İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin əldə edilməsində Azərbaycan xalqının da böyük töhfəsi və rolu olub. Həmin müharibədə şərəfli döyüş yolu keçmiş qəhrəman əsgərlərin xidmətlərinin heç vaxt yaddaşlardan silinməyəcək, eyni zamanda gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacaq".

Çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov bildirib ki, hər il 9 May - Qələbə Günü münasibətilə respublikada keçirilən tədbirlərdə məhz ölkə rəhbərinin iştirakı gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. Digər çıxışçılar da bildiriblər ki, 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə yüksəlişə doğru dönüşün əsasının qoyulduğu kimi, müharibə veteranlarına qarşı əvvəlki hakimiyyətin cəmiyyətdə formalaşdırmağa cəhd göstərdiyi münasibət də birdəfəlik aradan qaldırılıb. Ulu Öndər siyasi hakimiyyətə qayıdışından sonra 9 May - Qələbə Günü rəsmi dövlət bayramı səviyyəsində qeyd edilir.

Diqqətə çatdırılıb ki, qələbənin 70 illik yubileyi ərəfəsində Prezident İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərəncamlar veteranlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Sonda yarışın qaliblərinə diplomlar və medallar təqdim edilib.

İntizarə Məmmədova

Digər xəbərlər