PDF Oxu

Siyasət

  • 22

Con Kerriyə məktub yazanlara bir neçə vacib xatırlatmalar...

Con Kerriyə məktub yazanlara bir neçə vacib xatırlatmalar...

Bildiyimiz kimi, bu ilin iyun ayında Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edəcək. Ona görə də, bəzi qərəzli dairələr, beynəxalq QHT-lər və dağıdıcı ünsürlər "fəaliyyətlərinin" əsas hissəsini yarışın əhəmiyyətini azaltmağa, Azərbaycanın uğurlarını inkar etməyə yönəldiblər.

2012-ci ildə "Eurovision" Mahnı Müsabiqəsi ərəfəsində olduğu kimi, 2015-ci ildə də həmin qüvvələr eyni ssenari üzrə hərəkət edirlər. Erməni lobbisinin təsiri altında olan, lakin ictimai düşüncəyə təsir imkanına malik olmayan dünya KİV-lərində anti-Azərbaycan materialları dərc edilir, Azərbaycandakı "5-ci kolon" vasitəsilə erməni maliyyəsilə fəaliyyət göstərən beynəlxalq QHT-lərə göndərilən donoslar əsasında saxta, reallıqdan uzaq hesabatlar hazırlanır. Bununla da, Azərbaycanın nailiyyətlərinə kölgə salmağa çalışan qərəzli dairələr dünya ictimai düşüncəsində ölkəmizlə bağlı fərqli mənzərə yaratmağa cəhd göstərirlər.

Belə cəhdlərdən birini də bu günlərdə reallaşdıran antiazərbaycançı şəbəkənin üzvləri ABŞ-ın dövlət katibi Con Kerriyə məktub göndəriblər. Əlbəttə ki, bu yazıda həmin məktubda qeyd olunanları bir daha təkrarlamaq fikrimiz yoxdur. Lakin aydın mənzərənin yaranması üçün məktubda adı keçənlərin kimliyi haqqında, Azərbaycandakı real vəziyyət fonunda Qərb dövlətlərində mövcud olan situsiyanı aydınlaşdırmaq istərdik.

ABŞ-ın və NATO ölkələrinin siyasi-hərbi müdaxiləsinə əsas yaradan təşkilat

Qeyd edək ki, Con Kerriyə göndərilən məktubu imzalayanlar arasında hər zaman Azərbaycana qarşı qərəzli mövqeyilə seçilən "Human Rights Watch" təşkilatı da var. Bu, həmin təşkilatdır ki, vaxtaşırı erməni lobbisinin maliyyə dəstəyilə Azərbaycanın demokratik imicini ləkələməyə cəhd göstərən hesabatlar yayır və dünya ictimaiyyətini çaşdırmağa çalışır. Amma dünya ictimaiyyəti də bilməlidir ki, "Human Rights Watch" adlı təşkilat nəyə və kimlərə xidmət edir?

Apardığımız qısa araşdırmadan bəlli olur ki, "Human Rights Watch" təşkilatı 1978-ci ildə "Helsinki Watch" qrupunun bazasında yaradılıb. Bu təşkilatın yaradılmasında əsas məqsəd "Soyuq müharibə" dövründə keçmiş SSRİ daxilində ABŞ və Avropa ölkələrinin siyasi maraqlarını təmin etmək idi.

Məhz qeyri-hökumət təşklilatı adı altında "Human Rights Watch" "insan hüquqları müdafiəçilərinin" Moskva, Varşava və Praqa qruplarına hər cür dəstəyi verirdi. Elə bunun nəticəsi idi ki, keçmiş SSRİ-nin böyük şəhərlərində hakimiyyətə itaətsizliyə çağırışlar səslənməyə və dövlətlə vətəndaşlar arasında münasibətlərin soyudulmasına yönələn addımların atılmasına rast gəlinməyə başlandı.

"Human Rights Watch" təşkilatının kimlərə və nəyə xidmət etdiyini andınlaşdırmaq üçün təkcə onun maliyyələşmə mənbəyinə fikir vermək kifayət edir. Araşdırmalardan bəlli olur ki, rəsmi sənədlərdə təşkilat könüllü olaraq verilən ianələr hesabına maliyyələşir. Amma sirr deyil ki, təşkilatı maliyyələşdirənlər arasında xüsusi xidmət orqanları və Qərbin maraqlarına işləyən fərdlər, yaxud təşkilatlar da var. Məsələn, təkcə onu qeyd etmək kifayətdir ki, 2010-cu ildə Corc Soros təşkilatın hesabına 100 milyon dollar keçirib. Soros bu addımı ilə bildirib ki, təşkilatın gələcək 10 il üçün fəaliyyətinə dəstək verir və 2011-ci ildə Yaxın Şərq və Şimali Afrikada bu təşkilatın xəttilə nələrin baş verdiyini hər kəs aydın şəkildə gördü. Bu mənada qeyd edək ki, "Human Rights Watch" təşkilatının əsas gəlirlərinin 75 faizi Şimali Amerikadan, 25 faizi isə Qərbi Avropadan daxil olur. Burada isə, əlbəttə ki, erməni lobbisi öncül mövqedə durur.

Ümumiyyətlə, "Human Rights Watch" təşkilatının qərəzli fəaliyyətilə bağlı bu gün dünya ictimaiyyətində yetərli qədər bilgi var. Lakin təşkilatın öz rəsmilərindən bu etirafları eşitdikcə, həmin bilgilər daha da şəffaflaşır və insanlarda bu təşkilatın qərəzli fəaliyyətinə dair obyektiv fikir formalaşır. Belə ki, 19 oktyabr 2009-cu ildə "Human Rights Watch"un təsisçisi və ona 20 il rəhbərlik etmiş fəxri nümayəndə Robert Bernşteyn təşkilatın mövqeyinə görə kəskin bəyanatla çıxış etmişdi. O, ərəb-İsrail münaqişəsinə münasibətdə qərəzli mövqe tutması məsələsinə toxunaraq deyirdi ki, artıq "Human Rights Watch" fəaliyyət sərhədlərini itirmək üzrədir: "Bu daha çox onun Yaxın Şərq fəaliyyətində sezilir. Bu regionda avtoritar rejimlərin olmasına baxmayaraq, daha çox İsraili tənqid edir".

1969-cu ildən 1982-ci ilədək hüquq-müdafiə hərəkatında iştirak etmiş Oleq Popov isə təsdiqləyirdi ki, "Human Rights Watch" NATO ölkələrinin, ilk növbədə isə, ABŞ-ın digər dövlətlərin daxili işlərinə qarışmaqda onlara kömək edir. Təşkilat informasiya-təbliğat funksiyasını yerinə yetirməklə, onlar üçün siyasi, iqtisadi, diplomatik, hətta hərbi müdaxilə üçün şərait formalaşdırır.

Beləliklə, "Human Rights Watch" birbaşa olaraq, kimlərdən maliyyələşdiyini gördük və nəyə xidmət etdiyini də çılpaqlığı ilə açıqladıq. Bunu əlbəttə ki, digər bu kimi təşkilatlar haqqında da demək olar.

Məhz bu faktlara görədir ki, dünyada "Human Rights Watch"un fəaliyyətini kəskin tənqid edirlər. Bu tənqidlər isə əsasən iki qrupda olur: 1) informasiyaya seçim mövqeyindən yanaşma və 2) ideoloji mənimsəmə. Yəni, bir çox dövlətlər, eləcə də, təşkilatlar bildirirlər ki, "Human Rights Watch" hazır və konkret formalaşdırılmış "hesabatlarla" işləyir. Qeyd edilir ki, bu təşkilat pul qazanmaq üçün müəyyən bölgələri və dövlətləri hədəf seçib. Xüsusilə də, münaqişə və fikir ayrılığı olan ərazilərdə qrant biznesini qurub.

