Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Gürcüstan vətəndaşı David Turaşvilinin adının "arzuolunmaz şəxslər" siyahısından çıxarılması bağlı məsələyə aydınlıq gətirib. Bu barədə SİA-ya açıqlama verən XİN sözçüsünün sözlərinə görə, D. Turaşvili Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Azərbaycan Respublikasının "Dövlət Sərhədi haqqında" qanununu pozub və o, bu addımına görə Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunmuş "arzuolunmaz şəxslər" siyahısına daxil edilib. İndi isə Gürcüstan vətəndaşı, yazıçı David Turaşvili adının bu siyahıdan çıxarılması ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə məktubla müraciət edib: "Məktubda David Turaşvili bu səfərin təsadüfi və qərəzsiz olduğunu, heç bir halda Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və qanunlarına hörmətsizlik xarakteri daşımadığını bildirib. O, müstəsna hal kimi arzuolunmaz şəxslər siyahısına salınması barəsində qərarın ləğv edilməsini xahiş edib".H.Hacıyev deyib ki, David Turaşvilinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının "arzuolunmaz şəxslər" siyahısından çıxarılmasına dair qərar qəbul edilib.
sia.az