PDF Oxu

Siyasət

  • 27

Azərbaycan dövləti regionların inkişafına böyük diqqət göstərir

Azərbaycan dövləti regionların inkişafına böyük diqqət göstərir

İlham Əliyev: "Bizim yolumuz inkişaf yoludur, ölkəmiz inkişafdadır, hər bir bölgə inkişafdadır"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Astara rayonuna səfərə gəlib. Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Prezident İlham Əliyevə abidənin ucaldığı Heydər Əliyev parkında yaradılan şərait və son illərdə rayonda görülən işlər barədə məlumat verdi.

Aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Astaraçay" MMC-nin çay emalı fabrikində yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyevə məlumat verildi ki, "Astaraçay" kənd təsərrüfatı müəssisəsi 2010-cu ildə yaradılıb. Təsərrüfatın ümumi əkin sahəsi 640 hektardır. Çay plantasiyalarında müasir suvarma şəbəkəsi yaradılıb və hazırda təsərrüfatda 400 hektara yaxın çay sahəsi mövcuddur. Əkilən "Kolxida" çay toxumları Gürcüstanın Batumi şəhərinin Çayçılıq Elmi-tədqiqat İnstitutunun tədris-təcrübə sahəsindən toplanıb gətirilib. Toxumlar sınaqdan keçirilərək yerli şəraitə uyğunlaşdırılıb. Burada, həmçinin Koreya Respublikası şirkətinin layihəsi əsasında çay fabriki inşa edilib. Ərazisi 5 hektar olan fabrikdə xaricdən gətirilən ən müasir avadanlıq quraşdırılıb. Müəssisənin məhsuldarlığı gün ərzində 12 tondur. Gələcəkdə gündəlik çay istehsalını 24 tona çatdırmaq mümkündür. Çəkici-bükücü sex də müasirliyi ilə diqqəti çəkir. Burada çəkisi 100, 200 və 400 qram olan çay bükümləri hazırlanacaq. Müəssisədə dəqiqədə 8 ədəd çay bükümünün istehsalı mümkündür.

Prezident İlham Əliyevin diqqətinə o da çatdırıldı ki, müəssisənin Lənkəran ərazisindəki 60 hektar sahədə taxıl səpini də aparılıb və ötən il 120 tona yaxın məhsul toplanıb. Burada, həmçinin ötən il ilk dəfə olaraq 20 hektar sahədə səpmə üsulu ilə çəltik əkilib. Əkini Türkiyənin Ədirnə şəhərinin Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun çəltikçilik bölməsinin elmi işçiləri yerli mütəxəssislərlə birgə həyata keçiriblər. Əkin sahəsində yerli "Haşımi" sortu ilə yanaşı, İtaliyadan gətirilmiş məhsuldar sortlardan istifadə edilib. Çəltik sahələrindən 102 ton məhsul toplanıb və orta məhsuldarlıq 51 sentner təşkil edib. Cari ildə 200 hektara yaxın sahə çəltik səpini üçün hazırlanır. Bunun üçün xüsusi texnikalar da alınıb.Həmçinin Astara rayonu ərazisində gündəlik istehsal gücü 10 ton olan düyü dəyirmanı əsaslı şəkildə təmir edilərək genişləndirilib və 10,5 ton çəltik tutumu olan 3 qurutma aqreqatı quraşdırılıb. Bununla yanaşı, Astarada 76 hektar, Lənkəranda 15 hektar olmaqla cəmi 91 hektar sahədə feyxoa, 6 hektarda portağal və 3 hektarda naringi tingi əkilib.

Çay fabriki ilə tanışlıqdan sonra Prezident İlham Əliyev müəssisənin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Kollektivin üzvlərini və rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev bildirib ki, Astara gözəl rayondur, Azərbaycanın gözəl guşəsidir, gözəl təbiəti, iqlimi, insanları var:

"Astarada yenidən olmağımdan çox məmnunam. Şadam ki, Azərbaycanda belə gözəl müəssisə yaradılıb. Fabrik demək olar ki, tam hazırdır, yaxın zamanlarda işə başlayacaq. Beləliklə, Astarada çayçılığın bərpası işi uğurla gedəcək. Astarada çayçılığın çox qədim və gözəl ənənələri var. Sovet dövründə böyük çay plantasiyaları salınmışdır. Əfsuslar olsun ki, sonrakı dövrdə bu sahə bir qədər tənəzzülə uğramışdır. Biz məcbur olub çayı xaricdən idxal etməyə başlamışdıq. Amma indi belə gözəl müəssisələr yarandıqda əminəm ki, Azərbaycan yaxın gələcəkdə özünü keyfiyyətli yerli çayla təmin edəcək.

