Qurultay iştirakçıları Abbas Abbasovun cinayət məsuliyyətinə cəlb olunması üçün prezidentlərə müraciət etdilər
Abbas Abbasovun Rusiyada yaşayan azərbaycanlılara qarşı həyata kçeirdiyi cinayətlər "Azərros"un qurultayımda yenidən müzakirə olunub. Belə ki, aprelin 14-də Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti "Azərros"un VI hesabat-seçki birləşdirici qurultayının yekun hissəsi keçirilib. Qurultayın işində Rusiyanın 43 regionundan 87 nümayəndə iştirak edib. Onların arasında 14 regional təşkilat, Rusiya azərbaycanlılarının regional təşkilat hüququna malik 19 yerli milli-mədəni muxtariyyəti, habelə Rusiyanın müxtəlif regionlarını təmsil edən Azərbaycan Mədəniyyət Mərkəzlərinin nümayəndələri olub. Qurultay yanvarın 17-də başlasa da, nümayəndələrin və iştirakçıların əksəriyyətinin qəbul etdiyi qərara əsasən onun işində fasilə elan olunub. Məqsəd Tver və Nijni Novqorod vilayətlərinin regional milli-mədəni muxtariyyətlərinin rəhbərlərinin birləşdirici qurultayda iştirak etmələri üçün onlarla dialoq qurmaq olub. Həmin vilayətlərin Azərbaycan diaspor rəhbərləri qurumun əksər üzvlərinə qoşulmaq istəməyiblər və Abbas Abbasovun dəstəyi və rəhbərliyi altında fevralın 20-də öz "qurultayını" keçiriblər. Həmin "qurultaya" qurumun əksər üzvləri buraxılmayıblar. Bildirilib ki, A.Abbasov müxtəlif cinayətkar metodlardan istifadə edərək vətənpərvər şəxslərin qurultayda iştirakına əngəl törədərək onları ölümlə hədələyib.
Abbas Abbasovun qurultay zalına bomba qoyulması haqqında məlumat verdirib
Xatırlayırsınızsa, yanvarın 17-də A.Abbasov "Azərros"un işinə mane olaraq müxtəlif təxribatçı addımlar atmışdı. Bu dəfə də belə oldu. O, yenidən aprelin 14-də qurultayın işini pozmaq üçün cəhdlər edib. Konkret olaraq Rusiya hüquq-mühafizə orqanlarına qurultayın planlaşdırıldığı zala bomba qoyulması haqda yanlış məlumat verilib. Bu təxribat nəticəsində qurultay nümayəndələri və qonaqlar bir neçə saatı yaxınlıqdakı mehmanxananın hollunda keçirmək məcburiyyətində qalıblar. Lakin bu, qurultayın keçirilməsinə mane olmayıb, çünki nümayəndələr qurultayın işini yekunlaşdırmaq əzmində olublar. Nəticədə qurultay 1 saat gecikməklə, digər yerdə - Greenwood Biznes Mərkəzində keçirilməli olub.
Qurultayda gündəlikdə qalan 3 məsələ - prezident, Federal Şura və Nəzarət-Təftiş Komissiyası sədrlərinin seçkiləri müzakirə olunub. Prezidentliyə namizədlər olan "Azərros" Federal Şurasının üzvü Mehriban Abdullayeva və vitse-prezident Yusif Xıdırov öz namizədliklərini geri götürüblər və Söyün Sadıqovun namizədliyini irəli sürüblər. S. Sadıqovun namizədliyini, həmçinin "Azərros"un Ulyanovsk vilayətinin yerli təşkilatının rəhbəri İslam Hüseynov, Krasnoyarsk vilayəti təşkilatının sədri Ayaz Məmmədov, Rostov vilayəti təşkilatının sədri Vaqif Mustafayev, Samara vilayəti təşkilatının sədri Rafiq Qəmbərov və Kaluqa vilayəti təşkilatının sədri Eldəniz Amanov irəli sürüblər. Onlar çıxış edərək A.Abbasovun "Azərros" ətrafında yaratdığı acınaqcaqlı durumdan danışılıb. Qurultayda S.Sadıqov "Azərros"un prezidenti seçilib. Moskva vilayəti təşkilatından "Azərros"un prezidenti vəzifəsinə Qalib Ağayevin namizədliyi irəli sürülüb. Nizami Bəşirov qurumun Federal Şurasının sədri, Mehriban Abdullayeva isə Nəzarər-Təftiş Komissiyasının sədri seçilib. Həmçinin qurultayın qərarı ilə "Azərros"a Krım azərbaycanlılarının regional milli-mədəni muxtariyyəti qəbul olunub. Qurultayda Moskva şəhərinin milli siyasət, regionlararası əlaqələr və Turizm Departamentinin nümayəndəsi İqor Tiunçik çıxış edib. O, demokratik seçkilərin bütün prinsiplərinin riayət olunduğu qurultayın əhəmiyyətini önə çəkib, habelə qurumun yeni prezidentinə uğurlar arzulayıb.
Abbas Abbasovun erməni daşnaklarına xüsusi rəğbəti var
S.Sadıqov çıxışı zamanı A.Abbasovun "Azərros"un parçalanmasına səbəb olan addımlarını və onun azərbaycanlılara qarşı cinayət əməllərini pisləyib.
"Azərros"un Moskva vilayəti üzrə regional təşkilatının rəhbəri Qalib Ağayev isə A. Abbasovun həmyerlilərinə qarşı əməllərindən danışarkən, onun erməni daşnaklarına sadiqliyindən və onlarla əlaqələrindən bəhs edib. "Azərros"un vitse-prezidenti qeyd edib ki, A. Abbasov Rusiyanın bəzi məmurlarını aldadaraq, onların əli ilə Rusiyadakı Azərbaycan diasporunun iradəsini boğmağa çalışır və bununla Rusiya vətəndaşları olan azərbaycanlıların konstitusiya ilə təsbit olunmuş hüquqlarını pozur: "Biz, Vladimir Putinin seçiciləriyik. Rusiya vətəndaşlarının hüquq və öhdəlikləri pozulanda, susa bilmərik. Çünki Rusiyanın ictimai-siyasi həyatının fəal iştirakçılarıyıq".
Qurultayda çıxış edən Azərbaycan diasporunun nümayəndələri, o cümlədən Yaroslavldan olan Asman Hüseynov və Krasnoyarskdan olan Ayaz Məmmədov "Azərros" ətrafında yaranmış durumla əlaqədar öz münasibətini açıqlayıblar. Tədbirin sonunda iştirakçılara qoşulan Azərbaycan səfirinin müavini Qüdsi Osmanov zalda əyləşənlərə fəal iştiraka görə təşəkkür edib. Qurumun gələcəyi naminə demokratik seçkilərin vacibliyini önə çəkən Q. Osmanov qeyd edib ki, Azərbaycan dövləti və Prezident İlham Əliyev xaricdə yaşayan həmvətənlərimizin taleyinə həmişə xüsusi həssaslıqla yanaşıb. Qurultayda çıxış edən İslam Komitəsinin sədri Heydər Camal isə qurultayın nəticələri münasibəti ilə iştirakçıları təbrik edib və onlara uğurlar arzulayıb.
Abbasovun cəzalandırılması üçün Azərbaycan və Rusiya prezidentlərinə müraciət olundu
Tədbirin sonunda qurultay iştirakçıları Rusiya və Azərbaycan prezidentlərinə müraciətlər qəbul ediblər. A.Abbasovun Azərbaycan vətəndaşı olması nəzərə alınaraq, qurultay iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciətdə A.Abbasovun əməllərinin araşdırılması və onun cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq orqanlara göstəriş verməsini xahiş ediblər. Onlar, həmçinin qeyd ediblər ki, A. Abbasov qeyri-qanuni hərəkətləri ilə ona yaxın olmayan Azərbaycan diasporunun nümayəndələrinə problemlər yaradır, qurumdan şəxsi maraqları naminə istifadə edir və Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsi üçün əlindən gələni edir.
Rusiya prezidentinə müraciətdə qeyd olunub ki, Rusiyanın bəzi məmurlarının A.Abbasovun əməllərinə köməyi nəticəsində Rusiya vətəndaşları olan azərbaycanlıların hüquqları kobud şəkildə pozulur. Bununla əlaqədar qurultay iştirakçıları Rusiya konstitusiyasının qarantı olan V. Putinə müraciət edərək ondan müvafiq tədbirlərin görülməsi və məsələnin araşdırılması üçün tapşırıqlar verməsini xahiş ediblər.
Samir