Göründüyü kimi, adıçəkilən təşkilatın fəaliyyətinin əsasında maddiyyat prinsipi durur. Elə bu səbəbdən də, çəkinmədən demək olar ki, ikili standartlar, şantaj və qarayaxma "Human Rights Watch" və bu kimi məktuba imza atmış digər təşkilatların fəaliyyət fəlsəfəsidir.

Cinayətkarlar nə vaxtdan "siyasi məhbus" olur?

Məktubu imzalayanlar, eyni zamanda, guya Azərbaycanda insan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmaq üçün konkret cinayət əməllərinə görə həbs olunmuş, lakin erməni lobbisinin təsiri altında olan təşkilatların siyasi direktivlərini yerinə yetirmiş, amma sona çatdıra bilməmiş antimilli ünsürlərin də adını çəkməyi unutmayıblar. Daha çox erməni kəşfiyyat orqanlarına işləyən, Azərbaycanda qarşıdurma yaradılması üçün təhlükəli oyunlara girən Rəsul Cəfərovun adını çəkirlər. Amma düşünmürlər ki, həm Azərbaycan ictimaiyyəti, həm də müəyyən dərəcədə dünya mediası bilir ki, Rəsul Cəfərov kimdir. Bu, həmin Rəsul Cəfərovdur ki, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunur. Əminliklə deyə bilərik ki, Rəsul Cəfərov, Leyla Yunus, Xədicə İsmayıl və başqaları anti-Azərbaycan qüvvələrin ölkəmizin əleyhinə hazırladığı planların tərkib hissələridir. Ona görə də, sual yaranır ki, konkret cinayət əməlinə görə həbs olunan bu antimilli ünsürlər hansı parametrlərə görə "siyasi məhbus" adı alırlar? Eyni zamanda, xüsusi vurğulanmalıdır ki, həmin cinayətkarlara "siyasi məhbus" deyə müraciət edən yalnız "Human Rights Watch" və "Amnesty İnternational" təşkilatlarıdır. Onların da erməni lobbisinə işlədiyini açıq şəkildə bilirik. Ortaya belə bir məntiq çıxır ki, erməni lobbisinə işləyən təşkilatların "siyasi məhbus" adlandırdığı cinayətkarlar da ermənilərin maraqlarına xidmət edirlər. Aydın olur ki, məktubda göstərilən kateqoriya üzrə adı çəkilən antimilli ünsürlər də Azərbaycana təzyiq etmək üçün maşa rolunu oynayırlar.

Azərbaycanda vətəndaş cəmiyyəti və hüququn aliliyi fundamental dəyər prinsipinə çevrilir

Məktubu göndərənlər iddia ediblər ki, guya Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələri təzyiqlərə məruz qalır və s. Lakin əslində, reallığın fərqli olduğunu elə həmin məktuba imza atanlar da bilirlər. Çünki Azərbaycan iqtisadi sahədə xeyli irəliləyərək dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmaqla yanaşı, həm də vətəndaş cəmiyyətinin qurulması istiqamətində bir çox nailiyyətlər əldə edib. Güclü dövləti şərtləndirən amillərdən birinin güclü vətəndaş cəmiyyəti olduğunu nəzərə alaraq, Azərbaycan bu sahənin inkişafına xüsusi diqqət ayırıb, vətəndaş cəmiyyəti təsisatlarının dövlət tərəfindən dəstəklənməsinə dair konkret mexanizmlər formalaşdırılıb, insan haqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə Milli Fəaliyyət Proqramı qəbul edilib. Eyni zamanda, 2007-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası" təsdiqlənib, bu konsepsiya ölkədə QHT sektorunun inkişafının yeni mərhələsinin başlanması üçün baza prinsiplərini müəyyənləşdirib. Elə həmin ildə də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılıb. Bununla da dövlət cəmiyyətdə yeni münasibətlər modelinin formalaşdırılması, vətəndaş cəmiyyəti institutlarının müasirləşdirilməsi, vətəndaş təşəbbüsünün artırılması, milli maraqların qorunması sahəsində QHT-lərin fəaliyyətinin təşviq edilməsi, onların sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunması, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən proqram və layihələrin maliyyələşdirilməsi istiqamətində tarixi addım atmış oldu. Əlbəttə ki, bu gün artıq əminliklə deyə bilərik ki, Azərbaycan dövləti vətəndaş cəmiyyətinin inkişafına yönələn siyasət çərçivəsində ölkədə insan haqları və azadlıqlarının müdafiəsini daha da gücləndirib.

Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının qəbul edilməsi isə Azərbaycanın Yaxın Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı təşəbbüsləri çərçivəsində yaxın əməkdaşlıq etdiyi Avropa İttifaqı, habelə ATƏT tərəfindən insan haqlarının qorunması istiqamətində mühüm addım kimi qiymətləndirilib.

Beləliklə, vətəndaş cəmiyyətinin dəstəklənməsinə yönələn siyasət Azərbaycanın mütərəqqi sosial siyasəti, inkişaf etmiş iqtisadiyyatı və regionda möhkəmlənmiş mövqeyi olan müasir və demokratik ölkəyə çevrilməsinə dair ölkə Prezidentinin seçdiyi strateji xəttin həyata keçirilməsinə xidmət edir. Ona görə də, qərəzli dairələrin, anti-Azərbaycan qüvvələrin ölkəmizə yönəlik qara piar kampaniyasının heç bir əsasının olmadığını üzə çıxarır. Onların bu iftirası və böhtanı əlbəttə ki, erməni lobbisinin maraqlarına xidmət edən "beşinci kolon"un qanunazidd fəaliyyətinə qanun çərçivəsində imkan verilməməsi ilə əlaqədardır. Bu səbəbdən də, Azərbaycana insan hüquqları və vətəndaş cəmiyyəti sahəsilə əlaqədar təzyiq etməyin mümkün olmadığı isbatlanır.

Azərbaycan gəlirlərin yüksək şəffaflığı ilə fərqlənən dövlətlər sırasındadır

Anti-Azərbaycan qüvvələrin ölkəmizə demokratiya, insan hüquqları sahəsində təzyiqlərin faydasız olmasını başa düşərək, məktubda korrupsiya və şəffaflıqla bağlı da cəfəngiyat irəli sürüblər. Lakin həyata keçirilən tədbirlərdən, hətta Avropa institutlarının hesabatlarından da aydın olur ki, bu iddialar böhtandan başqa bir şey deyil. Çünki Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsi üzrə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələri qurub və BMT, Avropa Şurası, OECD, "Transparency İnternational", Beynəlxalq Antikorrupsiya Akademiyası və digər beynəlxalq təşkilatlarla işbirliyi buna uğurlu nümunədir. Eyni zamanda, Azərbaycan Açıq Hökumət Tərəfdaşlığı beynəlxalq təşkilatına və Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulan ilk ölkələrdən biridir.

Hətta "Transparency İnternational" təşkilatının hazırladığı Qlobal Korrupsiya Barometri Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olduğunu qeyd edir. Bu hesabata əsasən Azərbaycanda respondentlərin 70 faizə qədəri hesab edir ki, korrupsiyaya qarşı dövlət tərəfindən həyata keçirilən mübarizə tədbirləri səmərəlidir. Bu da dünya ölkələri üzrə müəyyən edilmiş göstəricidən artıqdır. Bununla yanaşı, Gəlirlərə Nəzarət İnstitutu və Beynəlxalq Şəffaflıq Təşkilatı hökumətlərin neft, qaz və mədən sənayesində idarəetmənin şəffaflığının ilk qiymətləndirilməsinə dair hesabatında da qeyd edilmişdi ki, təbii resursların əsas istehsalçısı olan ölkələr arasında əsaslı müqayisəyə imkan verən Gəlirlərə Nəzarət İndeksinə görə Azərbaycan Amerika Birləşmiş Ştatları, Cənubi Afrika Respublikası, Malayziya, Çin, Səudiyyə Ərəbistanı, Küveyt kimi ölkələri qabaqlayaraq 9-cu sırada yer tutub. Azərbaycan Braziliya, Norveç, ABŞ, Çili, Rusiya və digər bir neçə ölkə ilə birlikdə gəlirlərin yüksək şəffaflığı ilə fərqlənən dövlətlər sırasında olub.