Bütün avadanlıqlar çox müasirdir, xarici mütəxəssislər də bu işlərdə böyük fəallıq göstərmişlər. Onların dəstəyi də çox önəmlidir. Bu fabrikdə və çay plantasiyalarında mindən çox insan işlə təmin olunacaq. Beləliklə, biz bir neçə məqsədi güdmüş oluruq. İlk növbədə, yerli istehsal yaranır, ənənəvi kənd təsərrüfatı sahəsi olan çayçılıq bərpa edilir. Eyni zamanda, kənd təsərrüfatının inkişafına təkan veriləcək. Bu, sənaye müəssisəsidir. Burada həm kənd təsərrüfatı, həm sənaye sahələri birləşir. Bu il Azərbaycanda "Kənd təsərrüfatı" ilidir, keçən il "Sənaye ili" elan edilmişdi. Bizim siyasətimiz bax, bu çay fabrikində öz əksini tapır.

Kifayət qədər investisiyalar qoyulmuşdur, sahibkarlıq özünü göstərir. Yəni, dövlət də sahibkarlığa kömək göstərir. Eyni zamanda, sahibkarlar da çalışırlar ki, öz doğma Vətəninə xidmət göstərsinlər. Həm özləri mənfəət götürsünlər, həm də dövlət üçün xeyir versinlər.

Mən çox şadam ki, son illərdə cənub bölgəsində gördüyümüz işlər nəticəsində böyük infrastruktur layihələri icra edilmişdir. Astarada on ildən çoxdur ki, elektrik stansiyası fəaliyyət göstərir. Qazlaşdırma uğurla gedir. Astara rayonunun qazlaşdırılması 75 faiz səviyyəsindədir. İndi içməli su layihəsi icra edilir. Ümid edirəm ki, gələn ilin sonuna qədər Astara təmiz içməli su ilə təmin ediləcək. Yollar çəkilir, Bakı-Astara magistral yolu inşa edilir. Biz bu layihəni müəyyən mərhələlərə bölmüşük. İş yerlərinin, yerli istehsalın yaradılması da əlbəttə ki, diqqət mərkəzindədir.

Belə kompleks yanaşma imkan verir ki, Azərbaycan iqtisadiyyatı neft amilindən daha az asılı olsun və dayanıqlı inkişaf təmin edilsin. Bununla bərabər, Astarada gözəl abadlıq işləri aparılır, bulvar salınıbdır, mən bunu alqışlayıram. Bu, insanların rahatlığı, istirahəti üçün gözəl bir təşəbbüsdür. Bildiyiniz kimi, indi Azərbaycanın müxtəlif yerlərində bulvarlar salınır. Vaxtilə bir bulvarımız var idi - Bakı bulvarı. Onun uzunluğu təqribən 3,5 kilometr idi. Bir aydan sonra Bakıda yeni açılışlar olacaq. Biz bulvarı genişləndiririk və Bakı bulvarının uzunluğu 16 kilometr olacaq. Digər şəhərlərdə, çaylar boyu yerləşən şəhərlərdə, dəniz kənarındakı şəhərlərdə bulvarlar salınır. Mən bunu alqışlayıram. Bu, gözəllikdir, müasirlikdir, insanların rahat yaşaması üçün edilən gözəl hədiyyədir."

Rayon ictimaiyyətinin nümayəndələri Astaranın hərtərəfli inkişafının daim diqqət mərkəzində saxlandığına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Daha sonra dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə söhbət etdi. Sonda xatirə şəkli çəkdirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Astaranın dənizkənarı park-bulvar kompleksində yaradılan şəraitlə tanış olub. Məlumat verildi ki, son illərdə ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bölgələrin daha da gözəlləşməsi, regionların simasına yeni elementlərin əlavə edilməsi ilə müşayiət olunur. Şəhər və rayonlarımızda aparılan quruculuq işləri çərçivəsində yeni park və xiyabanların salınmasına, mövcud olanların isə yenidən qurulmasına xüsusi diqqət yetirilir. Bu sahədə görülən işlər sırasında Astarada dənizkənarı park-bulvar kompleksinin salınması mühüm əhəmiyyət kəsb edir.

Şəhərin mərkəzində yerləşən bu mədəniyyət və istirahət kompleksində yenidənqurma işləri ən yüksək səviyyədə görülüb, parkın ərazisi tamamilə yenidən qurulub. Prezident İlham Əliyevin park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən yaradılan bu dənizkənarı park-bulvar kompleksi, ilk növbədə, şəhər sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edir. Müasir tələblər səviyyəsində qurulan və şəhərə xüsusi yaraşıq verən bu istirahət ocağı Azərbaycanın tərəqqisi, ölkəmizin və onun bölgələrinin inkişafını bir daha sübut edir.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, park-bulvar kompleksi Astara şəhərində Xəzər dənizinin sahil boyunca bir kilometr uzunluğunda olan ərazini əhatə edir. Kompleksin inşasına 2014-cü ilin mart ayında başlanıb və artıq tikinti-quraşdırma işləri başa çatdırılıb. Burada park-bulvarın sahəsi 6 hektar, çimərliyin sahəsi 2 hektardır. Park-bulvarda fəvvarə kompleksi, süni şəlalələr, yay-qış uşaq əyləncə mərkəzləri, açıq fitnes meydançası, kafe-çay evi tikilib. Bundan əlavə, ərazidə uşaq əyləncə attraksionları quraşdırılıb.

Burada dövlətimizin başçısı Astarada icrası nəzərdə tutulan sosial infrastruktur layihələrinin eskizinə baxdı. Prezident İlham Əliyev görüləcək işlər barədə tapşırıq və tövsiyələrini verdi.

Prezident İlham Əliyev aprelin 11-də Astarada Deqədi-Pəlikəş avtomobil yolunun açılışında iştirak edib. Prezident İlham Əliyev yolun açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi üçün Prezident İlham Əliyev 2013-cü ildə müvafiq Sərəncam imzalayıb və Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 2 milyon manat ayrılıb. Ötən il dövlətimizin başçısının imzaladığı digər Sərəncamla 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,7 milyon manatı bu yolun inşasına yönəldilib. Tikintisinə 2013-cü ildə başlanan avtomobil yolunda işlər artıq başa çatıb. Uzunluğu 21 kilometr olan bu yoldan 21 yaşayış məntəqəsinin 12 min nəfər əhalisi istifadə edir.

Aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astara rayonuna səfərini başa çatdıraraq Lənkəran şəhərinə gəldi. Dövlətimizin başçısı şəhərin mərkəzindəki Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov Heydər Əliyev Xatirə Parkında aparılan abadlıq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, burada sakinlər və qonaqların istirahəti üçün hərtərəfli şərait yaradılıb

Aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində aparılan yenidənqurma və bərpa işlərindən sonra yaradılan şəraitlə tanış olub. Məlumat verildi ki, hazırda Xan evi kimi tanınan bu nadir bina Lənkəran xanı Mirəhməd xan tərəfindən həyat yoldaşı Tuğra xanımın şərəfinə 1912-1913-cü illərdə inşa edilib. Bina fransız memarları tərəfindən layihələndirilib və tikinti işləri onların rəhbərliyi ilə aparılıb. Binanı xarici və yerli ustalar inşa ediblər. Tikinti materialları isə Bakıdan gəmi ilə daşınıb. Xan evinin tikintisində Şərq və Qərb memarlıq üslubundan istifadə edilib, kərpic və ağ daş materiallarına üstünlük verilib. Üçmərtəbəli bina 12 otaqdan ibarətdir. Sahəsi 812 kvadratmetr olan Xan evi 1913-cü ildə Lənkəranda ilk dəfə xüsusi elektrik qurğusu quraşdırılmaqla elektrik enerjisi ilə təmin edilib. 1978-ci ildən Xan evi Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyətə başlayıb. Uzun illər təmir edilmədən fəaliyyət göstərən muzey binası, tədricən aşınıb, dam örtüyü sıradan çıxıb, mərtəbələrarası örtüklər, döşəmələr, qapılar, pəncərələr keyfiyyətini itirərək yararsız vəziyyətə düşmüşdü. Tarixi binanın əsaslı təmirinə 2013-cü ilin sentyabrından başlanılıb. Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti tərəfindən inşaat işləri yüksək səviyyədə aparılıb və bu ilin aprel ayında başa çatdırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Lənkəranda əsaslı şəkildə yenidən qurulan Mədəniyyət Mərkəzində yaradılan şəraitlə tanış olub. Bildirildi ki, bu gün Azərbaycanda bütün sahələrə olduğu kimi, mədəniyyət sferasına da xüsusi diqqət göstərilir. İndi paytaxtla yanaşı, respublikanın hər yerində yerləşən mədəniyyət ocaqları əsaslı təmir edilir və yeniləri tikilir. Lənkəran şəhər Mədəniyyət Mərkəzinin binasında əsaslı yenidənqurma işlərinin aparılması ölkədə mədəniyyət və incəsənətin inkişafına diqqətin daha bir təzahürüdür. Lənkəranın ictimai-siyasi və mədəni həyatında Mədəniyyət Mərkəzinin böyük rolu olub. 1982-ci ildə istifadəyə verilən mərkəz uzun müddət Lənkəran şəhər 2 nömrəli Mədəniyyət Evi adı ilə fəaliyyət göstərib. O vaxtdan keçən dövr ərzində burada əsaslı təmir işləri aparılmayıb. İndi yenidən qurulan bina ən müasir səviyyəyə çatdırılıb, incəsənət adamlarının fəaliyyəti üçün burada geniş imkanlar yaradılıb. Mədəniyyət Mərkəzinin binasının əsaslı təmir işlərinə 2014-cü ilin aprelində başlanılıb və bu ilin aprelində başa çatdırılıb. Bölgələrdə mədəniyyət ocaqlarının əsaslı təmir olunması, müasir tipli yeni mədəni infrastrukurun yaradılması regionlarda bu sahənin hərtərəfli inkişafına stimul verir. Bütün bu tədbirlər bir daha onu göstərir ki, qədim və zəngin mədəni dəyərlərə malik olan Azərbaycanda mədəniyyət məsələləri daim diqqətdə saxlanılır. Bu gün mədəniyyət xadimləri, incəsənət adamları ən yüksək səviyyədə qayğı ilə əhatə olunublar. Onların sosial məsələlərinin həllinə dövlət səviyyəsində həmişə diqqət göstərilib.

Dövlətimizin başçısına Mədəniyyət Mərkəzində yaradılan şərait barədə ətraflı məlumat verildi. Bildirildi ki, burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Lənkərana səfərlərindən və ölkədə mədəniyyətin inkişafına göstərdikləri qayğıdan bəhs edən fotostend yaradılıb. Üçmərtəbəli bina ən yüksək səviyyədə, müasir üslubda təmir edilib. 550 yerlik akt zalında Lənkəranın mədəni həyatında baş verən hadisələri qeyd etmək, həmçinin respublika və rayon əhəmiyyətli müxtəlif tədbirləri keçirmək üçün hərtərəfli şərait var. Bu, ümumilikdə rayonun incəsənət və mədəniyyət işçilərinə yeni uğurlar əldə etmək üçün həm stimul, həm də geniş imkanlar yaradır.

Dövlətimizin başçısı Lənkəran şəhər uşaq musiqi məktəblərinin birləşmiş xorunun ifasını dinlədi. Sonra Prezident İlham Əliyev məktəblilərlə xatirə şəkli çəkdirdi. Prezident İlham Əliyev Mərkəzlə tanışlıqdan sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü:

"Bu gün çox gözəl gündür. Lənkəranda Mədəniyyət Mərkəzi əsaslı təmirdən sonra açılır. Gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Çox şadam ki, bu bina yenidən qurulub, bərpa edilib. Bildiyiniz kimi, bina 1970-ci illərdə tikilmişdir və təmirə ehtiyacı var idi. Hazırda bu, ən yüksək səviyyədə qurulmuş bir Mədəniyyət Mərkəzidir. Zallar, geniş otaqlar, iclas zalları. Burada konfranslar, konsertlər, müxtəlif tədbirlər keçiriləcək. Yəni, Lənkərana yaraşan bir mədəniyyət ocağıdır. Bu, məni çox sevindirir. Çünki Azərbaycanın hər bir yerində mədəniyyət ocaqlarının təmiri, bərpası sürətlə gedir, geniş vüsət almışdır. Həm qədimdən qalan tarixi abidələr, eyni zamanda, sovet dövründə tikilmiş mədəniyyət mərkəzləri də təmir olunur, yenidən qurulur. Bu gün Lənkəranda Tarix-Diyarşünaslıq Muzeyinə də baş çəkdim. Bu da tarixi binadır. Gözəl təmir olunub, uzun illər təmirə ehtiyacı var idi. Orada göstərilən fotoşəkillər o tarixi binanın köhnə görüntülərini əks etdirir. Burada, bu binanın həyətində də onun əvvəlki vəziyyətini əks etdirən şəkillər var."

