YAP İsmayıllı rayon təşkilatının şura və idarə heyətinin geniş iclası keçirilib. Yığıncaqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbirlərin keçirilməsi, Böyük Vətən Müharibəsində qələbənin 70 illiyinin qeyd edilməsinə dair və 2015-ci ildə keçiriləcək parlament seçkilərinə hazırlıqla əlaqədar qarşıda duran vəzifələr barədə məsələlər müzakirə olunub.
Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova qarşıda duran vəzifələri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Natiq qeyd edib ki, Ulu Öndər Heydər Əliyev ömrü mübarizə və qələbələrdən keçən, öz xalqının tarixi taleyində müstəsna rol oynayan, uca məramı və möhtəşəm əməlləri ilə əbədiyyət qazanan Dahi Şəxsiyyətdir:"Onun adı xalqımız üçün ucalıq rəmzinə, əməlləri hünər timsalına çevrilib. Hələ sağlığında əfsanələşən Böyük Rəhbərin həyat və fəaliyyəti doğma xalqına xidmət, milli dəyərlərə sədaqət meyarı olmuşdur. Heydər Əliyev xidmətləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş ən Böyük Azərbaycanlıdır".
Natiq qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Vətəni və xalqı qarşısında müstəsna xidmətlər göstərib. Dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq aləmdə böyük uğurlar qazanmasında Ulu Öndərin əvəzsiz rolu və misilsiz fəaliyyəti ölkəmizdə həmişə dərin minnətdarlıq hissi ilə yad edilir.
Böyük qayıdışı və xilaskarlıq missiyası ilə ölkəmizi xaosdan, vətəndaş müharibəsindən qurtaran Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar rayon ərazisində və ərazi ilk təşkilatlarında keçiriləcək tədbirlər barədə geniş məlumat verən rayon təşkilatının sədri qeyd edib ki, Ulu Öndərin irsi dərindən araşdırılaraq gənc nəslə ətraflı öyrədilməlidir. Bu məqsədlə rayon mərkəzində və kəndlərdə partiya fəallarının, ziyalı gənclərin və yuxarı sinif şagirdlərinin iştirakı ilə intellektual bilik yarışları, görüşlər, dəyirmi masalar, inşa yazı və rəsm müsabiqələri keçiriləcəkdir. Ulu Öndər Heydər Əliyevin doğum günü gənclərin rayondakı tarix və mədəniyyət abidələrinə, məktəblilərin Ümummilli Liderin həyat və fəaliyyətinin, idarəetmə məktəbinin öyrənilməsi məqsədilə məktəblilərin, yuxarı sinif şagirdlərinin Heydər Əliyev Mərkəzinə ekskursiyaları, YAP üzvü olan gənclərin fəal iştirakı ilə yaşıllaşdırma kampaniyası təşkil ediləcəkdir.
Natiq alman faşizmi üzərində Böyük Qələbənin 70 illiyinin qeyd edilməsindən bəhs edərək bildirib ki, Böyük Vətən Müharibəsində faşist Almaniyası üzərində əldə olunan böyük qələbədə xalqımızın igid oğul və qızları böyük şücaət və qəhrəmanlıq göstərmiş, müharibə Azərbaycan sərhədlərindən çox uzaqda getsə də, ölkəm onun ağırlığını heç də aktiv hərbi əməliyyatların getdiyi ərazilərdən az hiss etməyib: "Hərbi əməliyyatların başlandığı ilk gündən 11 mini qadın olmaqla, 700 min azərbaycanlı cəbhəyə yola düşüb. Cəbhələrdə göstərdikləri şücaətə və igidliyə görə 139 soydaşımız sovet hökumətinin ən ali mükafatına - "Sovet İttifaqı Qəhrəmanı" adına layiq görülüb. Faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan neftinin müstəsna və həlledici rolu olub. Hitler yaxşı başa düşürdü ki, SSRİ-ni çökdürməyin başlıca yolu Bakıya sahib olmaqdan keçir. 1941-1945-ci illərdə SSRİ-də hasil edilmiş 110 milyon ton neftin 75 milyonu Azərbaycanın payına düşür. Həmin illərdə Azərbaycan həm də evakuasiya hospitalları şəbəkəsinə çevrilmişdi. Xüsusilə Bakıda bütün xəstəxanalar, mədəniyyət sarayları, məktəblər, texnikumlar hərbi hospitalları əvəzləyirdi. Bakı zavodlarında 130 adda hərbi sursat, qırıcı təyyarələr istehsal olunurdu".
Ə.Vahabova diqqətə çatdırıb ki, ərazisinin 20%-i erməni işğalçılarının əsarətində olan Azərbaycanın gənclərinin vətənpərvərlik, dövlətçilik hisslərinin gücləndirilməsi, gənc nəslin milli ruhda yetişdirilməsinə xüsusi diqqət yetirilməlidir. Çünki işğal altında olan torpaqlarımız, şəhid ruhları bizi Qarabağda düşmən üzərində qələbəyə səsləyir. Belə böyük hərb tarixi, dərin keçmişi, Ulu Öndər Heydər Əliyev kimi Dahi Rəhbərin siyasi kursunun layiqli və uğurlu davamçısı Azərbaycan Prezidenti Cənab İlham Əliyev kimi qətiyyətli, fədakar, vətənpərvər Prezidenti olan xalq imkan verməyəcəkdir ki, torpaqlarının bir qarışı belə mənfur düşmənin tapdağı altında qalsın.
Partiya sədri daha sonra 2015-ci ildə ölkədə keçiriləcək parlament seçkilərinə hazırlıqla əlaqədar görülən işlər və qarşıda duran vəzifələrdən bəhs edərək əminliklə bildirib ki, əvvəlki seçkilərdə olduğu kimi Milli Məclisə keçiriləcək bu ilki seçkilərdə də YAP parlaq qələbə qazanacaq, bu seçkilər Seçki Məcəlləsinin tələblərinə uyğun şəffaf və ədalətli olacaqdır.
Tədbirdə rayon təşkilatının aparat rəhbəri Anar Nəbiyev, qadınlar şurasının sədri Xuraman Qurbanova, gənclər birliyinin sədri Əsli Süleymanzada və başqaları çıxış edərək qeyd ediblər ki, həmişə olduğu kimi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqadar tədbirlər, Böyük Vətən müharibəsində qələbənin 70 illiyi rayonda yüksək səviyyədə qeyd olunacaq və hər bir YAP üzvü bu tədbirlərdə fəal vətəndaşlıq mövqeyi nümayiş etdirəcəkdir. Yeni Azərbaycan Partiyasının və onun avanqard dəstələrindən olan İsmayıllı rayon təşkilatının seçki kampaniyasının yeni texnologiyalara uyğun keçirilməsi sahəsində qazandığı təcrübə, azərbaycançılıq və vətənçilik hisslərinin gücləndirilməsi məqsədilə ölkəmizin tarixinin öyrənilməsi, xalqımız üçün əlamətdar olan günlərin qeyd olunması sahəsində keçirdiyi tədbirlər təqdirəlayiqdir. Natiqlər bu sahədə görüləcək işləri də dəstəklədiklərini bildiriblər.
Zümrüd BAYRAMOVA