YAP Gənclər Birliyi üzvlərinin iki günlük Qusar rayonuna səfəri çərçivəsində rayonun Heydər Əliyev Mərkəzində YAP Gənclər Birliyinin fəalları ilə rayon gənclərinin görüşü keçirilib. Tədbirdə YAP Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov, YAP Siyasi Şuranın üzvü, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov iştirak ediblər.
Tədbiri YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov açaraq, ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışıb. O bildirib ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır:"Azərbaycan Prezidenti Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir".
Rayon təşkilatının sədri Azərbaycan gəncliyinin öz yerini tapmaq, dövlətimizin inkişafına töhfəsini vermək istiqamətində ciddi uğurlar əldə etdiyni diqqətə çatdırıb. "Bu da ilk növbədə ölkə Prezidentinin gənclərə göstərdiyi diqqət və qayğının nəticəsidir" - deyən D.İbramxəlilov gənclərin dövlət qurumlarında, ictimai təşkilatlarda, qeyri - hökumət təşkilatlarında və digər sahələrdə iştirak etdiklərini bildirib.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan danışaraq bildirib ki, dövlət başçısı Cənab İlham Əliyevin "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında" Sərəncamı gənclər siyasətinin davamıdır:"Gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin müxtəlif sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək kimi məsələlər Dövlət Proqramında əksini tapıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi Sərəncamı da dövlət- gənclər siyasətinin davamıdır. Gənclərin intellektual, fiziki və mənəvi inkişafı, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakı gənclər siyasətin əsasını təşkil edir".
Azərbaycan Prezidenti, YAP Sədri İlham Əliyevin siyasətində gənclərlə iş xüsusi yer tutur. YAP Gənclər Birliyinin ölkəmizdə ən böyük gənclər təşkilatı olduğunu deyən S.Orucov partiyanın sıralarında yüksək intellektli gənclərin birləşdiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Vüqar Rəhimzadə, Araz Xudadanov Azərbaycanda dövlət-gənclər siyasətinin əhəmiyyətindən söz açıblar. Qeyd edilib ki, bu gün həyata keçirilən siyasət, uğurlu iqtisadi islahatlar, iqtisadiyyatın inkişaf tempi müasir gənclərin düşüncəsinin formalaşmasına birbaşa təsirini göstərir.
Görüşdə region gəncləri ilə YAP Gənclər Birliyinin fəal üzvləri arasında maraqlı diskusiya, səmərəli təkliflər səsləndirilib. Görüşdən sonra rayonun fəal gəncləri ilə birgə YAP Gənclər Birliyi və Level Up Tədris və İnkişaf Mərkəzinin birgə təşkil etdiyi "Fərdi inkişaf" mövzusunda təlim keçirilib. YAP Gənclər Birliyinin fəallarının Qusar rayon gəncləri ilə görüşü çərçivəsində paytaxt və region gəncləri arasında Qusar rayonunda yerləşən Olimpiya İdman Kompleksində futbol üzrə yoldaşlıq görüşü keçirilib.
Nəzakət ƏLƏDDİNQIZI