PDF Oxu

Siyasət

  • 22

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN MÜASİR DÜNYADA YERİ

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN MÜASİR DÜNYADA YERİ

Əslində Ümummilli Lider Heydər Əliyevlə bağlı hər bir mövzu nə qədər əzizdirsə, nə qədər doğmadırsa, o qədər də məsuliyyətlidir. Çünki Azərbaycanda elə bir sahə yoxdur ki, Onun misilsiz xidmətləri olmasın, çox hallarda da O, bu işlərin qurucusu və yaradıcıdır. Eyni zamanda onunla bağlı hətta ən kiçik məsələ də böyükdür, çox əhəmiyyətli və qiymətlidir. Ulu Öndər Heydər Əliyev irsi bizim üçün və gələcək nəsillər üçün zəngin xəzinədir, vətəninə, xalqına, dövlətinə xidmət nümunəsidir. Ona görə Onun adı ilə bağlı hər hansı bir araşdırma böyük bir elmi əsər və ya monoqrafiyadır. Bu mənada Dahi Öndər Heydər Əliyev və Azərbaycanın müasir dünyada yeri haqqında düşünərkən hər kəsdə yaranmış məsuliyyətli hissi sözlə dilə gətirmək belə çətindir. Sözsüz ki, bu, Heydər Əliyev haqqında yazılan, hətta ən böyük əsəri də bitmiş hesab etmək olmaz. Mən də belə bir Böyük Şəxsiyyətin zamanında yaşamağıma və Onun məktəbindən dərs aldığıma görə özümü hədsiz dərəcədə xoşbəxt hiss edir, mənim üçün yazılmış bu alın yazıma görə Yaradanıma sonsuz şükürlər edirəm.

Azərbaycan xalqı tarix boyu məşhur dövlət xadimləri yetişdirmiş xalqlardan olmaqla, XX əsrdə dünya siyasətində həm Sovetlər Birliyində, həm də müstəüillik illərində çox tanınan siyasətçi və görkəmli dövlət adamı, Müasir Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev kimi şəxsiyyət yetirən bir xalqdır. Bu mənada Azərbaycanın beynəlxalq əlaqələr sistemində layiqli yer tutması üçün onun dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərinin tənzimlənməsi və inkişaf etdirilməsi istiqamətində dövlət siyasətinin formalaşdırılması böyük əhəmiyyət kəsb edir. Bu mənada Azərbaycanın dünya birliyinə tam hüquqlu üzv kimi daxil olmağa çalışan, müstəqilliyinin ilk kövrək addımlarını atan və Ermənistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyü pozulmuş Azərbaycan Respublikasının xarici siyasətində dünya birliyinə inteqrasiyası, ikitərəfli və çoxtərəfli münasibətlərin, beynəlxalq və məhəlli təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi Ulu Öndərimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə fəaliyyətinin başlıca istiqamətlərindən birini təşkil etmişdi.

Ulu Öndər Heydər Əliyevin gərgin əməyi sayəsində Azərbaycan özünün geosiyasi mövqeyini, ictimai-siyasi və mənəvi-psixoloji inkişaf xüsusiyyətlərini nəzərə alaraq mövcud inkişaf modellərindən heç birinə birmənalı şəkildə üstünlük vermədən Qərb və Şərqin yaratdığı dəyərlərdən yaradıcılıqla və səmərəli şəkildə bəhrələnməyə, tarazlaşdırılmış çoxşaxəli xarici siyasət yeritməyə nail oldu. 1993-cü ildə xalqımızın Ümummilli Lideri böyük Heydər Əliyevin ölkəmizdə hansı şəraitdə hakimiyyətə gəlməsini nəzərə alsaq Azərbaycanın çağdaş dünyada qazandığı yer və mövqenin hansı çətinliklər hesabına başa gəlməsi bir daha aydın olur.

1993-cü ilin ikinci yarısından başlayaraq Azərbaycanın geosiyasi vəziyyətinin və beynəlxalq siyasətə təsiretmə imkanlarının dərin nəzəri təhlili əsasında xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. İlk növbədə müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri, daha doğrusu avroatlantik strukturlara inteqrasiya və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və paralel olaraq Türkiyə ilə, müsəlman dünyası və ayrıca olaraq İranla, Asiya, Afrika və Cənubi Amerika ilə əlaqələrinin yaxın dövr üçün prioritetləri, istiqamətləri, aparıcı strategiyası müəyyənləşdirildi, hər qrupa daxil olan ölkələrlə ayrı-ayrılıqda və birgə münasibətlərin düşünülmüş, bütün amilləri nəzərə alan durumu yaradıldı. Yəni fərqi yoxdur həm çox tərəfli və həm də ikitərəfli münasibətlərdə ən etbarlı tərəfdaş olmaq prinsipini həyata keçirmək idi.

Ulu Öndər Heydər Əliyev məhz bu reallıqları nəzərə alaraq, necə deyərlər, yaxın qonşu uzaq qohumdan irəlidir, düşüncəsi ilə, özünün ilk səfərlərindən birini Rusiyaya etdi. Bu səfər Azərbaycanın MDB-yə daxil olması ilə paralel hazırlandı. Çünki həm Rusiya ilə münasibətlər üçün, həm də MDB-yə daxil olan ölkələrlə Azərbaycanın münasibətləri, əlaqə və əməkdaşlığı üçün bu iş haqlı olaraq əhəmiyyətli sayılırdı. Heydər Əliyevin Rusiya Federasiyasının paytaxtı Moskvaya səfərləri, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana səfəri ölkələrimiz arasındakı gərginliyi xeyli zəiflətdi, iki ölkə arasındakı münasibətlərə yeni keyfiyyət gətirdi.

Azərbaycan dövlətinin xarici siyasətinin çox vacib və əhəmiyyətli istiqamətlərindən biri də Amerika Birləşmiş Ştatları ilə münasibətlərdir. Müstəqil Azərbaycanla bu ölkə arasında diplomatik münasibətlər 1992-ci il martın 18-də yaradılmışdır. Lakin bu, hələ ancaq ilk addım idi. Bu yolla irəliləmək, bir sıra məsələlərə aydınlıq gətirmək, əlaqələri genişləndirmək, etimad, etibar qazanmaq, Azərbaycanı layiqincə təqdim etmək üçün çox iş görmək, böyük diplomatik fəallıq göstərmək tələb olunurdu. Buna nail olmaq, mövcud imkanları reallığa çevirmək üçün ardıcıl, məqsədyönlü səy göstərmək, daima müxtəlif yollar axtarmaq, vasitələr tapmaq lazım gəlirdi. Nəhayət, 1994-cü ilin sentyabrında məşhur "Əsrin müqaviləsi"nin imzalanması bu yolda ən mühüm və ən başlıca amil, Azərbaycanla Qərb arasındakı münasibətlərdə yeni və həm də dönüş nöqtəsi oldu.

Belə ki, Azərbaycana, onunla iqtisadi əməkdaşlığa, onun problemlərinə, geosiyasi əhəmiyyətinə maraq yarandı. 9 maraq ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, münaqişəli problemin dinc yolla həllinə tərəfdar olduğunu bəyan etməklə nəticələndi. Bu, çox əhəmiyyətli bəyənat idi. İndi irəli getmək ölkəmizi, işlərimizi, məqsəd və məramımızı, dücar olduğumuz müsibətlərimizi Amerika ictimaiyyətinə çatdırmaq, əlaqələri daha genişləndirmək üçün yeni səylər göstərmək tələb olunurdu. Heydər Əliyevin ABŞ-a səfərləri və onların uğurlu nəticələri bu böyük səylərin davamı kimi çox əhəmiyyətli oldu. Bu, Heydər Əliyev diplomatiyasının, Azərbaycanın düşünülmüş, əsaslandırılmış və sistemləşdirilmiş yeni xarici siyasəti sayılırdı.

Azərbaycanın yeni xarici siyasət kursunda bütövlükdə Avropanın böyük dövlətləri ilə münasibətlər məsələsi mühüm bir istiqamət təşkil edir. Hər bir ölkənin özünəməxsus xüsusiyyətlərini bütün incəliklərinə qədər nəzərə alan bu yeni xətt qısa bir müddətdə çevik taktiki gedişlərlə həyata keçirildi. Qısa müddət ərzində Azərbaycanın özünə Böyük Britaniya, Almaniya, Fransa, İtaliya kimi çox nüfuzlu həmfikirlər əldə etməsi Heydər Əliyev xarici siyasətinin Avropa istiqamətinin çox mühüm bir uğuru oldu. Özünün uzaq tarixi köklərə malik demokratik dövlətçilik ənənələri ilə seçilən böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı beynəlxalq münasibətlərə təsiretmə gücünə görə dünya siyasətinin yönümünü müəyyən edən və beynəlxalq aləmin ən ümdə problemlərinin həllində xüsüsi çəkisi olan ölkələr sırasına daxil olduğundan Azərbaycan ilə bu ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq və dostluq əlaqələri qurmaq çox əhəmiyyətli idi.