Prezident İlham Əliyev qeyd edib ki, son illərdə bütövlükdə Lənkəranda görülən işlər ölkəmizin ümumi inkişaf dinamikasını əks etdirir:

"Son vaxtlar cənub bölgəsində, xüsusilə Lənkəranda infrastruktur layihələrinin icrası sürətlə aparılmışdır. Bu gün deyə bilərik ki, əsas infrastruktur layihələri icra edilib. İki il bundan əvvəl şəhərə içməli suyun verilməsini qeyd etmişik. İndi şəhər içməli su ilə tam şəkildə təmin edilib. Qazlaşdırma sürətlə gedir. Şəhər tam qazlaşdırılıb. Kənd əhalisinin təxminən 80 faizi artıq təbii qaz alır, ilin sonuna qədər yəqin ki, 100 faizə yaxın bir rəqəm ortaya çıxacaq. Eyni zamanda, bu ilin əvvəlində "Azərişıq" qurumunun yaradılması nəticəsində hazırda bütün bölgələrdə elektrik enerjisi ilə təchizatla bağlı əlavə tədbirlər görülür. Vaxtilə biz kifayət qədər böyük həcmdə generasiya gücləri yaratmışıq, o cümlədən bu bölgədə "Astara" elektrik stansiyası, "Şirvan" elektrik stansiyası. Yəni, elektrik güclərimiz kifayət qədər böyükdür. Ancaq ötürücü xətlərin, transformatorların yenilənməsinə böyük ehtiyac var idi. Hazırda "Azərişıq" bu işlərə çox fəal qoşulub. Əminəm ki, bir neçə ildən sonra bizim bütün bölgələrimizdə elektrik enerjisi ilə təminat Bakıda olan səviyyəyə qalxacaq. Kənd yollarının tikintisi gedir. Lənkəranda bir neçə kənd yolu layihəsi icra edilmişdir. Bu da əlbəttə ki, həm inkişafa təkan verir, eyni zamanda, böyük sosial məna daşıyır. Çünki Azərbaycan əhalisinin təxminən 50 faizi aqrar bölgələrdə, kəndlərdə yaşayır. Kənd yolları layihəsi, ümumiyyətlə, bütün ölkəmizi əhatə edibdir.

Bu gün Azərbaycan müstəqil dövlətdir və öz taleyini özü müəyyən edir. Azərbaycan xalqı da görür ki, biz ancaq müstəqillik dövründə yaxşı yaşaya bilərik. Biz əsrlər boyu müstəqillikdən məhrum idik və Azərbaycan xalqı öz potensialını tam realizə edə bilmirdi. İyirmi üç ildir ki, müstəqil dövlət kimi yaşayırıq və bu gün çiçəklənən Azərbaycan bu müstəqilliyin bəhrəsidir. Biz müstəqilliyi qoruyuruq, qoruyacağıq. Bizim yolumuz inkişaf yoludur, ölkəmiz inkişafdadır, hər bir bölgə inkişafdadır. Birinci regional inkişaf proqramı hələ 2004-cü ildə qəbul edilmişdi və 11 il keçəndən sonra hər kəs bu gün hər bir rayonda bu proqramın nəticələrini görür. O ki qaldı Lənkəranın gələcək inkişafına, biz çalışacağıq ki, əlavə investisiyalar qoyulsun. Dövlət tərəfindən infrastruktur layihələri davam etdiriləcək. Hələ ki, məktəb tikintisinə, təmirinə ehtiyac var, kənd yollarına vəsait qoyulacaq, şəhərdaxili yollar da gərək təmir olunsun. Mənzil fondunun bərpası məsələləri var. Yəni, hələ görüləsi işlər çoxdur. Ancaq əsas infrastruktur layihələri artıq arxada qalıb. Biz onları icra etmişik. Biz Lənkəranın turizm potensialından da maksimum dərəcədə istifadə etməliyik. Çünki Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır, indi 2 milyondan çoxdur. Lənkəran Beynəlxalq Aeroportu da bir vasitə olacaq ki, biz xarici turistləri cəlb edək. Daxili turizm də inkişaf etməlidir. Təkcə bu məqsədlə yox, eyni zamanda, ölkəmizi gənclər daha yaxşı tanısınlar deyə, biz indi "Ölkəmizi tanıyaq" proqramını icra edirik. Müxtəlif bölgələrdən gənclər Lənkərana, Lənkərandan isə başqa zonalara səfərlər edirlər. Gələcəkdə bu, daxili turizmin inkişafına da təsir göstərəcək. Yəni, təbii sərvətlərimizdən səmərəli şəkildə istifadə edərək ölkəmizi daha da gücləndirməliyik, insanların daha da yaxşı həyatını təmin etməliyik." Sonda xatirə şəkli çəkdirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Lənkəranda yeni inşa olunan körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Dövlətimizin başçısı bağçanın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, körpələr evi-uşaq bağçasının inşasına 2013-cü ilin dekabrında başlanılıb. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib. Ərazisi 0,7 hektar olan bağça 3 binadan ibarətdir. Burada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşları kimi yetişmələri üçün hərtərəfli şərait yaradılıb. Bağçada 3 yaşdan 6 yaşadək 110 uşaq 11 qrupda təlim-tərbiyə alacaq. Qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları əsas götürülüb. Binada uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar var. Bağçada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır. Bundan başqa, musiqi zalı və digər istirahət otaqları da balacaların ixtiyarına veriləcək. Uşaqların qidalanmasına xüsusi diqqət yetirilir.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 11-də Lənkəran şəhərinə səfəri çərçivəsində yeni yaradılan "Gilan aqro-sitrus" təsərrüfatı ilə tanış olub.

