PDF Oxu

Siyasət

  • 24

"Demokratiya" aşılayan Qərbin korrupsiya bataqlığı

"Demokratiya" aşılayan Qərbin korrupsiya bataqlığı

Faktlar nə deyir?

Son zamanlar Azərbaycana qarşı müxtəlif ittihamlarla çıxış edən ABŞ və bəzi Qərb ölkələri, eləcə də beynəlxalq təşkilatları ölkəmizdə gedən inkişaf və tərəqqi faktoruna qarşı təzyiq göstərdikcə, həmin siyasi dairələrin özlərinin ifşası danılmaz faktlarla ortaya çıxmaqdadır. Belə ki, Avropada və ABŞ-da tüğyan edən korrupsiya hallarını araşdırdıqca bir daha sübut olunur ki, əslində, daim Azərbaycana qarşı ikili standartlar anlayışı ilə nəzər salan "demokratik" Qərb ölkələrinin özləri korrpusiya bataqlığında çabalamaqdadırlar. Xüsusilə, insan hüquqları, söz və mətbuat azadlığı, sərbəst toplaşmaq azadlıqlarının pozulmasını iddia edən Qərb siyasi dairələri ölkəmizdə baş tutacaq I Avropa Oyunları ərəfəsində daha artıq təzyiq dilində danışmağa cəhd edirlər. Bununla bir daha sübut olunur ki, xüsusi mərkəzkər tərəfindən idarə olunan həmin dairələr, əslində bu kimi vasitələrlə öz çirkablıqlarını Azərbaycana qarşı atdıqları qarayaxma, böhtan və qərəz kampaniyaları ilə ört-badsır etməyə cəhdlər göstərirlər. Lakin yalanın ayaq tutub yerimədiyi kimi, ortada olan faktları da danmaq, əlbəttə ki, qeyri-mümkündür.

Dünyaya "ağıl verən" ABŞ-da korrupsiya ilə bağlı yetərincə fakt var

ABŞ-da korrupsiya işsizlikdən sonra ikinci ən böyük bəladır. Amerikalıların 80 faizi hesab edir ki, ABŞ hakimiyyət orqanları tamamilə korrupsiyalaşıb. Məsələn, bir qədər əvvəl Ağ Evin ən yüksək dairələri ilə bağlı 6 milyard dollarlıq bir fırıldağın üstü açılmışdı. Hələ ki bu barədə də susmağa üstünlük verilib. İllinoys ştatındakı Dikson şəhərinin maliyyə xidmətinin rəhbəri Rita Krandvellin 7 il müddətində büdcədən 9 faiz miqdarında oğurluq etdiyi, nəticədə 30 milyon dollar pul topladığı aşkarlanıb. Təkcə bu ilin əvvəlindən bəri ABŞ-da müxtəlif səviyyəli dövlət məmurlarına qarşı rüşvət ittihamı ilə 2320 cinayət işi açılıb. Bunlardan 678-i xüsusilə böyük məbləğdə rüşvət ittihamıdır. Keçən ilin oktyabrında ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin əməkdaşları ərzaq talonları ilə bağlı saxtakarlıq etdiklərinə görə korrupsiya ittihamı ilə həbs ediliblər. Belə cinayətlər saysız-hesabsızdır. Sadəcə, ABŞ-ın dünyadakı imicinə zərər vurmamaq üçün onların çoxu açılmır. Bəzən belə faktlar siyasi intriqalar üzündən açıqlanır. Məsələn, ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyninin İraqda neft sahəsində çalışan qohumlarına lobbiçilik etdiyi mətbuata sızdırılmışdı. Bu zaman kələfin bir ucu da Texasdakı neft firmasında fəaliyyətini davam etdirən prezident Buşa (kiçik) gedib çıxmışdı. Bütün bunlar dünyaya "ağıl verən" ABŞ-da korrupsiya ilə bağlı yetərincə faktların olduğunu təsdiqləyir.Nyu-Cersi ştatının senatoru, məşhur ermənipərəst siyasətçi Robert Menendez bu günlərdə cinayət məsuliyyətinə cəlb edilib. O, korrupsiya və qəsdən fırıldaqçılığın bir neçə növü də daxil olmaqla 14 maddə üzrə, o cümlədən "dövlət vəzifəsində olan zaman vəzifə durumunun şəxsi maraqları ilə bir araya sığmaması" faktının gizlədilməsi maddəsi üzrə ittiham olunur. Bütün bunlar isə ABŞ-da baş verən korrupsiya əməllərinin hamısı deyil.

OLAF: "Əgər əvvəllər Avropa fondlarından illik oğurluq yüz milyonlarla avro təşkil edirdisə, indi bu, milyardlarla ölçülür"

Avropa İttifaqının antikorrupsiya agenliyi (OLAF) apardığı təhqiqatın nəticələrini açıqlayıb: Aİ ölkələri hər il korrupsiyaya görə 323 milyard avro itirir ki, bu da təşkilatın 2014-2020-ci illəri əhatə edən 7 illik büdcəsinin üçdə birini təşkil edir. OLAF və Avropa Komissiyasının baş ədliyyə direktorunun birgə hazırladıqları hesabat Azərbaycan ictimaiyyəti üçün həqiqətən şok effekti yaradır: "Avropa strukturlarında korrupsiya ağlasığmaz miqyas alıb. Əgər əvvəllər Avropa fondlarından illik oğurluq yüz milyonlarla avro təşkil edirdisə, indi bu, milyardlarla ölçülür". Aİ ölkələrinin polis və prokurorluq orqanları tərəfindən 2013-cü ildə xidməti vəzifədən sui-istifadə və rüşvət maddələri ilə 67 800 cinayət işi açılıb. Bu, Avropa İttifaqının tarixində ən rekord göstəricidir. Baş ədliyyə direktoru Fransua Le Bay Avropa Parlamentində çıxış edərək deyib ki, " söhbətin milyonlardan deyil, milyardlardan getdiyini söyləməyə hər cür əsas var. Bu, həm də yalnız aysberqin üst tərəfidir. Daha böyük rəqəmlər əldə edəcəyik. Bu, hələ başlanğıcdır".

Almaniya prezidenti vəzifədə olduğu müddətdə 28 epizod üzrə sui-istifadə cinayətinə yol verib

Bu günlərdə Almaniyanın Hannover Məhkəməsində ölkənin sabiq prezidenti Kristian Vulfun məhkəməsi başlanıb. Vulf prezident vəzifəsində olarkən korrupsiyaya yol verməkdə ittiham olunur. İstintaq müəyyən edib ki, Almaniya prezidenti vəzifədə olduğu müddətdə 28 epizod üzrə sui-istifadə cinayətinə yol verib. Bu epizodlardan biri məhkəmənin araşdırma predmeti olub: "Bayerişer Nof" hotelinin əməkdaşları şahidlik ediblər ki, prezidentin həmin mehmanxanada yaşamasının haqqını onun tanışı olan biznesmen ödəyib və bunun əvəzində K.Vulf onun kommersiya layihələrindən birini dəstəkləyib. Bununla da "xidməti vəzifəsindən sui-istifadə edərək qazanıb". Almaniyanın sabiq prezidentini və həmin biznesmeni 3 ilədək azdlıqdan məhrumetmə cəzası, yaxud böyük məbdəğdə pul cəriməsi gözləyir. Xatırladaq ki, Vulf 2012-ci ilin fevralında vəzifəsindən istefa verməyə məcbur olub. Almaniyada Xristian Demokrat Partiyası BMV şirkətinə nəzarət edən Kvandt ailəsindən 690 min avro ianə alıb. Əvəzində Almaniya Aİ-də atmosferə atılan qazlarla bağlı kvota tətbiqinin yubadılmasına nail olub. Biberax şəhərində siçanlar üçün körpü tikilməsinə 435 min avro xərclənib. Berlində 2006-cı ildən tikilən aeroportun təhvil verilməsi hər il yubadılır və artıq xərclər 2 milyard avrodan 5,7 milyarda qalxıb. Aeroportda təkcə səliqə yaradılmasına hər ay 162 min avro xərc qoyulur. Fransada büdcə işləri üzrə nazir Jerom Kayuzak vergidən yayınmaqda ittiham edilir. O, xaricdə gizli bank hesabı açaraq burada 600 min avro toplayıb. Bunu uzun zaman gizli saxlaya bilən nazir, nəhayət, 2013-cü ildə istefa verməyə məcbur olub. İtaliyada 2013-cü ilin axırlarında məlum olub ki, Akvila şəhərinin bərpası üçün ayrılmış dövlət vəsaiti "yeyilib". 2009-cu il zəlzələsindən sonra şəhər dağılmışdı. Onun bərpasına 8 milyard avro ayrılıb. İndi məlum olub ki, tikinti smetası tutularkən xərclər 2,5-3 dəfə şişirdilib, tikilən evlər isə yaşayış üçün yararsızdır. Bununla bağlı bərpa işlərinə yaxın illərdə daha 8 milyard avro ayrılması nəzərdə tutulur.

