"Avropa Parlamentinin qondarma "erməni soyqırımı" haqqında qəbul etdiyi qətnamə siyasi baxımdan acı təəssüf hissi doğurduğu kimi, hüquqi baxımdan da absurddur". SİA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib.A. Quliyevin sözlərinə görə, hamı bilir ki, avropalı deputatların bu qərarı qərəzli və tarixi faktlara söykənmədiyi üçün heç bir təsir gücünə malik deyil: "Avropa Parlamentinin bəzi üzvləri tarixə ədalətli və obyektiv baxış sərgiləmək məqsədilə bu qətnaməni qəbul etdiklərini deyirlər. O zaman onlardan soruşmaq lazım. 23 il əvvəl hamının gözü qarşısında baş vermiş və aydın və dəqiq faktlarla sübuta yetirilmiş, eyni zamanda Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən etiraf edilmiş Xocalı soyqırımı haqqında Avropa Parlamenti nə vaxt qətnamə qəbul edəcək? Yaxud BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və icrası məcburi olan 4 qətnamənin icrasını təmin etməyən işğalçı Ermənistana qarşı nə zaman siyasi və ya iqtisadi sanksiyalar qəbul edəcək? Əgər Avropa Parlamenti az da olsa ədalətlilik və obyektivlik prinsipinə hörmət edirsə, yaxın zamanlarda dediyim qətnamələri qəbul edərək, özünün qərəzli olmadığını sübut etməlidir. Görək Avropa Parlamenti belə bir cəsarət nümayiş etdirəcəkmi? İnanmaq çox çətindir".
sia.az