Bildirildi ki, 2015-ci ilin Azərbaycanda "Kənd təsərrüfatı ili" elan edilməsi bu sahənin inkişafına təkan verəcək, onun modernləşdirilməsini sürətləndirəcək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin edəcək. Tədbirlər planına uyğun olaraq Lənkəranda yeni "Gilan aqro-sitrus" təsərrüfatı yaradılıb. Məlumat verildi ki, yeni sitrus təsərrüfatının ümumi sahəsi 45 hektardır. Hazırda 15 hektar sahədə "Gilan aqro" şirkəti tərəfindən Cənubi Koreyadan gətirilən 20 min ədəd "Hallabong" sitrus meyvəsinin ağacları əkilib. Yeni salınmış sitrus təsərrüfatında 140 nəfərin daimi işləməsi nəzərdə tutulur. Dövlətimizin başçısına yetişdiriləcək meyvələrin və onlardan hazırlanan məhsulların nümunələri təqdim olundu.

Bildirildi ki, sitrus təsərrüfatının ümumi smeta dəyəri 10 milyon manatdır. Gələcəkdə təsərrüfat genişləndirilərək 500 hektara yaxın ərazini əhatə edəcək. O cümlədən dağətəyi ərazilərdə terras əkin üsulu ilə sitrus plantasiyaları salınacaq. Aparılacaq işlərin nəticəsində bölgədə istifadəsiz qalmış torpaqlar yenidən kənd təsərrüfatı dövriyyəsinə qaytarılacaq və 2000 yeni daimi iş yerinin yaranmasına imkan verəcək. Burada suvarma ilkin olaraq damcı üsulu ilə həyata keçiriləcək, sonradan bununla yanaşı, çiləmə üsulundan da istifadə edilməsi nəzərdə tutulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Lənkərana səfəri çərçivəsində Liman-Nərimanabad-Balıqçılar avtomobil yolu ilə tanış olub. Əvvəlcə dövlətimizin başçısı avtomobil yolunun sxematik planına baxdı. Bildirildi ki, uzun illər təmir işləri aparılmaması nəticəsində yol istismara yararsız vəziyyətə düşmüşdü. Qısa müddətdə yenidən qurulan yol əhalinin gediş-gəlişini xeyli asanlaşdıracaq. Yolun yenidən qurulmasına Azərbaycan Prezidentinin 2013-cü il 13 sentyabr tarixli Sərəncamı ilə Prezidentin ehtiyat fondundan 2 milyon manat və 2014-cü il 6 noyabr tarixli digər Sərəncamına əsasən isə dövlət büdcəsindən 3,6 milyon manat, ümumilikdə 5,6 milyon manat vəsait ayrılıb. Yolun tikintisinə 2013-cü ilin oktyabr ayında başlanılıb, tikinti işləri bu ilin aprelində başa çatdırılıb.

Digər xəbərlər