PDF Oxu

Siyasət

  • 31

Səbail rayonunda 2015-ci ilin I rübünün yekunları müzakirə olundu

Səbail rayonunda 2015-ci ilin I rübünün yekunları müzakirə olundu

Asif Əsgərov: "Ölkədəki iqtisadi inkişaf Prezident Cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin ilk 3 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail rayon icra hakimiyyəti başçısı yanında şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunub.

İclası giriş sözü ilə açan Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd edib ki, 3 ay ərzində ölkəmiz dinamik inkişaf edib və bunun müqabilində ümumi daxili məhsul 5 %-dən çox artmış, qeyri-neft sektorunda inkişaf 7 %, sənaye istehsalı 4 %, kənd təsərrüfatı isə 3 %-dən çox, əhalinin pul gəlirləri 5,3 % artmışdır: "Birinci rübdə 30 minə yaxın yeni iş yeri açılmış, 20-dən çox tibb müəssisəsi tikilir və ya təmir olunur. Ölkədəki iqtisadi inkişaf Prezident Cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir".

Vurğulanıb ki, hesabat dövründə Səbail rayonu üzrə iri sənaye müəssisələri tərəfindən 3 milyard 479,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 % çox sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib: "Nəqliyyat müəssisələri tərəfindən 122,8 milyon manatlıq nəqliyyat xidmətləri göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 23,8 % çoxdur. Rabitə müəssisələri tərəfindən 35 milyon manatlıq və ya keçən ilin müvaifq dövrü ilə müqayisədə 1,1 % çox xidmət göstərilmişdir. Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 1 milyard 729,1 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 17,3 % çoxdur. Tikinti-quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 1 milyard 123,6 milyon manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti-quraşdırma işləri 80,2 % çoxdur. Yanvar-mart aylarında rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 57,4 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 22,9 % çox istehlak malları satılmışdır. Həmin dövr ərzində xidmət müəssisələri tərəfindən əhaliyə 68,7 milyon manatlıq pullu xidmət göstərilmişdir ki, bu da əvvəlki ilin yanvar-mart aylarından 2,9 % çoxdur".

İcra hakimiyyətinin başçısı onu da bildirib ki, 2015-ci ilin yanvar-mart ayları ərzində əhaliyə 19,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 29,6 % çox iaşə xidmətləri göstərilib. Eyni zamanda, 2015-ci ilin yanvar-fevral ayları üzrə Səbail rayonunda çalışan işçilərin sayı 110884 nəfər, orta aylıq əmək haqqının məbləği isə 990,3 manat olmuşdur ki, bu da keçən illə müqayisədə 9,4 % çoxdur: "Hesabat dövrü ərzində rayon ərazisində irimiqyaslı abadlıq-quruculuq işləri aparılmışdır. Hazırda rayon ərazisində Su İdmanı Sarayının, "Alov Qüllələri" kompleksinin, "Xəzər Waterfront" İstirahət-Əyləncə-Alış-Veriş Mərkəzinin, yeni "İnterkontinental", "Dinamo" və "İnturist" mehmanxanalarının, Qurban Abbasov küçəsində İş Mərkəzinin, 20-ci sahədə Səbail rayon Prokurorluğunun yeni inzibati binasının, Əhəd Yaqubov küçəsində Ali Neft Məktəbi üçün yeni idman və yataqxana komplekslərinin, kütləvi informasiya vasitələri işçiləri üçün daha bir yeni binanın, Badamdar qəsəbəsində Bakı Media Mərkəzinin, Müasir Avropa Məktəbinin, yeni İdman Kompleksi və otel binasının, 9 saylı Xəzinədarlıq İdarəsi üçün yeni binanın tikintisi, Bayıl dairəsində genişmiqyaslı abadlıq işlərinin aparılması və yeraltı keçidin tikintisi, İncəsənət Muzeyinin əsaslı təmiri, dövlət başçısının tapşırıqlarına əsasən Dənizkənarı Milli Parkın Bibiheybət qəsəbəsinə kimi genişləndirilməsi və burada yeni istirahət güşələrinin yaradılması, Neftçilər prospektində Bakı İdman Sarayının əsaslı təmiri davam edir".

Asif Əsgərov 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq işləri çərçivəsində görülən işlər barədə də fikir bildirib. Onun qeyd etdiyinə görə, Su İdmanı Sarayının ətrafında mövcud fərdi yaşayış evlərinin və qeyri-yaşayış və digər tikililərin köçürülməsi işləri davam etdirilir.

Çıxış zamanı vurğulanıb ki, hesabat dövründə Səbail rayon icra hakimiyyəti tərəfindən bir sıra tədbirlər keçirilib: "Novruz bayramı ərəfəsində rayon ictimaiyyətinin nümayəndələri ənənəvi olaraq rayonun hamilik etdiyi, cəbhənin ön xəttində yerləşən "N" saylı hərbi hissənin şəxsi heyətinə rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanmış bayram sovqatlarını çatdırmış, incəsənət ustaları tərəfindən onlara böyük bayram konserti təşkil olunmuşdur. Bayram tədbirləri DİN Daxili Qoşunlarının Bərdə şəhərindəki hərbi hissəsində və Badamdar qəsəbəsində yerləşən hərbi hissələrdə də keçirilmişdir. Müxtəlif bayramlarla əlaqədar rayondakı aztəminatlı ailələrə bayram payları verilmiş, ümumilikdə isə 3 ay ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların, müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 6675 olmuşdur".

İclasda Səbail Bələdiyyəsinin sədri Firdovsi Cəbrayılov, rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov, Səbail rayon MKTB-nin rəisi Elbrus Əhmədov və başqaları da çıxış ediblər. Çıxışlar zamanı əldə olunmuş nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, rayondakı dini durum və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.

İclasın işində Milli Məclisin komitə sədrləri, akademik Ziyad Səmədzadə, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev və Milli Məclisin üzvü Fuad Muradov da iştirak ediblər.

Rəfiqə KAMALQIZI

Digər xəbərlər