Qloballaşma həyatın ən müxtəlif sahələrini əhatə edən elə bir universal prosesdir ki, yüz, hətta min illər boyu bir- birindən bu və ya digər dərəcədə ayrılıb təcrid olunmuş, parçalanmış, diferensiallaşmış hadisələri - milli, yaxud regional xüsusiyyətləri, vərdişləri, kompleksləri modern texnologiyaların güclü təsiri altında görünməmiş bir sürətlə bir- birinə yaxınlaşdırır, qovuşdurur və nəticə etibarilə, çoxşaxəli əlaqələrlə səciyyələnən iqtisadi, ictimai- siyasi və mənəvi- ideoloji bütövlük yaratmaqla əlahiddəliyi məhdudlaşdıraraq dünyada baş verən hadisələri, gedən prosesləri vahid məcraya salır. Əslində, orta əsrlərin sonu yeni dövrün əvvəllərindən başlayan, lakin XX əsrin ortalarından etibarən daha geniş vüsət alan (sürətlənən) qloballaşmanın əsas göstəricisi, yaxud atributu bütün dünyanı əhatə edən genişmiqyaslı inteqrasiya və ya beynəlmiləl ünsiyyət- kommunikasiya ehtiyacıdır.
Bu gün dünyanın elə bir guşəsini təsəvvür etmək çətindir ki, orada baş verən hər hansı hadisənin məsuliyyəti yalnız lokal xarakter daşısın və həmin məsuliyyəti bütövlükdə dünya (bəşəriyyət) öz üzərinə götürməkdən hər hansı səbəblə imtina etsin, yaxud görməzliyə vursun. Əlbəttə, bu və ya digər hadisənin, sözün geniş mənasında, şərhində maddi və ya mənəvi- ideoloji xarakterli məqsədlər, konyukturlar, maraqlar kifayət qədər dərindən iştirak edə bilər, ancaq bu, mahiyyəti dəyişdirmir; belə ki, qloballaşmanı səciyyələndirən inteqrasiya, beynəlxalq ünsiyyət heç də həmişə obyektiv nəticələrə gəlməyi nəzərdə tutmur və onun maraqlı, cəlbedici xüsusiyyətlərindən biri də elə budur ki, müxtəliflikləri və fərqlilikləri bir araya gətirməklə yanaşı diskussiyalara, müxtəlif maraqların özünümüdafiəsinə və konyukturlara da geniş meydan açır.
Qloballaşma, hər şeydən əvvəl, beynəlxalq ünsiyyətin durmadan miqyaslanmasını tələb edir ki, bu da "insanlar arasında ən mühüm ünsiyyət vasitəsi" (V.İ.Lenin) olan dilin (əslində, dillərin!) təbiətinə əhəmiyyətli dərəcədə təsir edir. Bu gün dünyada mövcud olan yüzlərlə dildən yalnız bir neçəsi beynəlxalq statusa və ya nüfuza malikdir ki, bunlar ingilis, fransız, alman, ispan, Çin, ərəb, rus və s. dillərdir. Həmin dillərin içərisində isə ingilis dilinin xüsusi mövqeyi vardır. Müasir dünyada, o cümlədən də Azərbaycanda (Azərbaycan Respublikasında) ingilis dilinin nüfuzunun sürətlə artması müşahidə olunur ki, bunun ən azı iki səbəbi mövcuddur:
1) dünyanın (bəşəriyyətin) ümumi (universal) bir ünsiyyət vasitəsinə (dilə) getdikcə güclənən ehtiyacının olması;
2) ingilis dilinin belə bir ehtiyacı ödəmək üçün digər nüfuzlu dillərlə müqayisədə üstünlükləri.
Ümumiyyətlə, müasir dünyada mövcud olan dillərin belə bir "iyerarxiya"sını təsəvvür etmək olar:
I. Əsas beynəlxalq dil (ingilis dili).
II. Beynəlxalq dillər (fransız, alman, ispan, Çin, ərəb, rus və s. dilləri).
III. Dövlət dilləri, yaxud milli dillər (türk, fars, portuqal, italyan, yunan, İndoneziya və s. dilləri).
IV. Xalq dilləri (ləzgi, çeçen, Tibet, uyğur, Altay və s. dilləri).
V. Tayfa dilləri.
Təxminən iyirmi beş türk dilindən ona qədəri, o cümlədən Azərbaycan dili dövlət dilləri, yaxud milli dillər qrupuna aid olub həmin dillər üçün səciyyəvi olan əlamətlərə malikdir. Bu dildə (və onun dialektlərində) əlli milyondan artıq insan danışır. Kifayət qədər qədim (və zəngin) həm şifahi, həm də yazılı mədəniyyəti olan Azərbaycan dili, yaxud Azərbaycan türkcəsi XX əsrin əvvəllərindən (1918- ci ildən) dövlət dili olsa da, onun milli dil və ya müstəqil bir millətin dili kimi formalaşma tarixi orta əsrlərin sonu yeni dövrün əvvəllərindən başlayır.
Elə həmin dövrdən etibarən bir sıra qonşu xalqlar - ermənilər, gürcülər, Dağıstan xalqları və s. regionun beynəlxalq ünsiyyət vasitəsi olaraq Azərbaycan türkcəsindən istifadə etmişlər. Lakin ölkənin müxtəlif xanlıqlara parçalanması, XIX əsrin əvvəllərində Şimalının Rusiya, Cənubunun isə İranın tərkibinə daxil edilməsi nəticəsində şimalda rus, cənubda isə fars dili yayılmağa, millətin dili sıxışdırılmağa məruz qalmışdır, bir neçə dəfə əlifbası dəyişdirilmişdir. Bununla belə Azərbaycan dili dövlət dili olaraq formalaşmış, dünya azərbaycanlılarının ümumünsiyyət vasitəsi kimi inkişaf etmişdir.
Azərbaycan dilinin xüsusilə beynəlxalq nüfuzunun güclənməsində "neft amili"nin rolu diqqəti cəlb edir. Lakin bu rol F.Veysəllinin həddindən artıq milli vətənpərvərlik mövqeyindən güman etdiyi qədər də birbaşa deyil. Ona görə də alimin "heç neft sənayesinin özündə belə bizim dilimizdə yaranan və sonra başqalarının işlətdiyi sözə və ya cümlə tipinə rast gəlmək olmur. Biz bu gün /Pipeline/ sözünü ingiliscədən götürüb dilimizə (boru kəməri/ kimi ifadə ilə tərcümə edirik. Halbuki /kəmər/ və /boru/ sözləri dilimizdə işlənən sinonimlərdir" və s. mülahizələri mübahisə doğurur; belə ki, neft sənayesinin (və onun terminologiyasının) yaranıb formalaşması dünyada genişmiqyaslı bir hadisə olub yalnız Azərbaycanın bu sahədəki uğurları ilə məhdudlaşmır.
Beynəlxalq dildə - ingilis dilində işlənən və təbii ki, kifayət qədər populyar olan pipeline termini Azərbaycan dilinə "boru kəməri" şəklində çevrilmişdir ki, bu, eyni uğurla "boru xətti" də ola bilərdi. Lakin "boru" sözü ilə "kəmər" sözünün Azərbaycan dilində sinonimliyindən bəhs etmək doğru deyil... "Əgər biz əsrin müqaviləsini imzalayanda bu sözlərdən birini müqavilənin mətninə salsaydıq və bütün dünya onu bu şəkildə işlətsəydi, onda biz deyə bilərdik ki, dilimiz də qloballaşmada iştirak edir" şəklindəki təəssübkeşlik də beynəlxalq müqavilələrin hazırlanması texnologiyası baxımından o qədər də məntiqli səslənmir. Və buradan o nəticəni çıxarmaq da düzgün deyil ki, "deməli, beynəlxalq aləmdə Azərbaycan dilinin təsir dairəsindən danışmaq mənasızdır". Ancaq professorun aşağıdakı fikirləri tamamilə doğrudur ki, Azərbaycan dili "bu gün də böyük Azərbaycan xalqının sayəsində yaşayır. Bunun ən qısa yolu iqtisadiyyatımızın qüdrətli olmasından keçir. Özümüz istehsal edib ad verə bilsək, həmin ad bizim məhsulumuzla birgə dünyaya yayıla bilər".
İqtisadiyyatın, xüsusilə müasir texnologiyaların müxtəlif sahələrinə adlandırma baxımından artıq çoxdan nüfuz etmiş ingilis dili bütün dilləri nəinki qabaqlamış, etnoqrafik əhəmiyyətli adlardan başqa, demək olar ki, bütün anlayışları (adları) ifadə etmək iddiasındadır.
Bu isə qloballaşma üzrə mütəxəssislərdə belə bir sual doğurur: "Homo Postindustriens hansı dildə danışacaq? Doğrudanmı yalnız ingilis dilində?" Və həmin suala belə bir "qeyri- adi" cavab verilir: " Əslində, bu suala tıxılıb qalmaq o qədər də önəmli deyil. Əsas odur ki, Homo Postindustriens qloballaşmanın yeni markasına çevrilməkdədir. Bu çevrilmə dünyaının bir çox qlobal problemlərinə də baxışları dəyişə bilər. Görəsən, bir- birinə oxşayan, eyni cür düşünən, eyni hədəflərə yol alan yeni çağın insanları arasında yenə ərazi münaqişələri, dini müharibələr - sivilizasiyaların toqquşması baş verəcəkmi? Əgər bütün bunlar baş verəcəksə, kimin hansı dildə danışmasının nə mənası var? Və ya doğrudan da, əgər baş verməyəcəksə, Homo Postindustriensin də hansı dildə danışmasının da heç bir əhəmiyyəti olmayacaq!".