Böyük Britaniya dövlətini Azərbaycanla dostluğa və əməkdaşlığa sövq edən bir sıra siyasi, iqtisadi və digər amillər Azərbaycan-Böyük Britaniya əlaqələrinin dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və tərəfdaşlıq münasibətləri üzərində qurulmasını şərtləndirmiş və zəruri etmişdir. Bu zərurəti dərk edən və qarşılıqlı əlaqələrin hər iki dövlət üçün verdiyi və verə biləcəyi faydanı yüksək qiymətləndirən Heydər Əliyev və Böyük Britaniyanın hökumət rəhbərləri iki ölkə arasındakı əlaqəlrin yüksələn xətlə inkişaf etməsi üçün bütün imkanlardan istifadə etmişlər. Məhz elə bunun nəticəsidir ki, bu gün iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıq istiqamətində inkişaf edir. Yalnız Heydər Əliyevin respublika rəhbərliyinə yenidən qayıtmasından sonra Azərbaycanın xarici siyasətində, o cümlədən dünyanın böyük və nüfuzlu dövlətlərindən sayılan Fransa ilə münasibətlərdə də dönüş baş verdi. Təcrübəli siyasi xadim və incə diplomat Heydər Əliyev keçmiş iqtidar başçılarından fərqli olaraq Fransa dövlətinin dünyada və Avropada oynadığı rolu, malik olduğu gücü, nüfuzu və təsir dairəsini yaxşı bildiyindən, ilk növbədə o vaxta kimi Azərbaycanda yalnız "düşmən" kimi təqdim olunmuş Fransa ilə əlaqələri sahmana salmağı qərarlaşdırdı.

Ulu Öndər Heydər Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində Avropanın siyasi və iqtisadi həyatında mühüm rol oynayan İtaliya, Belçika Krallığı, Hollandiya, Norveç və digər ölkələrlə qarşılıqlı əlaqələrin genişləndirilməsi Azərbaycanın Avropa ilə inteqrasiyasına yeni yollar açır, beynəlxalq aləmdə nüfuzunun artmasına və mövqelərinin möhkəmlənməsinə kömək edirdi. Heydər Əliyevin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirdiyi xarici siyasət kursunun ən mühüm uğurlarından biri də 2002-ci ilin əvvəlində tarixi əhəmiyyət daşıyan hadisə-Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi, Avropa ailəsinə qovuşması oldu. Beləliklə də, müstəqilliyin ilk on ili ərzində Azərbaycan xalqı Heydər Əliyevin rəhbərliyi altında ən mürəkkəb və sərt maneələri dəf etdi, Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu və vətəndaş cəmiyyəti formalaşmasında qətiyyətli addım atıldı. Azərbaycan özünün gələcəyini Avropaya tam inteqrasiya ilə bağladı. Onu da qeyd etmək lazımdır ki, bu mühüm nailiyyət Azərbaycana başqa dövlətlərlə müqayisədə ikiqat, üçqat, bəlkə də daha ağır zəhmət və şərtlər bahasına başa gəldi. Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul edilməsi həm ölkəmiz üçün, həm də bu təşkilat üçün xüsusi əhəmiyyət kəsb edir.

Dərin mənəvi-mədəni, elmi-iqtisadi, potensiala, zəngin təbii sərvətlərə, əlverişli coğrafi-siyasi mövqeyə malik Azərbaycan həm də özünün zəngin təbii sərvətləri ilə məşhurdur. Bu sərvətlər içərisində neft əsas yer tutur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdriklik və uzaqgörənliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət nəticəsində bu gün neft onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilmişdir. Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanın dünya ölkələri ilə qarşılıqlı əlaqələrinin genişlənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə güclü təkan verdi. "Əsrin müqaviləsi" və sonrakı dövrlərdə, hətta gələcəkdə planlaşdırılmamış digər imzalanmış çoxsaylı neft kontraktları Azərbaycanın dünya birliyinə inteqrasiyasını gücləndirir, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün ortaq təmas nöqtələrinin geniş şəbəkəyə malik olduğunu nümayiş etdirir. Bu saziş təkcə dünya bazarının yüksək keyfiyyətli neftlə təminatına deyil, eyni zamanda, Azərbaycan iqtisadiyyatının, xüsusən, sənayenin və neft sektorunun müasirləşməsinə rəvac verdi. Ən əsası isə bu saziş ötən əsrin 90-cı illərində hərbi təcavüzə məruz qalmış, ciddi siyasi və iqtisadi sınaqlarla qarşılaşmış Azərbaycan Respublikasının dövlət müstəqilliyinin mühüm təminatına çevrilərək dünya birliyinə sıx inteqrasiyasını təmin etdi. Qərbin bir sıra aparıcı, habelə Mərkəzi Asiya regionu dövlətləri üçün strateji əhəmiyyət daşıyan "Əsrin müqaviləsi" regionda digər qlobal layihələrin gerçəkləşməsinə yol açdı, Qərb dövlətlərinin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağını artırdı, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə yeni bir mərhələnın başlanğıcını qoydu.

Bu barədə Prezident İlham Əliyev çox dəqiq deyib: "Əsrin kontraktı"nın Azərbaycan tarixində xüsusi yeri vardır və Azərbaycanın müstəqil ölkə kimi yaşamasında bu rol əvəzolunmazdır. O vaxt bizim nə imkanlarımız var idi, nə də vəsaitimiz. Ölkədə sənaye sahəsində hələ ki, tənəzzül yaşanırdı, iqtisadiyyat demək olar ki, çökmüşdü. Müstəqil ölkə üçün yaşamaq çox çətin idi. Müstəqilliyimiz demək olar ki, şübhə altında idi. Məhz o çətin illərdə Azərbaycana investisiyalar gətirmək, Azərbaycanı dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim etmək, xarici investorlar üçün münbit şərait yaratmaq, eyni zamanda, Azərbaycanın dövlət maraqlarını tam şəkildə qorumaq böyük siyasi təcrübə, bilik və məharət tələb edirdi. O vaxt Azərbaycanın xarici şirkətlərlə əməkdaşlığı bölgədə birmənalı qarşılanmırdı. "Əsrin kontraktı"nın imzalanması böyük siyasi cəsarət tələb edirdi. Ancaq Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə biz buna nail ola bilmişik".

Son illərdə beynəlxalq səviyyədə ölkəmizə qarşı diqqətin davamlı olaraq yüksəlməsinə gətirib çıxaran ən mühüm səbəblərdən biri də sürətli inkişaf yolunda irəliləyən Azərbaycanın qazandığı nailiyyətlərin miqyasını daim genişləndirərək uğurlu bir tərəqqi modelinin əsasını qoymasıdır. Bunun nəticəsidir ki, hazırda dünyada inkişafın Azərbaycan modelindən getdikcə daha çox bəhs olunmağa başlanılır, onun konkret xüsusiyyətlərinin öyrənilməsinə böyük diqqət yetirilir. Özü də dünya miqyasında 155 ölkənin dəstəyini alaraq, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilən Azərbaycan təkcə sürətli sosial-iqtisadi inkişafına görə yox, digər sahələr üzrə də əldə edilən möhtəşəm nailiyyətləri baxımından da liderlər cərgəsində yer alan ölkə kimi qəbul olunur.

Azərbaycanın təşəbbüsü ilə BTC, Bakı-Supsa neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin işə düşməsindən sonra karbohidrogen ehtiyatlarının nəqli ilə bağlı regionda tamamilə yeni vəziyyət yarandı. Yəni Xəzərin karbohidrogen ehtiyatları ilk dəfə olaraq alternativ yollarla dünya bazarlarına çıxarılmağa başlandı ki, bu da Azərbaycanın enerji siyasətinin müstəqil olmasından xəbər verdi. Bu layihələrdən sonra Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərləri layihələrinin həyata keçirilməsi Avropa və dünyanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malikdir.

Bu gün ölkəmizin Orta Asiya ilə Avropa arasındakı enerji, nəqliyyat-kommunikasiya və s. transmilli layihələrin əsas oyunçusu və söz sahibi olmaqla, onun mərkəzində dayanması, Azərbaycanın gələcəkdə də Orta Asiya ölkələrinin geoiqtisadi və sosiokultural maraqlarının, regional təhlükəsizliyinin təmin olunmasında birbaşa iştirak edəcəkdir. Çünki Azərbaycan Respublikası Şərq ilə Qərb, Şimal ilə Cənub arasında körpü rolunu oynamaq üçün lazımi imkanlara malikdir.

Əlbəttə, Azərbaycanın əlverişli geosiyasi mövqeyinin, multikultural müxtəlifliyin və çoxmədəniyyətliliyinin, yüksək insan potensialının və zəngin təbii ehtiyatlarının olmasına baxmayaraq, heç də balanslı siyasətin həyata keçirilməsi elə o qədər də asan olmamışdır. Bütün bunlara baxmayaraq, Ulu Öndərimiz özünün zəngin siyasi-diplomatik bilik və bacarığına, yüksək dövlət idarəçiliyi və uzaqgörənlik qabiliyyətinə istinad edərək, elə bir dövlət siyasəti formalaşdırdı ki, bu siyasət ölkəmizin ildən ilə müasir dünyada imicinin və mövqeyinin güclənməsinə zəmin yaratdı. Sözsüz ki, 2003-cü ildən başlayaraq, dövlət siyasətinin əsas milli maraq olmaqla, kürəsəl güclərin və kürəsəl siyasətin də maraq və prinsiplərinə uyğun şəkildə yüksək səviyyədə həyata keçirilməsi məhz möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin misilsiz xidməti sayəsindədir. Biz əminik ki, bu siyasət Azərbaycanın müasir dünyada gündən günə artan müsbət imici onun dünya birliyində yerini və mövqeyini bundan sonra da daha da gücləndirəcikdir.

Məlahət İbrahimqızı,

Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü

Digər xəbərlər