Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatında Dini radikalizmə qarşı mübarizədə Qadınların rolu mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Binəqədi rayon icra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının təşəbbüsü ilə baş tutub. Tədbirə Ümummilli Lider Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının foyesində ucaldılmış büstü önünə tər güllərin düzülməsi ilə start verilib.Daha sonra tədbir binanın akt zalında davam etdirilib. YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurasının sədri Aytac Əliyeva mərasimi açaraq mövzu ilə bağlı ətraflı məlumat verib. DQİDK-nın sədri Mübariz Qurbanlı bildirib ki, dini radikalizmə qarşı mübarizə tədbirləri daha da gücləndirilib: "İslam dini dünyada öz mövqeyini, rolunu və nüfuzunu qoruyub saxlamaqdadır".Ölkəmizdə dövlət-din münasibətlərindən danışan Komitə sədri qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdış sürətlənib. M.Qurbanlı gənclər arasında dini maarifləndirmə işinin aparılmasının zəruriliyindən, bəzi radikal qrupların gəncləri öz təsir dairəsinə salmağa çalışmasından danışaraq, bunun qarşısının alınması üçün görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb. Komitə sədri qeyd edib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu mübarizədə ən effektiv vasitə maarifləndirmə işidir".BRİH-nın başçısı Xaləddin İsgəndərov isə diqqətə çatdırıb ki, mövzu öz aktuallığı ilə seçilir: "Hesab edirəm ki, dünyada elə bir sərvət yoxdur ki, mənəviyyatdan uzaq olsun. Təəssüflər olsun ki, bəzən gənclərimiz bilməyərəkdən radikal dini təriqətlərə məruz qalırlar. Bu gün Azərbaycanda sabitlik mövcuddur və onu qorumaq hər birimizin işidir. O yerdə ki obyektivlik yoxdur, orada yalan, ikili standartlar olur. Heç şübhəsiz ki, bu gün Azərbaycanın inkişafını istəməyən qüvvələr də var. İnsan mənəviyyatlı olmalı və bir-birinə dəyər verməlidir".Qeyd edək ki, tədbirdə həmçinin BDU-nun İlahiyyat fakültəsinin müəllimi Səbinə Mirzəyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov iştirak ediblər. Mərasimə diskussiya şəklində yekun vurulub.
sia.az