PDF Oxu

Siyasət

  • 39

Qərbin demokratiya anlayışı...

Qərbin demokratiya anlayışı...

Yaxud Azərbaycanı ittiham edən bəzi Qərb dövlətləri və institutları ABŞ-da və Avropanın bir sıra ölkələrində tuğyan edən islamofobiyadan, irqi-etnik diskriminasiyadan, rasizmdən və neofaşizmdən heç bəhs etmək belə istəmirlər

I Avropa Oyunlarının keçirilməsinə 2 aya yaxın vaxt qalır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyilə Təşkilat Komitəsi tərəfindən bu beynəlxalq idman tədbirinin möhtəşəm keçirilməsi üçün bütün işlər görülür. Avropa ölkələrindən 6000-dən çox idmançının iştirak edəcəyi I Avropa Oyunlarının Azərbaycanda keçirilməsini həzm edə bilməyən qərəzli dairələr, erməni lobbisinin təsiri altında olan "Freedom House", "Amnesty İnternational" və "Human Rights Watch" kimi qurumlar isə şər və böhtan yolu ilə idman tədbirinin möhtəşəmliyinə kölgə salmağa cəhdlər göstərirlər. Hətta bəzi institutlar oyunların boykot edilməsi haqqında reallığa uyğun olmayan iddialar irəli sürürlər. Lakin məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, I Avropa Oyunlarının boykot edilməsi çağırışı insan hüquqları kimi abstrakt problemdən çıxış edilərək iddia edilir. Halbuki Azərbaycanı bu cür məsələlərdə ittiham edən bəzi Qərb dövlətləri və institutları ABŞ-da və Avropanın bir sıra ölkələrində tuğyan edən islamofobiyadan, irqi-etnik diskriminasiyadan, rasizmdən və neofaşizmdən heç bəhs etmək belə istəmirlər. Bu təşkilatların Azərbaycanın artan inkişafına, dünyada yüksələn nüfuzuna, imicinə kölgə salmaq üçün əl atmadıqları çirkin oyunlar qalmayıb. Sözügedən qurumlar Avropada və ABŞ-da dini, irqi diskriminasiyanı, rasizmi, insan hüquqlarının kütləvi şəkildə pozulmasını, korrupsiyanı görmək istəməyənlərdir.

Avropa Antikorrupsiya Agentliyinin məlumatında deyilir ki, Avropada korrupsiya halları görünməmiş həddədir. Əgər əvvəllər Avropa fondlarından milyonlarla vəsait mənimsənilirdisə, hazırda bu rəqəm milyardlarla ölçülür. Avropa İttifaqı ölkələri korrupsiyaya görə hər il 323 milyard avro itirirlər. Bu da Aİ-nin 2014-2020-ci illər büdcəsinin 1/3 hissəsini təşkil edir. Avropa Komissiyası da rəsmi olaraq etiraf edib ki, Avropa strukturlarındakı korrupsiya halları lazımsız layihələrə silinən maliyyə vəsaitlərindən formalaşır. Məsələn, bir sıra ekspertlər Almaniyada, Biber şəhərində 470 min avroluq "Siçanlar üçün körpü" layihəsində və ya 2006-cı ildən tikilməkdə olan hava limanına xərclənən 6 milyard avroluq layihədə ciddi korrupsiya hallarının olduğunu açıq şəkildə etiraf edirlər. Buraya Almaniyanın sabiq prezidenti Kristian Vulfun və Fransanın büdcə naziri Jer Kayuzak korrupsiya əməllərinə görə məsuliyyətə cəlb olunmalarını, Almaniyanın Yunanıstanı silahlandırma proqramına görə də Aİ-nin büdcəsindən milyardlarla maliyyə vəsaiti silməsi faktlarını da aid etmək yerinə düşər.

Son günlər Almaniyada dinc nümayişçilərə güc tətbiqi və onlara qarşı edilən zorakılıq isə Avropada insan hüquqları ilə bağlı vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir. Bundan başqa, Avropa ölkələrində islam dininin daşıyıcıları da təqiblərə məruz qalır, gündəlik həyat şəraitində təhqirlərlə, hətta fiziki zorakılıqlarla qarşılaşırlar. Məhz həmin inkişaf etmiş, insan hüquqlarından danışan ölkələrdə müsəlman qadınlar və kişilər geyimlərinə, fiziki görünüşlərinə görə iş tapmaqda çətinlik çəkirlər. Hüquq-müdafiə təşkilatları isə həmişəki kimi susurlar. Sanki miqrantlara, qaradərili insanlara qarşı millətçilər tərəfindən hücumlar ABŞ və Avropada deyil, Azərbaycanda baş verir.

Çox zaman Avropa dövlətləri özləri söz və fikir azadlığına dövlət səviyyəsində birbaşa təcavüz edirlər. Fransa Senatında qondarma "erməni soyqırımını" tanımamağa görə vətəndaşa qarşı cinayət işinin açılmasını nəzərdə tutan qanunun qəbul edilməsi sadəcə bir terrorçunun deyil, "lazım gəldikdə" siyasi maraqlar naminə elə dövlətin özünün də cəmiyyətdə söz və fikir azadlığına sipər çəkməsini sübut etmirmi? Başları digər ölkələrə "demokratiya və azadlıq", "dözümlülük və tolerantlıq" dərsi keçməyə qarışmış Avropa hökumətləri, Avropa İttifaqının çoxsaylı qurumları öz cəmiyyətlərinin "diaqnostikasına" və "profilaktikasına" diqqət ayırmağı unudublar. Azərbaycan ictimaiyyəti Avropa demokratiyasının, haqq-ədalətinin Ramil Səfərova münasibətində də görmüşük. Bütün bunlar onu sübut edir ki, bu gün ya Qərb dövlətləri və institutları reallıq hissini tamamilə unudub, ya da hazırkı vəziyyətdə Azərbaycana şər və böhtan atmaq onların siyasi maraqlarına xidmət edir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər