Birinci Avropa Oyunlarına gələn hər kəsə xalqımızın ən gözəl mənəvi cəhətləri, qonaqpərvərliyi, mədəni dəyərləri və tarixi ilə yaxından tanış olmaları üçün hər cür şərait yaradılacaq
Bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən etibarlı sabitlik və dinamik inkişaf strategiyası bütün dünyada müasir dövlət quruculuğunun yeni Azərbaycan modeli kimi qəbul olunur. İnkişafımızın bu mərhələsi, başqa sözlə, əldə olunmuş yekunlar bir daha sübut edir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrik, həmişəyaşar ideyalarına və müasir strateji məqsədlərə əsaslanan inkişaf yolu ən doğru yoldur.
Respublikamızda həyatın ahəngi olduqca dinamik və sürətlidir. Hətta o qədər sürətlidir ki, onunla ayaqlaşmaq üçün bəzən mövcud qanunvericilik bazasına yenidən baxmaq, fəaliyyəti tənzimləyən bir çox mühüm sənədləri daim təkmilləşdirmək, strateji konsepsiyalar qəbul etmək zərurəti yaranır. Bu baxımdan Prezident İlham Əliyev tərəfindən irəli sürülən gələcəyimizin konturlarını müəyyənləşdirən, ən mühüm vəzifələri əks etdirən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası fəaliyyətin başlıca məqsədini təşkil edir.
Ölkəmizdə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq bu gün siyasi, iqtisadi və mədəni istiqamətlərdəki fəaliyyət tempi və nailiyyətləri ilə Azərbaycan sərhədləri aşaraq regionun liderinə, qitənin inkişaf edən qabaqcıl ölkələrindən birinə çevrilib. Azərbaycan mədəniyyəti, milli varlığımız dünyanın mədəniyyət və mənəviyyat məkanında layiqli yer alıb. Ölkəmiz tərəfindən təklif olunan unikal mənəvi sərvətlər dünya ictimaiyyətinin böyük marağına səbəb olur.
Qeyd edək ki, uzun illərdir cəmiyyətimiz tərəfindən Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın həm beynəlxalq miqyasda, həm də ölkə daxilində mədəni-intellektual sferadakı yeni məzmuna malik fəaliyyəti müşahidə və təqdir olunmaqdadır. Məhz onun təşkilatçılığı və iştirakı ilə reallaşan layihələr sayəsində milli, tarixi-mədəni irsin əhəmiyyətli hissəsinin Azərbaycana məxsusluğu dünya ictimaiyyəti tərəfindən təsdiqlənib. İçərişəhərin, Qobustan Tarix-Mədəniyyət Qoruğunun, xalça, saz, tar və muğam sənətlərinin, Novruz bayramının, Çövkən Qarabağ Atüstü Oyununun ardınca bu yaxınlarda Azərbaycan kəlağayısı da YUNESKO-nun Mədəni İrs Siyahısına xalqımızın mədəni sərvəti kimi daxil edilib.
Azərbaycan musiqisinin şedevrləri - Üzeyir Hacıbəylinin məşhur musiqili komediyaları, "Leyli və Məcnun", "Koroğlu", "Yeddi gözəl", "1001 gecə", "Məhəbbət əfsanəsi", "Eşq və ölüm", "Qobustan kölgələri", "İntizar", muğamat, tar ifaçılığı, saz musiqisi uzun illərdən sonra ən cəlbedici şəkildə dünya səhnəsinə qayıdıb, ölkəmizin yaradıcı kollektivləri dünyanın ən şöhrətli festivallarında təmsil olunub, yüksək mükafatlara layiq görülüblər. Bir çox pyeslər ingilis, rus, habelə türkdilli xalqların dillərinə tərcümə olunaraq xaricdə ölkə teatrlarında oynanılır. Heydər Əliyev Fondunun təşkilatçılığı və nazirliyin iştirakı ilə Azərbaycanda Beynəlxalq Muğam Festivalı, Beynəlxalq Caz Festivalı, Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Qara Qarayev Beynəlxalq Müasir Musiqi Festivalı, Rostropoviç Beynəlxalq Festivalının keçirilməsi ənənəyə çevrilib.
İdman Filmləri Festivalı, Turizm Filmləri Festivalı keçirilib. Yalnız bir faktı - il ərzində Azərbaycan filmlərinin dünyada təşkil olunan 52 beynəlxalq festivalda iştirakını göstərmək kifayətdir ki, uğurlu yekunların miqyası təsəvvür olunsun. Bu gün Azərbaycan beynəlxalq kitab və beynəlxalq turizm sərgilərinin keçirilməsi sahəsində iştirakçı ölkədən təşkilatçı ölkəyə çevrilib.
Xüsusilə də son vaxtlar Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dünyanın aparıcı dövlətlərində ölkəmizin təqdimatlarının keçirilməsi ənənəsi ictimaiyyətin diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun müəllifi və icraçısı olduğu mədəniyyət proqramları bütün dünyada, eləcə də hər bir vətəndaşımızın düşüncəsində yeni Azərbaycanın real obrazının, müasir imicin formalaşmasına əhəmiyyətli təsir göstərir.
Azərbaycan Respublikasının mərhələlərlə həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarına uyğun olaraq ölkəmizin paytaxtı Bakı şəhərinin, eləcə də regionlarımızın siması sürətlə dəyişməkdədir. Yeniləşmə yalnız zahiri xarakter daşımır, o, müasir dövrün proseslərinə uyğun məzmuna malikdir. Bu, o deməkdir ki, respublika üzrə mədəniyyət və turizm şəbəkəsinə müasir yanaşma həyat zərurətidir. Əhalinin maddi-sosial durumu yaxşılaşdıqca, mənəvi tələbatı da yüksəlir. Rayon və şəhərlərimizdə mövcud maddi-texniki baza - kitabxanalar, klublar, mədəniyyət evləri, muzeylər, musiqi və incəsənət məktəbləri davamlı olaraq yenidən qurulur, daha müasir obyektlərin inşası aparılır.
Məhz maddi-texniki bazanın müasir tələblər səviyyəsində yenidən qurulması fonunda ölkədə fəaliyyət göstərən 25 dövlət teatrının və digər teatr kollektivlərinin, 219 muzeyin, 35 rəsm qalereyasının, 3161 kitabxana-informasiya sahəsinin, 100-dən çox yüksək təmirli mədəniyyət saraylarının, bölgələrdə yaradılan, hər biri geniş istirahət parkına malik olan Heydər Əliyev adına mərkəzlərin qaynar həyatı müşahidə olunur. Regionlarımızın simvoluna çevrilən Heydər Əliyev mərkəzləri çağdaş və qlobal informasiya texnologiyaları, kitabxana, konfrans salonu, təlim kursları olan müasir mədəniyyət müəssisələri kimi əhalinin geniş təbəqələrinə xidmət göstərir.
Eyni zamanda, dövlətin mədəniyyət və turizm siyasətinin effektiv icrasının təmin olunması, mövcud nöqsanların aradan qaldırılması üçün regionlarda mədəniyyət müəssisələri ilə əlaqədar islahatların daha keyfiyyətlə və sürətlə həyata keçirilməsi diqqət mərkəzindədir. Bu, ilk növbədə yerlərdə müasir dövrün tələbləri ilə uyğunlaşmayan köhnə iş üsullarının, qeyri-işlək strukturların, vahidlərin, ümumən, şəbəkə sisteminin optimallaşdırılmasını nəzərdə tutur. Şübhəsiz ki, bu prosesin yekunu olaraq göstərilən xidmətlərin səviyyəsi müasir tələbata uyğun olaraq əhəmiyyətli dərəcədə yüksələcək.
Ümumən Azərbaycanın iqtisadi-sosial inkişafı ilə bağlı Prezident İlham Əliyevin imzaladığı elə bir rəhbər sənəd yoxdur ki, orada milli turizm sənayesinin yüksəlişinə yol açan müddəalar yer almasın. Prezident İlham Əliyev böyük turizm obyektlərinin, mehmanxanaların, digər infrastruktur vahidlərinin açılışlarında, turizm sərgilərində şəxsən iştirak edir, müvafiq tapşırıqlar verir. Ötən il ölkəmizə 2 milyon 300 minə yaxın turist gəlib. Sadə hesablamaya görə, ötən il ərzində turizm xidmətlərindən ölkəmizin maliyyə dövriyyəsinə ən azı 1 milyard manat həcmində vəsaitlər daxil olub. Hazırda Prezident İlham Əliyevin tapşırıqlarına əsasən turistlər üçün viza rejiminin sadələşdirilməsi, yeni turist qarşılama yerlərinin yaradılması, ilboyu turizmin təşkili, Azərbaycanın turizm potensialının dünyanın ən məşhur televiziya kanallarında tanıdılması istiqamətində fəaliyyət davam etdirilir. Ölkədə daxili turizmin inkişafı da yeni mərhələ qarşısındadır. Prezident İlham Əliyevin tapşırığı ilə 9-11-ci siniflərdə təhsil alan şagirdlərin ölkə üzrə turist səfərləri təşkil edilir. Layihə "Ölkəmizi tanıyaq" adlanırdı. Marşrutlara 4 mindən çox yeniyetmə qatıldı.
Son illərdə ölkəmizin regionlarına gələn həm yerli, həm də xarici turistlərin sayının artmasının əsas səbəblərindən biri orada infrastrukturun təkmilləşdirilməsidir. Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən yeni yollar çəkilib, mövcud yollar bərpa edilib. Prezident İlham Əliyevin birbaşa nəzarətilə həyata keçirilən infrastruktur layihələrinin reallaşması nəticəsində bölgələrdə müasir kurort və yerləşdirmə obyektləri yaradılıb. Ölkəmizdə turizm infrastrukturunun müasir standartlara uyğunlaşdırılması, mövcud turizm məhsullarının təkmilləşdirilməsi, yeni məhsulun yaradılması turizmin perspektiv inkişafına imkan verir. Azərbaycanda ən mükəmməl turizm layihələrindən olan "Şahdağ" Qış-Yay Turizm Kompleksi respublikamızda dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün layiqli nümunədir. Bu örnək özəl sektor tərəfindən Qəbələdə analoji "Tufandağ" Turizm Mərkəzinin yaradılmasına təkan vermişdir. Layihələrin həyata keçirilməsi müvafiq bölgələrdə iş yerlərin artırılmasına səbəb olub.
Eyni zamanda, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmiz dünyanın mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib və bu siyasətin nəticəsi olaraq xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsinə və inkişafına töhfə verib. Prezident İlham Əliyevin 2010-cu ildə BMT Baş Assambleyasında elan etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu gün Bakı prosesi çərçivəsində həyata keçirilən qlobal layihədir. Cari il may ayının 18-19-da Bakıda 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Bu gün dünya xalqlarının forumun ideyaları ətrafında birləşməyə çağırışı Azərbaycana məxsus olmaqla bərabər, dünyanın YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESCO kimi nüfuzlu təşkilatları bu tədbirin həmtəşkilatçısı qismində çıxış edirlər. Bu da o deməkdir ki, dünyada gedən proseslərdə Azərbaycanın təşəbbüsü beynəlmiləl status qazanmağa nail olub.
Bir sözlə, Azəbaycanda Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən mədəniyyət və turizm siyasəti də öz töhfələrini verməkdədir. Bu sahədə həyata keçirirlən hüquqi və infrastruktur işləri beynəlxalq əhəmiyyətli tədbirlərin təşkilinə və keçirirlməsinə əlverişli şərait yaradır. Mövcud 5 ulduzlu otellər daxili və xarici turistlərin xidmətindədir. Bu mənada, Azərbaycanın mədəniyyət və turizm obyektləri I Avropa Oyunlarına tam hazırdır. Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yenidən diqqətə çatdırıldı ki, birinci Avropa Oyunlarına gələn hər kəsə xalqımızın ən gözəl mənəvi cəhətləri, qonaqpərvərliyi, mədəni dəyərləri və tarixi ilə yaxından tanış olmaları üçün hər cür şərait yaradılacaq.
"Səs" Analitik Qrupu