Qeyd edək ki, MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. 2003-cü ildə bu təşəbbüsə qoşulan Azərbaycan mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində Şəffaflıq Təşəbbüsünün tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. Təşəbbüsün prinsip və meyarlarına tam cavab verən ölkə olduğuna və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycan "2009-cu il MHŞT mükafatı"na layiq görülüb.

Həmçinin, korrupsiyaya qarşı mübarizə sahəsində də Azərbaycan dünyanın nadir ölkələrindədir ki, burada Prezident yanında Korrupsiya ilə Mübarizə Komissiyası, Baş Prokurorluq yanında Korrupsiya İdarəsi fəaliyyət göstərir. Eyni zamanda, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan brendi sayılan "ASAN xidmət" fəaliyyətə başlayıb. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycanda korrupsiya ilə mübarizə dünya ölkələrinin böyük əksəriyyətində müşahidə edilməyən səviyyədədir. Hətta Azərbaycan bu sahədə Qərbi Avropa ölkələrinin bir çoxunu geridə qoyur. Ona görə də, bu məsələlərlə bağlı antimilli qüvvələrin Azərbaycana atdığı iftiralar və böhtanlar da əsassız və nəticəsiz olaraq qalacaq.

Özümüzə borc bildiyimiz xatırlatmalar...

Göründüyü kimi, Azərbaycanda bütün sahələrdə vəziyyət heç də qərəzli dairələrin iddia etdiyi kimi deyildir. Əksinə daha da yaxşı, hətta onların xidmət etdikləri ölkələrdən irəlidədir. Bəzən antimilli qüvvələr Qərb ölkələrində müşahidə olunan neqativ halları Azərbaycan kimi ölkələrə transformasiya etməyə çalışırlar. Çünki onların geriləməsi fonunda Azərbaycanın dinamik inkişafını qoruyub saxlaması qərəzli dairələrin mənafeyinə ziddir. Bu səbəbdən də hər fürsətdə ölkəmizə qara yaxmağa, uğurlarına kölgə salmağa və demokratik imicinə zərbə vurmağa cəhdlər olur. Bu qara piar kampaniyanı reallaşdıran "Troya atları" isə Qərbdəki vəziyyətə məqsədli şəkildə "arxa" çeviriblər. Ona görə də, onlara yenidən bəzi xatırlatmaları etməyi özümüzə borc bilirik.

1. Rasizm - bu gün Avropada rasizm tendensiyasının sürətlə genişləndiyinin şahidiyik. Xüsusilə də, köçəri xalqlara qarşı Yunanıstanda, Çexiyada və Fransada elə bir vəziyyət yaranıb ki, onlara millətçilər tərəfindən hücumlar olduqda belə polis hadisələrə müdaxilə etmir, hətta məhkəmə və cinayət-axtarış prosesləri formal olaraq keçirilir. Bu baxımdan Almaniyada vəziyyət daha da ağırdır. Hətta diskriminasiya ilə mübarizə təşkilatının keçirdiyi rəy sorğusunun nəticəsində bəlli olub ki, almanların böyük hissəsi köçəri xalqların xüsusi yerlərə köçürülməsinin, həmçinin, deportasiyasının tərəfdarıdır.

2. İslamafobiya - Avropa ölkələrində və ABŞ-da islam dininin daşıyıcıları da təqiblərə məruz qalırlar. Xüsusilə, Fransada, Almaniyada, Belçikada, Niderlandda, İsveçrədə və İspaniyada müsəlmanlar gündəlik həyat şəraitində təhqirlərlə, hətta fiziki zorakılıqlarla qarşılaşırlar. Hətta müsəlman qadınlar və kişilər geyimlərinə, fiziki görünüşlərinə görə iş tapmaqda çətinlik çəkirlər. Eyni zamanda, Avropa ölkələrinin bir çox məscidlərin tikintisi dayandırılıb, hətta layihə olaraq ortadan qaldırılıb. Bununla yanaşı, Avropada islama qarşı hərəkatlar və informasiya-təbliğat vasitələri də genişləndirilib. Tez-tez B.Britaniyada müsəlman qadınlarına hücumların olması, Fransada və Belçikada məscidlərin yandırılması, peyğəmbərlərin təhqir olunması, eyni zamanda, bu ilin fevral ayında ABŞ-da, Şimali Karolinada 3 müsəlman tələbənin dini zəmində qətlə yetirilməsi, növbəti gün isə Texasdakı Müsəlman Mərkəzinin yandırılması onu göstərir ki, İslamafobiya qərblilərin həyat tərzinə çevrilməkdədir.

3. Ksenofobiya - Təhlillər göstərir ki, Avropada ksenofobiya əvvəlki illərə nəzərən daha da genişlənib. Köçəri xalqların və Afrikadan gəlmiş miqrantların 55 faizi bildirir ki, Avropa ölkələrində onlara qarşı zorakılıq geniş yayılıb, 37 faizi deyir ki, irqi diskriminasiyanın qurbanı olub. Məhz keçirilmiş sosioloji sorğunun yekunu olaraq ortaya çıxan məntiq ondan xəbər verir ki, son müddət ərzində Avropa ölkələrində diskriminasiya və rasizm xarakterli cinayətlərin sayı xeyli artıb. Məsələn, Almaniyada türklər, balkan əsillilər daha çox təzyiqlərə məruz qalırlar. Almaniyada yaşayan türklərin 52 faizi, Balkan əsillilərin isə 46 faizi hesab edir ki, bu ölkədə ksenofobiya "çox yüksək" səviyyədə inkişaf edir". Məhz bu baxımdan fikri öyrənilmiş insanların hər 4-dən biri onlara kömək edəcək dövlət və qeyri-dövlət qurumunun olmadığını söyləyir.

4. Antisemitizm - Son vaxtlar Avropada antisemitizm əhval-ruhiyyəsi də yüksəlib. Almaniyada, İspaniyada, B.Britaniyada, Polşada, Macarıstanda, Avstriyada və Fransada aparılmış rəy sorğularının nəticələrinə əsasən demək olar ki, yəhudi əsilli iş adamlarının dünya iqtisadiyyatında yüksək rol oynaması onlara qarşı Avropada nifrətin oyanmasına gətirib çıxarır. Tuluzada, Elzasda və digər şəhərlərdə son müddət ərzində 55 antisemitizm faktı qeydə alınıb. Lakin bu olaylara qədər son 20 ay ərzində hələ bir dənə də olsun belə bir fakta rast gəlinməmişdi.

5. Korrupsiya - Avropa ölkələrində və ABŞ son müddət ərzində korrupsiyanın da miqyası maksimum həddə çatıb. Avropa Antikorrupsiya Agentliyinin məlumatına görə, bu məkanda korrupsiya halları görünməmiş həddə çatıb. Qeyd olunur ki, əgər əvvəllər Avropa fondlarından milyonlarla vəsait mənimsənilirdisə, hazırda bu rəqəm milyardlarla ölçülür. Aİ ölkələri korrupsiyaya görə hər il 323 milyard avro itirirlər. Bu da əlbəttə ki, Aİ-nin 2014-2020-ci illər büdcəsinin 1/3 hissəsini təşkil edir. Korrupsiya hallarına görə, hüquq-mühafizə orqanları tərəfindən 67 800 iş açılıb. Bütün bunlar isə Avropa tarixində rekord hesab edilir. Avropa Komissiyası da rəsmi olaraq etiraf edib ki, Avropa strukturlarındakı korrupsiya halları lazımsız layihələrə silinən maliyyə vəsaitlərindən formalaşdır. ABŞ-da isə korrupsiya işsizlikdən sonra ikinci ən böyük bəladır. Amerikalıların 80 faizi hesab edir ki, ABŞ hakimiyyət orqanları tamamilə korrupsiyalaşıb. Yəni bu faktlardan da aydın görünür ki, Avropada və ABŞ-da korrupsiya dövlət səviyyəsində müşahidə olunan prosesdir.

