Bahar Muradova: "Senator Menendesin canfəşanlığının ilginc məqamları hələ köhnəlməyib"
"Bu, Azərbaycanı gözü götürməyən insanların mövqeyindən irəli gələn hərəkətdir. Sözügedən sənədi imzalayan şəxslərin hər biri ayrılıqda və yaxud da bütövlükdə görünür, Azərbaycanın uğurları ilə barışa bilmirlər". Bu fikirləri SİA-ya Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri Bahar Muradova ABŞ dövlət katibinin demokratiya və insan hüquqları üzrə keçmiş köməkçiləri Elliot Abrams və Devid Kramer, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, "Azadlıq" radiosunun keçmiş direktoru Cefri Qedm, "Freedom House" təşkilatının direktoru Mark Laqon, Demokratiya və Şərqi Avropa İnstitutunun direktoru İrena Lasotan, AZAD təşkilatından Elmar Şahtaxtinski, Qorxmaz Əsgərov, Ramiz Yunusun və başqalarının ABŞ-m Dövlət Katibi Con Kerriyə Azərbaycanın dövlət rəsmilərinə, millət vəkillərinə qarşı sanksiyaların tədbiq edilməsi ilə bağlı ünvanladıqları müraciətlərinə münasibətini bildirərkən deyib.Vitse spiker qeyd edib ki, bu insanlar Azərbaycanın beynəlxalq miqyaslı layihələrə çox yüksək səviyyədə ev sahibliyinə hazırlaşması, gözəl təşkilatçılıq qabiliyyətinin ortaya qoyulmasına rahat baxa bilmirlər: "Dövlətimiz əlbəttə ki, bu uğurlara imza atmaq üçün bütün resurslarını, istər iqtisadi, istər təbii, istərsə də insani resurslarını səfərbər edib. Bunun təməlində isə aparılan düzgün siyasət dayanır. Azərbaycan dövləti siyasi, iqtisadi imkanlarını təkcə xalqımızın rifahına, yaşam səviyyəsinin yüksəldilməsinə deyil, həmçinin sülhün, əmin-amanlığın, tolerantlığın, dostluğun, bir-birinin hüquqlarına hörmət etməyin nümunəsi olan beynəlxalq layihələri reallaşdırmağa da sərf edir. Bütün bunları isə açıq ürəklə edirik".Bahar Muradova həmçinin hər hansı bir hərəkətinin, addımının qarşılığında öz faydasını, öz fərdi, qrup ambisiyalarını güdənlərin aparılan bu siyasətin mahiyyətini, qüdrətini anlamaq qabiliyyətində olmadıqlarını da qeyd edərək vurğulayıb ki, bu gün əgər bu dairələr Azərbaycanı qaralama kampaniyasında iştirak edirlərsə, bunun müqabilində mütləq hardansa fayda güdürlər: "Tam əminliklə söyləyirəm ki, bu fikirlər heç də əsassız fikirlər deyil. Mütləq müxtəlif dairələrin maliyyə dəstəyi qarşılığında bu addımları atırlar. Senator Menendesin canfəşanlığının arxasındakı ilginc məqamlar haqqındakı məlumatlar hələ köhnəlməyib. O da bu fəaliyyətlərini Azərbaycanda baş verən "hüquq pozuntuları" ilə pərdələməyə çalışırdı. Təbii ki, sözügedən dairələrin böyük bir qismi erməni lobbisinə, erməniçiliyə xidmət edənlərdir. Bu da bir çox beynəlxalq təşkilatlarda özünə kök salmış streotiplərin nəticəsidir ki, müstəqil siyasət yeridən ayrı-ayrı ölkələrdə bəzi dairələrin maraqlarını qorumaq üçün bu cür fəaliyyətlərə yol verirlər. Hesab edirəm ki, bütün bunların faydasız, səmərəsiz olduğu Azərbaycanın timsalında indiyə kimi bunlara aydın olmalı idi. Amma görünür hələ sifariş verənlər fəaliyyət tələb etməkdə davam edirlər".
sia.az