Müəllifin dil məsələsinə ərazi, yaxud din məsələsindən kənarda baxması doğrudur, çünki ünsiyyət vasitəsi olan dilin, yaxud dillərin gələcək taleyi həmin təsisatlardan birbaşa asılı ola bilməz. Keçən əsrin 50- ci illərində dilin "bazis", yaxud "üstqurum" olub- olmaması ilə bağlı sovet müzakirələri də göstərdi ki, dil xüsusi hadisədir; onu nə "bazis", yəni iqtisadi- maddi xarakterli, nə də "üstqurum", yəni mənəvi- etnoqrafik xarakterli təsisatlara aid etmək olmaz. Lakin bütün dünya üçün ümumi- universal olan səhv təsəvvürlər dili həmişə mənəvi- etnoqrafik (mədəni!) hadisələr sırasına daxil etməklə özünü çıxmaza salmışdır.
Qloballaşma isə, onun tərəfdarlarının, yaxud əleyhdarlarının nə düşünüb- düşünməmələrinə baxmayaraq, mövcud anlayış- təsəvvürlərə analitik izah tələb edir; elə bir izah ki, orada yalnız bir metodoloji istinad mənbəyi var, o da insanın taleyidir. Millətindən, dinindən və coğrafiyasından asılı olmayaraq, insanın (cəmiyyətin!) taleyi necə olacaqsa, dilin də taleyi elə olacaqdır. Bu isə qorxu yaradır. "Dünyada qlobal dil məsələsi iki mühüm etirazla müşayiət olunur. Bir tərəfdən bu, dil imperializmi qorxusunu yaradır. İkinci etiraz isə milli azlıqların qlobal dil siyasətinə qarşı çıxmaları ilə bağlıdır" .
Azərbaycan xalqı (ümumən türk xalqları) heç zaman dünyaya qovuşmaqdan, yaxud beynəlxalq inteqrasiyadan imtina etməmişlər. Və dilimizdə olan minlərlə ərəb, fars, Avropa sözləri də bunu təsdiq edir. Həmin sözlər o sözlərdir ki, bütün xalqlar üçün səciyyəvi olan məişət- etnoqrafiya həyatına aid olan anlayışları deyil, intellektual- elmi idrak sahələrini əhatə- ifadə edir ki, bu da Azərbaycan türklərinin beynəlxalq (ümumbəşəri) dəyərlərə heç vaxt biganə qalmadıqlarını və bundan sonra da biganə olmayacaqlarını göstərir.
Heç şübhə yoxdur ki, "Respublikada dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır" .
Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra ana dilinin - dövlət dilinin ictimai- siyasi nüfuzunun yüksəldilməsi ilə bağlı bir sıra hüquqi sənədlər qəbul edilmişdir ki, burada müstəqil Azərbaycanın 1995- ci ildə qəbul olunmuş Kostitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, Azərbaycan Respublikası Prezidentinin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" və "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərmanları (2001), "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncamı (2004), eləcə də "Azərbaycan Respublikasının dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu və s. daxildir. Bununla belə, Dövlət Proqramında deyildiyi kimi, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli inkişafı baxımından gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsi, o cümlədən dilçilik elminin müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanması dövrün tələbi olaraq qalır" .
Azərbaycan dilinin qloballaşan dünyadakı taleyi müxtəlif müəyyən və qeyri- müəyyən şərtlərlə bağlı olsa da, ən azı üç səviyyədə tədbirlərin görülməsi vəziyyətindən asılıdır:
1) Azərbaycan Respublikası daxilində Azərbaycan dilinin dövlət dili olaraq inkişafının təmin edilməsi;
2) dünya azərbaycanlıları arasında bu dilin əsas ünsiyyət vasitəsi kimi ədəbi- normativ keyfiyyətdə yayılması;
3) nəhayət, dünyada Azərbaycan dilinə marağın gücləndirilməsi.
Əslində, biri digəri ilə sıx bağlı olan həmin səviyyələrin hər birində Azərbaycan dilinin müvafiq şəkildə mövqeyinin möhkəmləndirilməsi üçün zəruri şərtlər də mövcuddur ki, buraya, birinci növbədə, əhali potensialı, xalqın intellektual- mədəni imkanları və müstəqil Azərbaycan dövlətinin kifayət qədər mükəmməl dil siyasəti daxildir.
Biz şübhə etmirik ki, qloballaşan dünya Azərbaycan dilinin qarşısına yalnız məlum maneələr, yaxud problemlər çıxaracaqdır, eyni zamanda təkmilləşmə (və inkişaf) istiqamətində geniş imkanlar da açacaqdır.
Nizami Cəfərov,
Milli Məclisin komitə sədri