Bir sözlə, Avropa və ABŞ heç də onların təqdim etdiyi kimi gözəl və şəffaf deyildir. Onlarda daha çox insan hüquqlarının pozulması hallarına rast gəlinir. Ona görə də, Azərbaycandan Con Kerriyə məktub yazanlara, məsləhət görərdik ki, bu problemlərə diqqət ayırsınlar və maliyyələşdikləri strukturların şəffaflığına çalışsınlar, bir daha başqa ölkələrin daxili işlərinə qarışmasınlar.

Con Kerri bu məktubu ciddi qəbul etməyəcək

Aparılmış təhlilin nəticəsi olaraq, deyə bilərik ki, məktubda Azərbaycana qarşı işlədilmiş hər bir fikir təbii olaraq böhtan xarakterlidir. Digər tərəfdən, bu gün dünyada Azərbaycanın regional və qlobal miqyasda əhəmiyyətinin artması, ölkəmizin enerji təhlükəsizliyi məsələsində vacib rol oynaması dünya ölkələri, xüsusilə də, ABŞ tərəfindən yüksək qiymətlədirilir. Eyni zamanda, Azərbaycanın qlobal təhlükəsizlik məsələlərində ABŞ-la çiyin-çiyinə durması, beynəlxalq sülhyaratma missiyalarında iştirak etməsi iki ölkəni strateji tərəfdaşa çevirib. Bu faktorları, əlbəttə ki, B.Obama administrasiyası, həmçinin, dövlət katibi Con Kerri də nəzərə almamış deyil. Ona görə də, düşünürük ki, ABŞ-Azərbaycan strateji müttəfiqliyi və münasibətləri yazılan böhtan dolu məktubun cavabsız qalmasına səbəb olacaq.

Bir neçə fikir də məktuba imza atmış "azərbaycanlılar" haqqında

Məlum olduğu kimi, məktuba imza atanlar arasında AZAD Amerikalı Azərbaycanlılar təşkilatından Elmar Şahtaxtinski və Qorxmaz Əsgərov adlı "azərbaycanlılar" da var. Təbii ki, bizim onlara "niyə imza atdınız?" sualını vermək fikrimiz yoxdur. Çünki erməni lobbisinin maliyyəsilə dolanmaq, pula görə vətənini satmaq onların həyat tərzinə çevrilib. Amma istənilən halda bu günə qədər ermənilər tərəfindən qətlə yetirilən 1 milyondan artıq azərbaycanlının, Xocalıda amasızcasına öldürülən 613 nəfərin - qocaların, uşaqların, qadınların ruhu nə qədər satqın olsalar da, onları riqqətə gətirməlidir. Onlar Azərbaycanın əleyhinə deyil, əksinə, ermənilərin "Böyük Ermənistan" xülyasına görə, doğma yurd-yuvasından qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsinin təşkilinə, soydaşlarımıza qarşı hazırkı Ermənistanın kriminal rəhbərliyinin həyata keçirdiyi etnik təmizləmə siyasətinə etirazına görə məktub göndərməli və Sarkisyan hakimiyyətinə qarşı sanksiyaların tətbiqinə çağırış etməli idilər. Əlbəttə ki, bunları etmək üçün insanda ən azı vətənpərvərlik hissi olmalıdır. Əgər yoxdursa, elə yekun da dəyişməz olaraq qalacaq. Sonda məyus olanlar erməni lobbisilə yanaşı, "vətənin pərvəri" olmayanlar da olacaq. Bu, qaçılmazdır...

"Səs" Analitik Qrupu

Digər xəbərlər