"Ermənistana münasibətdə beynəlxalq birlik konkret halda isə ATƏT-in Minsk qrupu heç bir təsir mexanizmini işə salmır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elman Nəsirli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında etdiyi çıxışını şərh edərkən bildirib.
Onun sözlərinə görə, ölkə başçısı cənab İlham Əliyev hər zaman olduğu kimi bu müşavirədə də Ermənistan-Azərbaycan münaqişəsini diqqətdə saxladı və qeyd etdi ki, Ermənistan tərəfi bu məsələnin həllini istəmir, ciddi cəhdlə status-kvonun qorunub saxlanılmasına çalışır: "Beynəlxalq vasitəçilər də status-kvo vəziyyətinin dəyişilməsi ilə bağlı dəfələrlə bəyanatlar versə də, heç bir dəyişiklik yoxdur. Bu isə vəziyyətin daha da gəginləşməsinə səbəb olur. Ölkə başçısı cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, bu münaqişənin iki həll yolu var. Ancaq Ermənistan tərəfinin bütün davranışları məsələnin dinc yolu ilə həll olunmasının qarşısını kəsir. Sonuncu Paris görüşündən iki həftə keçməmiş Ermənistanın işğal olunmuş Ağdam rayonu ərazisində irimiqyaslı hərbi təlimlər keçirməsi, helikopter avantürasına getməsi, pilotsuz aparatlardan Azərbaycana təzyiq kimi istifadə etməsi bir daha qarşı tərəfin vəziyyətin gərginləşməsində maraqlı olduğunu sübut edir. Ancaq ölkə başçısı cənab İlham Əliyev də bildirdi ki, bu vəziyyət belə davam edə bilməz. Hər şeyin bir sonu olduğu kimi danışıqlar prosesinin də limiti var. Hadisələrin bundan sonrakı inkişafına görə də bütün məsuliyyət Ermənistan tərəfinin, ona himayədarlıq edən qüvvələrin və ATƏT-in Minsk qrupunun üzərinə düşəcək. Hesab edirəm ki, qarşı tərəf və vasitəçi tərəflər bundan nəticə çıxarmalıdırlar. Çünki Ermənistana münasibətdə beynəlxalq birlik konkret halda isə ATƏT-in Minsk qrupu heç bir təsir mexanizmini işə salmır. Ona görə də, bundan sonrakı dövrdə həmsədrlərin fəaliyyəti son dərəcə güclənməli və təsirli olmalıdır. Əks təqdirdə isə ən mürəkkəb ssenarilər işlək vəziyyətə gətirilə bilər".
sia.az