İspaniyada korrupsiya festivalı?!

Avropa ölkələrində korrupsiya festivalı da təşkil edilir. İspaniyanın Valensiya şəhərində XVIII əsrdən qalan bir ənənə olan "La Fallas" festivalı cari ildə maraqlı görüntülərə səhnə olub. 1 milyondan artıq insanın izlədiyi festivalda çilingər və ustaların 1 illik əməyinin məhsulu olan 770 fərqli fiqurdan ibarət böyük kuklalar şəhərin dörd bir yanında nümayiş olunduqdan sonra yandırılmaq üçün şəhər mərkəzinə gətirilib. Festivalda siyasətçilər, son dövrlərdə korrupsiya ilə bağlı gündəmdə olan şəxslərin fiqurları nümayiş olunub. İspaniya Kralı VI Filip, baş nazir Mariano Raxoy, müxalif Sosialist İşçi Partiyasının lideri Pedro Sançez, maliyyə naziri Kristobal Montoro kimi bir çox siyasətçi festivalın "qəhrəmanı" olub. Korrupsiyada günahlandırılan Kral VI Filipin bacısı şahzadə Kristinanın həyat yoldaşı Palma Dükü İnaki Urdanqarinin, sabiq nazirlərdən Jordi Rujol və korrupsiya ilə bağlı həbsə alınan məşhur İspaniya sənətçisi İsabel Panjoyanın da fiqurları böyük maraqla qarşılanıb.

Belçika və Niderland - yarım trilyon dollar necə yoxa çıxdı?

Korrupsiyada adı hallanan ölkələrdən biri də Belçikadır. Bu ölkənin Valoniya bölgəsinin iqtisadiyyat naziri Serge Kubla korrupsiya ilə bağlı həbs edilib. İstintaq nəticəsində aydın olub ki, Kublanın lotereya çəkilişlərinə təsir edəcək insanlara pul verərək satın alıb. Bununla bağlı Kublanın Konqoda lotoreya oyunlarını təşkil etmək üçün sabiq lider Alfonso Muzitonun həyat yoldaşına 20 min avro verdiyi və ümumilikdə 500 min avroluq bir ödəniş planlandığı iddia edilib. Niderlandda isə hasil edilən qazın satışından əldə olunan vəsaitlər xüsusi fondlara qoyulur ki, gələcək nəsillərə saxlanılsın. Lakin bir müddət öncə həmin fondların hesabına baxış keçirilərkən aydın olub ki, yarım trilyon dollar naməlum istiqamətdə xərclənib.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər